09 yanvar 2022 14:11
3237

Coşqulu Vətən sevgisi ilə yaddaşlarda qalan Coşqun Məmmədov FOTO

Analar oğul dünyaya gətirəndə sevinər, atalar fərəhlənər, qürurlanar… «Oğul düşmən çəpəridir» deyib ulularımız. Hələ qundaqdaikən oğlan uşaqlarının beşiyinin başında dayanıb körpə balasına  lay-lay çalanda, dilini oxşayıb «İgid balam, qorxmaz balam, ay lay-lay» deyərdi nənələrimiz. «Qorxaqdan oğul olmaz» deyərdi babalarımız. Hətta əsgər getməyənlərə qız belə verilməzdi. «Ər olsaydı, oğul olsaydı, əsgər gedərdi» deyib belələrindən yan keçərdi qızlarımız. Vətənə namus dedik. «Vətənin keşiyində namusla duranlar bir el qızının da qeyrətini namusla çəkər»,- dedik oğullarımıza. Oğlanlarımıza nəsihət edəndə «Türkün törəsi, adət-ənənəsi var. Türk əsgər doğulub, ər kimi Şəhid olar» nəsihətini etdik.

Bilmirəm, Coşquna anası hələ uşaqkən ona alqış edəndə «Görüm səni  əsgər gedəsən» kəlməsini  nə qədər deyib. Deyibsə, görəsən, indi bir zamanlar oğluna etdiyi bu alqışa, xoş niyyətə  görə  heç özünü qınayıbmı, qarğıyıbmı? 

Tanrıdanmı, taledənmi, anaya oğlunu müharibəyə  yola salmaq da qismət olub... Bəlkə də öz –özünü qınayıb, özünü qarğıyıb: «Dilim quryadı, lal olaydım sənə belə  qarğıdığım yerdə» deyib də... Oğlunu cəbhəyə yola salan ananın  gözlərindən axan yaş üzündə şırım açıb. Amma ana  qürurunu sındırmayıb, özünü şah tutmağa çalışıb. Oğulu təkcə ailə üçün  böyütmürlər, onu Vətən üçün  böyüdürlər. Vətəni qorusun, Vətənə sipər olsun!

Coşqunu  cəbhəyə yola salarkən son anada  bir anlığa geri dönüb körpəsini qucaqlayıb, onun ətrini sonuncu dəfə nəfəs dolusu ürəyinə çəkəndə anasının əlacı olsaydı, öz canını çıxarıb Coşqunun əyninə canından can geyindirərdi. Öz gözünü çıxarıb ona pay verərdi ki, ona tuş olan düşmən  gülləsini görmək üçün gözü dörd olsun. Ürəyini çıxarıb sinəsinə taxardı ki, balasının ürəyi  daha təpərli olsun. Ciyərini söküb Coşqunun ayağına çarıq əvəzi edrərdi ki, ayağı isti olsun… Ana oğlunu yola salarkən «Analar qurban demir, analar qurban olur» deyib, gözünün işğının başına üç dəfə  fırlanaraq: «Dünay malından qurban demirəm, canım sənə fəda olsun, oğlum. Get düşmanı yerində oturt, ötgəm ol. Vətənin də bizim də üzümüzü ağ et». Coşqunun da ürəyi qəzəbdən, kindən coşdu… Yumruğunu düyünlədi, qəzəb püskürdü düşmənə… «Beşikdəki körpəsini göstərib yurdumda yurdçum var, anam. Şəhid olsam, onu qorxaq, əlacsız, yazıq böyütməyin. Döyüşçü adına laiq böyüdün» ,- dedi. Dedi və Vətənin oğlu Vətənin müdafiəsinə getdi…

Ana ürəyi narahat olur. Qanı, canı ilə bəsləyib böyütdüyü balasını  yola salıb gecəni rahat ola bilmədi. Yuxusunu qarışdırdı… Atası  yatğında rahatlıq tapmadı, səhəri diri açdı…

Səhər yerindən durub Coşqun gedən yollara baxdı. Tanrıya əl açdı… yalvardı… «Sənə bir qurban lazımdırsa, al mənim canımı. Coşqunu o körpə balasına  bağışla. O əl boyda günahsısz  körpəni atasız qoyma» dedi.  Kənd yollarında, bağçalarda  oğlunun  ayaq izlərini axtardı… Dizini torpağa qoyub balasının gəzdiyi torpağı öpdü, yaladı…Tanrıdan oğlunu istədi… onunla  bağlı xatirləri göz yaşı ilə çimizdirdi...

Özünə təsəlli verərək: “Nə yaxşı ki, bir nişanə, onun yolunu gedecək bir oğul qoyub gedib» deyə  Allahına şükr etdi Ana!

Ana müharibəni lənətlədi. Ana od saçan, ölüm gətirən silalharı qarğıdı. Ana erməniyə nifrət yağdırdı…

Onun ürəkləri parçalayan, sinələri dağlayan həyat  hekayəsi qısa olsa da, çox şərəflidir. Bir ailənin oğlu kimi doğulub vətənə dirək oldu. Özü yaşamadı, Vətəni yaşadanlardan oldu…Ömürünü Vətənə qurban verənlərdən oldu. Coşqun halal zəhmətlə böyüyən, şərəfli bir ailənin oğlu idi. Elə, bəlkə də, kökə bağlılıq, hallılq, dürüstlük, haqq-ədalət ona gendən keçmə, qandan gəlmə olduğu üçün ömrün qısası ilə də kifayətlənməyi bacardı. Bu fani dünyadan beş əllə yapışmadı. Az yaşadı, kişi kimi yaşadı. Babası Əvəz kişi həmişə zəhməti, şərəfi, namuslu yaşam tərzi ilə insanlara nümünə göstərilən bir kişi  idi. Coşqun da Vətən sevgisi, qəhrəmanlığı  ilə nümunə olanlardan ola  bildi. Ucarda köhnə kişilərdən az adam tapılar ki, babası Əvəz kişini tanımasın. Ucar Pambıqtəmizləmə zavodunda fəhlə işləyirdi. Düz sözünə, əməksevərliyinə, ən başlıcası, vicdanlı adam olduğuna görə keçmiş rayon Partiya Komitəsinin büro üzvi kimi fəhlə sinfini şərəflə təmsil edirdi. O zaman  onlar iki kişi idi. Əvəz Məmmədov və Heydər Hacıyev. Onların iştirakı ilə keçirilən büro iclaslarında haqqsızlıq etməyə heç bir birinci katib, üzə durmağa heç bir ləyaqətsiz cəsarər etməzdi. Yaxşı bilirlərdi ki, bu iki kişinin cəsarətli sözü, prinsipial mövqeyi ilə istədiklərini keçirə bilməyib ifşa olunacaqlar. İpə sapa yatamayan əsl kişi, haqq adamları idi  rəhmətliklər. Kişi adına zinət kişilər idi…

Coşqun Məmmədov  belə bir ailədə  9 mart 1994 cü il də dünyaya gəlmişdi. Gözünü açıb ağlı söz kəsəndən, atası,  babası ədalətli, dürüst olmağı, halal yaşamağı tövsiyə etdilər Coşquna. Vətən sevgisindən, el qeyrətindən danışdılar. Vətən kişinin şərəfi, torpaq onun namusudur dedilər…Şərəfsiz yaşamaqdansa, ölüm yaxşıdır dedilər. Ölümün yolun öyrətdilər körpələrinə. Ölümsüzlüyə gedən yolu göstərdilər Coşquna. Bax beləcə, kiçik bir bədəndə Vətən üçün döyünən böyük bir ruh böyüyürdü. Vətən üçün, dövlət üçün böyüyürdü. Yarımçıq , qorxaq böyümürdü. Mərd böyüyürdü. Aslan parçası kimi böyüyürdü…

2000-ci ildə Ucar şəhər 5 nömrəli məktəbə gedən Coşqun Məmmədov 2011-ci ildə  həmən məktəbin 11- ci sinifini bitirib. 2012-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılıb. Naxçivan Muxtar Respublikasının Şahbuz rayonunda  hərbi xidmət keçən Coşqun Məmmədov əsgərlikdən əsl vətənpərvər, ürəyi  Vətən, qisas üçünü döyünən yetkin bir gənc kimi qayıdır. Torpaqlarımızı işğalda saxlayan erməni  qəsbkarlarına  qarşı intiqam hissi ilə yaşayan  Coşqun  Məmmədovun bir arzusu vardı, hərbçi olub, işğlada olan torpaqlarımızın azadlığına nail olmaq… Çox təssüf ki, Coşqun  o zaman bu arzusunu həyata keçirə bilmir. 2020-ci ilin isti yay günlərində xalqın ürəyi qəzəb, intiqam hissi ilə alışıb yananda, ürəklərdə vətən, torpaq təssübkeşliyi coşub daşanda Coşqun da evdə sakit dura bilməyib Hərbi Səfərbərlik İdarəsinə üz tutub könüllü olaraq döyüşmək üçün qeydiyyatdan keçir. Lazım gəldiyi an düşümənin başına od ələyənlərdən olmaq istədiyini, Vətən yolunda şərəflə ölümə belə getməyə hər zaman hazır olduğunu deyir.

2020-ci ilin 21 sentyabrında Coşqun Məmmədov hərbi təlimlərə cəlb olunmaq üçün çağrış alanda, gözlənilən məqamın yetişdiyini düşünür. Sevinir… Yumruğunu düyünləyib: ”intiqam, qisas!” deyir. Bu problemi biz həll etməliyik. Bu dərdlə uşaq böyütmək olmaz deyir…Tez evə gəlib körpəsi İlkini qucağına alıb, zümzümə edir.

           İldırımlar çaxsa sənin başından,

           Qorxmaginən düşmən atan daşından,

           Qalmaginən vətənin çağrışından ,

           O çağırır səni, gəl əsgər balam,

 

           Düşmən qarşısında əymə başını,

           Dara düşsən, axıtma göz yaşını,

           Bu ana torpağın hər qarışını,

           Öz canından əziz bil, əsgər balam.

Anası Gülbahar  Məmmədova həmin günün xatirəsini selə dönmüş göz yaşları ilə çözür:

- Həyətdə iş görürdüm. Coşqunun yer-yepələk evə gəldiyini gördüm. Kefi çox yuxarı idi. Üzündə sanki güllər açmışdı. Mənə salam verib evə keçdiyini gördüm. Vallah, heç nə anlamadım. Dedim, yəqin dostlarının yanından gəlir, insandır da, əhvalı yaxşıdır, daha yaxşı. Daha kefini belə duruldan, onu quş olub uçurdan nədir, bilmədim. Coşqun evdə mahnı oxusun, oynasın, belə şey edən deyildi. Aradan bir neçə dəqiqə keçməmiş qulağıma səs gəldi. Kiminsə oxuduğunu hiss etdim. Əvvəl elə zənn etdim  ki, Aşıq Əhlimandır…Səsə mən də tez yuxarı qalxdım ki, qulaq asım. Düzünü desəm, o mahnıdan çox xoşum gəlir. Qapını açıb evə girəndə gördüm ki, oxuyan Coşqundur. İlkini, körpəsini alıb qucağına oxuyur. Vallah, onun belə gözəl səslə oxuya biləcəyini heç ağlıma gətirmirdim. Bir qədər dinlədikdən sonra:

-Ay,Coşu, xeyir olsun, üzündə güllər açıb. Nədir səni belə oxudub-oynadan? Nədir səni belə dilləndirən, ay bala- dedim.

- Ana, gəldi qisas məqamı. Yetişdi intiqam vaxtı. Çağırıblar…Təlimlərə gedirəm. Yəqin ki…

Elə bil bu an dilim ağzımda qurudu. Yer-göy başıma fırlandı. “Sən nə danışırsan? Danışdığını heç dərk edirsən, nə deyirsən?”deyə soruşdum.

-Əlbəttə, ana, dərk edirəm. Oğul Vətən üçün doğulur, Vətən üçün böyüyür. İndi də Vətən mənə  oğul deyib çağırır. Nə deyirsən ? Qaçım, gizlənim, sizi də, özümü də rəzil edim? Bizim görməli olduğumuz  işi bu körpəyə saxlayım? Uşaq böyüyəndə, ağlı söz kəsəndə deyim ki, sənin atan bir qorxaqdır? Çağırdılar, qaçıb gizləndi? Yox, ana, belə fürsət ələ düşməz. Gedəcəm, bu vətənə, bu millətə layiq oğul kimi də döyüşəcəm. Əgər Şəhid olaramsa, ağlamayın, başınızı dik tutun. Bilin ki, sizin Coşqun namusla, kişi kimi döyüşüb, qorxaq kimi yox, qəhrəman kimi Şəhid olub.

Coşqunun bu sözlərindən sonra deyəcək söz qalmadı. Damarlarımda qanım coşdu. Qadın olmağıma baxmayaraq, özüm də müharibəyə getmək, döyüşmək istədim. Get, bala, gözün arxada qalmasın. Get düşməndən tökdüyü günahsız qanların hesabını soruş. Get, düşmənə arxa çevirmə. Fərəhləndim balamla. Dedim, Allah, mən evimdə Aslan böytmüşəm, cəngavər böyütmüşəm, xəbərim yoxmuş öz balamdan.

Evdən çıxıb küçə qapısına çatanda qəfildən geri döndü.

"Coşqun, nə oldu, nə yadından çıxıb?"

“Heç nə yadımdan çıxmayıb, bu dəqiqə gəlirəm” dedi. Oğlu yuxuda idi. Yatmışdı. Qayıdıb 11 aylıq körpəsini sinəsinə sıxdı. İylədi…Qoxuladı… Uşağın ətrini dəfə- dəfə içinə çəkib, yatağına qoyub: «Elə edəcəm ki, hər zaman başını dik tutacaqsan, atanla fəxr edəcəksən», dedi. Dedim, Coşqun, nə edəcəksən, ağlına, ürəyinə nə gəlir? Dedi ki, ana, qəhrəman olacam. Torpağı düşməndən azd edənlərdən olacam. Torpağa xəyanət edib qaçanlardan olmayacam.

 Müharibə başlanan ilk gündən Coşqun döyüşlərdə iştirak edirdi. Hər kənd, hər qarış torpaq azad olduqca döyüş yoldaşlarının telefonu ilə zəng edər, sevncini bizimlə bölüşərdi. Biz də sevinərdik. Sevinərdik ki, qələbə yaxınlaşır, oğlumuz qələbə xəbəri ilə, qalib, qəhrəman bir döyüşçü  kimi geri dönəcək. İnsanlar məni göstərib torpağı düşməndən azad edənlərdən biri, qəhrəman döyüşüçü Coşqun Məmmədovun anası budur deyəcəklər. Nə bilim ki, balamın qismətində Şəhid olmaq, mənim də taleyimə Şəhid anası adını daşımaq yazılıbmış. Sonuncu dəfə 13 oktyabrda zəng vurdu. Xocavənd istiqamətində döyüşdüklərini, dağlara qalxdıqlarını dedi. «Oralarda rabitə zəif olur. Məndən nigaran olmayın. Zəng edə bilməsəm, bilin ki, başqa bir şey yoxdur. Sadəcə rabitə kəsilib»

Coşqun evdən çıxan günü İlkinin səsi kəsilmirdi. Uşaq yuxu nə olduğun bilmirdi, ağlayırdı. Heç nə ilə ovundura bilmirdik. Telefonda İlkinin səsini qoyurduq, eşidib bir az dayanırdı. Hiss edirdi ki, səs Coşqunun səsi  olsa da, atasının iyini, nəvazişi hiss etmirdi.Təkrar başlayırdı daha da bərkdən ağlamağa. Oktyabrın 14- dan İlkin yenə başladı ağlamağa. Nə qədər əlləşdik- vuruşduq, hətta həkimə aparsaq da, belə  xeyri olmadı. Uşaq bağırırdı, ahu-nalə qoparırdı. Anlaya bilmirdik, nə olan işdir…Sən demə körpə atasının şəhid olduğunu hamımızdan tez hiss edibmiş…

Qardaşı, əmisi Coşqundan zəngi gəlmədiyindən narahat olub, axtarışa çıxıblarmış. Hər tərəfi gəzib, soraq ediblərmiş… Hamıdan xəbər gəlirdi, bir mənim balamdan başqa…

Atası Elnurun xatirələrindən:

- Elnur çox sakit, böyük-kiçik yolu saxlayan, olduqca qətiyyətli, qorxmaz, öz sözü, öz fikri olan bir adam idi. Uşaqlıqdan vətənpərvərlik hissinin Coşqunda güclü olduğunu hiss edirdim. Həqiqi hərbi xidmətini çəkəndən sonra bu hiss onda daha da artmışdı. Coşqun dəyişib tamam başqa bir insan olmuşdu. Məqsədi müddətdən artıq hərbi qulluqçu kimi ordu hissələrində xidmət etmək idi. Nədənsə, bu arzusunu həyata keçirə bilmədi.

2020-ci ilin yayında ermənilərin ardıcıl surətdə törətdikləri təxribatlar, hər gün torpaqlarımıza soxularaq günahsız insanların qanını tökmələri  Coşqunu da çilədən çıxarmışdı. Elə hey deyirdi ki, bu işin bir sonu olmalıdır. Azğınlaşmış erməni cəlladları  yerində oturdulmalıdırlar. Qəhrəman generalımızın  xaincəsinə şəhid olmaına  dözməyərək hərbi səfərbərlik üzrə idarəyə gedib könüllü olaraq döyüşmək istədiyini bildirib, qeydiyyatdan keçmişdi. Sentyabrın 21-də Coşquna çağırış vərəqi gəldi. Elə həmən gün də yola düşərək Tərtərdə N saylı hərbi hissənin tərkibində  təlimlərə başlamışdı. Arada imkan olanda döyüş yoldaşlarının telefonu ilə zəng edib, bizə təsəlli verər, bizi arxayın salmağa çalışardı. Sentyabrın 27-si 44 günlük Vətən Müharibəsi başlayan gündən Coşqun döyüşlərdə iştirak edirdi. Bəzən zəng edəndə atəş səslərini də aydınca eşitmək olurdu. Çox sevincli, nikbin idi. Ordumuzun hər uğuru, azad olunan hər qarış torpaqda sanki Coşqunumun da payı var idi. Tezliklə düşmən üzərində qələbə çalınacağına, qalib bir ordunun əsgəri kimi evimizə sağ-salamat gələcəyinə bizləri əmin edirdi. Coşquna çox inanırdım. Sevinirdim ki, həm torpaqlarımız  azad olunur, həm də bu zəfər müharibəsinin qəhrəmanları içərisində mənim də oğlum var…

Coşqun çox qayğıkeş qardaş, ata, ana, ailə dərdi çəkən idi. Hər zəng edəndə nə yeyib nə içdiyimzlə maraqlanır, hər şeyin yaxşı olacağını deyirdi. Sonuncu dəfə 13 oktyabrda zəng etdi. Tərtər-Xocavənd istiqamətində, ağır döyüşlərin getdiyini dedi. «Əgər bir neçə gün zəng etməsəm, nigaran qalmayın. Yüksək dağ zirvəsində olacağıq. Orada rabitə olmaya da bilər» dedi. Sən demə, oğlum daha yüksəkliyə gedəcəkmiş. Alllah onu çağırırmış.

Bu bizim son danışığımız oldu. İlk günlər çox da narahat deyildim. Düşünürdüm ki, Coşqunun dediyi kimi, dağda, rabitə olmayan yerdə ola bilər. Amma bir neçə gündən sonar məni darıxma tutdu. Nəfəsim daralırdı. Coşqunun Şəhid ola bilər fikrini ağlımdan çıxarmağa çalışırdım. Amma bu susqunluğun da yaxşı əlamət olmadığını  gözəl başa düşürdüm. Evdə ailəyə, yoldaşına bildirməsəm də, gücüm çatdıqca səs salmışdım, axtarırdım. Müharibə qurtarandan sonra hamıdan xəbər gəlirdi, bir Coşqunumdan xəbər yox idi. Gecə-gündüz Allaha yalvarırdım ki, Coşqunum əsir düşməmiş olsun. Zatən bilirdim də ki, Coşqun canına qıyar, son gülləsini özünə vurar, amma əsr düşməz. Noyabrın 13-də məni və qardaşı Rüfəti Yevlax rayonuna xəstəxanaya çağırıb bizdən analiz götürdülər.

O zaman Rüfət Gəncədə işləyirdi. Rüfət gecəsini gündüzünə qatıb Coşqunu gəzirdi. Səhəri Rüfət evə gəldi. Əmisini və məni götürüb Coşqunun xidmət etdiyi hərbi hissəyə getdik. Sən demə, Rüfət bir dəfə hospitalları gəzib yaralılarla görüşüb, soraq salıbmış. Kimlərsə ona Coşqunun 14 oktyabrda düşmən snayperinin gülləsindən Şəhid olduğunu, nəşinin hələ götürmək mümkün olmadığını deyibmiş. Qardaşı da bu xəbəri özü bizə deyə bilmirmiş. Coşqunun xidmət etdiyi hərbi hissədə olduq. Kompüterlə araşdırdılar, şəhid olduğu, lakin adının itkin düşmülər siyahısında olduğunu dedilər. Təsəvvür edin, oğlunun  qələbə xəbərilə dönəcəyini gözləyən ata, indi nəzir- niyaz, qurban deyir ki, heç olmasa, şəhid olmuş övladının nəşi tapılsın. Noyabrın 22-si kənd bələdiyyəsinin sədri bizə gəlib Coşqunun nəşinin Yevlaxda olduğunu dedi. Dünya təzadlarla doludur. İndi bu xəbərə sevinirdim. Oğlum torpağa, vətənə bağlı insan idi. 44 gün torpağı qucaqlayaraq , orda yatıb qalmışdı. Noyabrın 22-si Coşqunun nəşini gətirib, doğma kəndimizdə torpağa tapşırdıq. Müharibə oddur , alovdur, fəlakətdir. Nə yaxşı ki, cənab Prezident müdriklik göstərib 3 rayonumuzu qan tökmədən aldı. Bu onun uzaqgörənliyinin, böyüklüyünü, əsl millət atası olduğunu göstərən faktdır. Əgər belə olmasaydı, görün Kəlbəcərin, Laçının, Ağdamın işğaldan azad olunması uğrunda neçə can qurban gedəcəkdi. Neçə evin işğı sönəcəkdi. Neçə gəlin dul qalacaqdı? Biz Coşqunun 1 yaşlı körpəsini o şəhid olan gün kiridə bilmirdik. Görün neçə evdə belə körpə ata yolu gözləyirdi… Oğlumla qürur duyuram. Oğlum Vətənin bir parçası oldu. Fəxr edirəm ki, 44 günlük Zəfər yürüşünə çıxanların, torpağı Vətən edənlərin sırasında mənim Coşqunum da var.

Qardaşı Rüfət Məmmədovun xatirələrindən:

- Evdə iki uşaq idik. Nənənmizin babamızın sevimlisi idik. Coşqunu evdə hamı çox istəyirdi. Hətta yeməyin ən yaxşısını ona yedirdər, paltarın ən yaxşısını ona alardılar. Amma Coşqunun çox qəribə, gözəl xasiyyəti var idi. O, bölməyi bacarırdı. Heç vaxt nəyəsə mənimki deməzdi. Bizimki deyərdi. Məndən ayrı ağzına bir tikə belə qoymaq istəməzdi. O da hər şeyin yaxşısını mənə vermək istəyərdi. Ayağaıma bir tikan batsaydı, imkanı olsaydı, ürəyini çıxarıb ayağıma geydirərdi. Uşaq vaxtı bir dəfə ikimiz oynayırdıq. Əlimi şüşə kəsdi, əlim qanadı. Coşqun tez yanıma gəlib əlimin kəsilən yerindən öpüb ürəyinin üstə qoyub əlləri ilə əlimi ürəyinə sıxıb sakitləşdirirdi ki, bu dəqiqə ağrısı kəsəcək. Çox qayğıkeş idi. Valdeyinlərimiz uşaq vaxtı ona məktəbdə xərcləmək üçün pul verəndə  ona verilən pulu da mənə xərcləyərdi. Birdə görürüdün ki, mənim xoşuma gələn bir şirniyyatı, konfeti alıb çantasnda saxlayıb. Sürpiriz olsun deyə mənə deyərdi ki, gözünü yum. Gözümü açanda əlində bir şokalad qarşımda durduğunu görərdim. Gözəl insan idi. Bir mələk idi…Sevgi dolu bir qardaş idi. Heç özümü bağışlaya bilmirəm ki, o müharibəyə gedəndə biz görüşə bilmədik. Onu yola salanda mən Gəncədə olmuşam, orada işləyirdim. Müharibə vaxtı tez tez zəng edərdi…Suqovuşan azad olunan gün zəng etdi ki, «Allah muradımıza çatdırdı, Suya qovuşduq». Talış kəndi istiqamətində  gedən döyüşlərdə də iştirak etmişdi. Döyüş yoldaşları söhbət edirlər ki, oktyabrın 6-da gördük ki, Coşqun toyuq kəsib təmizləyir. Əhvalı əla idi. Soruşduq ki, Coşqun, nə etmək istəyirsən, bu nə tədarükdür görürüsən? Dedi ki, bu gün oğlumun doğum günüdür. Onun doğum günündə yeməyi özüm hazırlamaq istəyirəm. Coşqun hətta ən ekstrmal şəraitdə nikbin olmağı bacaran, çox həyata bağlı bir insan idi. O, odun-alovun içində oğlunun doğum gününü də qeyd etməyi unutmayan bir ata idi.

Mən Gəncədə işləyirdim. Bildiyiniz kimi, mənfur düşmən vaxtaşırı Gəncəyə də raket zərbəsi enidirirdi. Coşqun müharibədən zəng edib mənim üçün narahat olduğunu bildirir, hətta az qala yalvarır, deyirdi ki, «İşdən ərizə ver, çıx get evə, birdən sənə bir şey olar…»

Son dəfə 13 oktyabrda gecə zəng etdi. Döyüşə gedirdilər. Yenə özünü yox, məni düşünürdü. Qələbəyə inanırdı. Ordumuzun Zəfər çalacağına  inanırdı. «Mən olmasam da olar, təki ordumuz zəfər çalsın, təki torpaqlarımız düşmən tapdağından azad olsun» deyirdi. Bu bizim son danışığımız oldu.

Coşqunun sonralar zəng etmədiyini, rabitənin kəsildiyini görüb narahat olmağa başladım. Hər yeri gəzirdim. Döyüş bölgələrinə, xəstəxanalara, hospitallara gedirdim.

Müharibə bitəndən sonra axtarışlarımızı intensivləşdirdim. Sosial şəbəkələrdə Coşqunun şəkillərini paylaşıb haray salmışdım. Noyabrın 13-ü bizi atamla Yevlaxa çağrıb DNK analizi götürdülər. Səhərisi yenə Naftalan rayonuna getdim. Bir yaralı əsgər Coşqunun snayperlə vurulduğunu , şəhid olduğunu, nəşinin neytral ərazidə qaldığını dedi. Coşqunun xidmət etdiyi hərbi hissəyə getdim. Kompüterlə yoxladılar. Birmənalı olaraq şəhid olduğunu, amma adının  itkinlər siyahısında olduğunu dedilər. Bilmirdim, xəbəri atamgilə necə deyim. Evə gəldim. Gücüm tükənmişdi. Əmimi, atamı götürüb yenidən Coşqunun xidmət etdiyi hərbi hissəyə döndüm. Atamgil soruşdular nə olub? Dedim Coşqundan xəbər var. Orada siyahıya baxıb Coşqunun şəhid xəbərini atama dedilər. Çəkiləsi dərd, qaldırılası bir yük deyil. Bu dəfə də Allaha  yalvarırdıq ki, nəşi tapılsın.Noyabrın 22- si Coşqunun nəşini bizə verdilər…

Kəndimizdə yolun kənarında qardaşımın xatirəsinə bulaq tikmişik. İndi onun məzarı məktəblilərin, vətənsevər insanların ziyarətgahıdır. Coşqun Vətəni bir yaşlı körpəsindən, anasından, yarından çox sevdi. Öncə Vətəndir deyənlərdən oldu və həyatı bahasına sübut etdi ki, bu, bir şüar deyil. Vətənsevərlər üçün öncə vətəndir. Vətən üçün canını fəda etməyi bacaranlardan oldu. Nurlar içində  yatsın nur üzlü qardaşım.

Sinif yoldaşı Kənan İmanovun xatirələri:

- Coşqunla bir sinifdə oxuyub, 11 il bir partada oturmuşuq. Dostluğumuz uşaqlıqdan, birinci sinifdə oxuduğumuz illərdən başlayıb. Dərsdən çıxar, birgə vaxt keçirmək üçün evə gec gələrdik. Biri- birimizdən heç ayrılmaq istəməzdik. Çox mehriban, insanlığın bütün müsbət kefiyyətlərini özündə birləşdirən, dostcanlı bir insan idi. Sinifdə hamı onu çox sevərdi. Çox saf idi. Ürəyində bir qram kin-küdurət, paxıllıq olmayan adam idi. Allah onu çox saf, gözəl ürəkli yaratmışdı. Hamıya gücü çatdığı qədər qayğı göstərməyə çalışardı. Özünü heç vaxt uşaq kimi aparmazdı. Dünya görmüş, dünyanın nemətindən doymuş müdrik bir ağsaqqal kimi aparardı özünü. Vaxtından tez böyüyüb müdrikləşmiş insan idi. Coşqun tikəsini bölməyi bacaran uşaq idi. Birdə görürdün ki, uşaq vaxtı yeməli bir şeyi, şokoladmı, ya hər hansı bir şirniyyatı olardı, onu özü yeməzdi. Mütləq dostları ilə bolüşərdi. Özü də həmişə  azını özünə götürər, çoxunu dostlarına yedirərdi. Sinfimizdə boyca hamımızdan balaca Coşqun idi. Bəstəboy , arıq bir oğlan idi. 7-ci sində oxuyurduq, sinifimizin oğlanları ilə bir dəfə Coşqunu əllərimizə götürüb başımızın üstə qaldıraraq  «Şah gəldi, şah gəldi» deyib bütün məktəbin həyətin gəzdirdik. Hamı bizə baxıb gülürdü. Uşaqlıq... Amma onu da deyim ki, Coşqun baş üstə tutulası oğul idi.

Coşqun dostluğa ,yoldaşlığa qiymət verən, kişi sözünü dəyərləndirməyi bacaran insan idi. Bir dəfə Bakıya toya dəvət etmişdilər bizi. Coşquna işdən icazə verməmişdilər ki, toya getsin. Coşqun da dalaşıb işdən çıxıb, toya gedəsi olmuşdu. Dedim ki, Coşqun, niyə belə edirsən? İndi işini itirdin. İşsiz çətin olacaq. Dedi ki, «İşi hər zaman tapa bilərəm. Amma dostu itirdinsə, tapmaq olmur. Adam şad günündə də , dar günündə də gərək dostunun yanında ola». Coşqun dosta-yoldaşa görə hər şeyi göz altına almağı bacarırdı.

Heç ağlımızdan  belə keçməzdi ki, Coşqun şəhid olacaq. Coşqun qəhrəman olacaq. Vətənpərvər, düşmənə qarşı barışmaz olduğunu bilirdik. Müharibəyə yola salanda ordaydıq. Heç elə bil müharibəyə getmirdi. Zarafatından qalmırdı.  «Ermənilər bilsələr ki, onların üstünə İlkinin atası Coşqun gəlir, özlərini Sevan gölündə boğacaqlar»-deyib gülürdü.  Oğluna, ailsinə çox bağlı idi.  «Şəhid olsam, İlkinə atan vətənpərvər bir qəhrəman, şərfəli bir döyüşüçü olub »deyin. Gülə gülə getdi, bayarağa bükülü gəldi. Coşqunun itkisi bizim üçün, dostları üçün çox ağır itki oldu. O boşluğu doldura biləcək, Coşqunu əvəz edə biləcək bir insan yoxdur. Ümumiyyətlə, Coşqun kimi gözəl insanlar çox az- az doğulurlar. Nur içində yatsın. Məqamı uca olsun.

Dostu İmanov Sənanın xatirələri:

- Coşqunla yaxın dostluq etdiymə, onu tanıdığma görə həmişə fəxr etmişəm. Coşqun dost sözünə layiq, dostluq etməyi bacaran sədaqətli bir insan idi. Onun haqqında oturub saatlarla danışsam, yenə az olar. Çox mehriban, ünsiyyətcil bir insan idi. Əsgərlikdə Naxçıvanda düşmənlə üzbəüz postların birində xidmət etmişdi. Əsgərlikdən sonra Coşqunda vətənpərvərlik hissi daha da artmışdı. Hərbçi olmaq istəyirdi. Təssüf ki, bu arzusunu gerçəkləşdirmək ona bir də 2020 –ci lin sentyabrında qismət oldu. Sonu da şəhidliklə bitdi. Coşqun o qədər hərb sənətinə vurğun idi ki, bir yerdə olduqda əsgərlikdə olduğu vaxtlardan,komandirlərindən, əsgər yoldaşlarından, əsgərlik həyatından maraqlı söhbət edərdi. Coşqunun söhbətləri bitib-tükənməzdi…

2020- ci ilin sentyabrın 21-i idi. Coşqun zəng edib Səfərbərlik üzrə Dövlət Xidmətinə çağırdığını dedi. Zarafatçıl olduğu üçün inanmadım. Dedi ki , Səfərbərlik İdarəsindəyəm, bir azdan yola düşürük. Dərhal ora tələsdim. Coşqun bu dəfə  zarafat etmirdi. Gerçəkdən hərbi təlimlərə cəlb olunmuşdu. Və sevinə- sevinə gedirdi. Tez yaxınlıqdakı mağazaya yaxınlaşıb dostum üçün yol azuqəsi aldım. Coşqun götürmək istəmirdi. Dedim ki, götür, yolda lazım olar… Gündüz saat 15- də çağrışçılar avtobuslarla yola düşəndə Coşqunla qucaqlaşıb vidalaşdıq.

26 sentyabrda zəng vurmuşdu, təlimlərdə olduğunu dedi. Tezliklə qayıdacağını bildirdi. Bir neçə gün keçmiş  3 oktyabrda yenə zəng vurdu. Çox sevincli idi. Torpaqların azad olunmasından, düşmənə vurulan ağır zərbədən, tezliklə ordumuzun qələbə qazanacağından, xalqımızın və dövlətimizin orduya olan qayğısından danışıb razılıq edirdi. Son danışığımız 10 oktyabrda oldu. Elə bil şəhid olacağını  hiss edirdi. Danışırdı...Daha çox səsimi eşitmək istəyirdi. Sanki səsimi ürəyinə çəkib özü ilə götürmək istəyirdi. Qələbəmizə inanırdı. Düşmənə aman vermədiklərindən, işğal altında olan ərazilərimizin sürətlə azad olunmasından danışırdı. İlkinin bir yaşını orada döyüş yoldaşları ilə qeyd etməsindən də söz açdı…

Bu bizim son danışığımız oldu. Bir daha gözəl dostumun səsini eşitmədim. O gözəl gülüşü, şirin zarafatları qulağımdan heç getmir.

Əziz dostumun nəşi 40 gündən bir qədər çox canını qurban verdiyi torpaqda qaldı. Bu 44 günülük Vətən Müharibəsində vətənin ləyaqətli, mübariz, şərəfli oğullarını itirdik. Coşqun sevməyi, dostluq etməyi bacaran, düz ilqarlı qəhrəman idi. Qorxusuz idi. Vətənin müqəddəsliyini daha çox dərk edənlərdən idi. Coşqun özünü çox az düşünüən, dostluq etdiyi insanlardan ötrü , sevdiyi insanlardan ötrü, Vətəndən ötrü canını hər an qurban verməyə hazır olan azsaylı insanlardan idi. Bilirdim ki, Coşqun müharibəyə gedirsə, sonu şəhidliklə bitəcək. Çünki Coşqun özünü qorusun, özünü düşünsün, arxada qalsın nədir bilməzdi. Ona  görə də hamının gedə bilmədiyi, hər kəsin keçməyə cürəti çatmadığı bir yoldan keçdi.  Şəhidlik zirvəsinə yüksəldi.

22 noyabrda Coşqunun nəşi doğulduğu Qarabörk kənd qəbirstanlığında torpağa tapşırıldı. Dost itkisi, dost dəfn etmək çox ağır olurmuş. Biz Coşqunla birlikdə gülüşümüzü, sevincimizi, birgə qurduğumuz planları da dəfn etdik.

Tez-tez məzarını ziyarətə gedirik. Bəzən düşünürəm ki, Coşqun bizi görür. İndi bizə zarafatla nə isə deyib yenə güldürəcək. Coşqun olan yerdə sevgi olurdu. Sevinc olurdu. Xoşbəxtlik olurdu.

Göylərə baxıram, göylər o qədər təmiz, saf görünürki… sanki göy üzü gecələr də od tub yanır…işıq nur saçır göy üzü. Bu qədər nurlu insanlar göy üzünü də gözəlləşdirdilər. Elə bilirəmki, hər Günəş çıxanda, hər Ay görünəndə Coşqundan bizə salam gətirir. Salam sənə ey Şəhid. Salam olsun sənə ey canını vətənə fəda etmiş Coşqun qardaşım.

Nənəsi Fünzalə Məmmədovanın xatirələri:

- Bizdən əvvəl gələn böyüklərimiz  nəvənin dəyərini qiymətləndirərkən “dövlətdə dəvə, övladda nəvə” deyiblər. Nənənin, babanın nəvəyə olan sevgisinin, istəyinin qədəri olmur. Onu heç nə ilə ölçmək mümükün deyil. Nəvə var deyil, dölət deyil, nəvə candır. Coşqunum canımı da apardı özü ilə. Kaş mən ölərdim, mən yaşamazdım, bu günləri görməzdim, bu dərdi çəkməzdim. Keşkə evimiz yanaydı, çadır qurub çadırda yaşayaydıq, alaçıqda yaşayaydıq, amma Coşqunum sağ olaydı. Coşqunum yaşaydı…Çox gözəl bala idi Coşqun. Qayğıkeş idi. Ömründə bir qaşqabaq, acı söz eşitmək olmazdı  ondan. Bir Coşqun deyəndə əvəzində min can eşidərdin. Elə bilirəm, Coşqun gedəndən evimiz uçub, altında qalmışam. Elə bilirəm, dizimin taqəti, ürəyimin təpəri gedib. Nəfəs ala bilmirəm. Lənətə gəlsin müharibəni. Bilmirəm, mənim xalqımın, millətimin günahı nədir ki, belə yaramaz, insanlıqdan uzaq, insan cildinə girmiş, haqq bilməz bir cəlladlarla qonşu olmuşuq. Ermənilər insanlıq adına ləkdirlər. Nə alimi var, nə ziyalısı var, nə bir əxlaqı olan böyükləri ki, qabağa düşüb bu ədavətə, bu haqsız torpaq davasına son qoya. Müharibə ölümdür, oddur, alovdur. Odu yandıran bilməlidir ki, bir gün bu od, alov sənin də üzünü qarsacaq… O atəş sənin də ürəyini dəlib keçəcək. Özlərini də bədbəxt etdilər. Lənətə gəlsin müharibələri. Lənətə gəlsin erməniləri. "Ata" deyib dil açan danışan İlkinə nə cavab verək? Ata nəfəsindən isti, ata əlindən yumuşaq dünyada nə var? Kim sığal çəksin İlkinimin başına? Coşqun şəhid olan gün kiritmək olmurdu körpəni. Hamıdan qabaq o hiss etmişdi atasının müsibətini…

Neçə ailəni başsız, neçə ananı oğulsuz, neçə gəlini dul qoydu müharibə. Cavan- cavan gənclərimiz şikəst oldu…Allah hamısına kömək olsun. Arxada qalsın pis günlərimiz. Lənətə gəlmişlər yurd yerlərimizi dağıdıb viran qoyublar. Erməninin himayədarları görmürlərmi ki, bu ermənilər millət deyil. Bayquş kimi xarabazarlıq aşiqidirlər. Görən tutuduğu əməllərdən heç utanmırlar? Bu gün orada görülən işləri, abadlığı, çəkilən yolları görüb utanmırlar ki?

Nəvə dərdi bala dərdindən də ağırdır. Amma dözürəm. Görülən işlərə baxıb qürurlanıram ki, Coşqunumun canı bahasına başa gəlsə də, cənnət mələyimin də bu işlərdə haqqı var. Allah  bütün şəhidlərimizi cənnətlik etsin, mənim Coşqunum da onlarla birlikdə…

Ömür gün yoldaşı Aynurə Məmmədovanın xatirələri:

- Bəzən həyatda elə anlar, elə dəqiqələr olur ki, o bir dəqiqə bir ömrə bərabər olur. İnsanın yaşadığı  o bir dəqiqə insan ömrünü tamamilə dəyişə bilir. Yaxud da bir dəqiqənin hökmü bir əsrə bərabər olur. Coşqunla mənim birgə  həyatımız da bəlkə də təsadüfənmi və ya Allahın hökmü, yazısı ilə elə o bir dəqiqədən başladı. 2018- ci ilin 15 sentyabrı ilk dərs günü idi. Coşqun uzaq qohumlarından birinin uşağını, mən isə bacımın uşaqlarını məktəbə aparmışdım. İlk dəfə orada bir- birimizi gördük. Coşqunu görən kimi çox qəribə hisslər keçirdim. Mənə elə gəldi ki, ömrümü birləşdirəcək bir adamı, hardasa illər öncə itirdiyim, ayrı düşdüyüm bir doğmamı tapmışam. Coşqun o qədər gözəl, doğma hisslərlə mənə baxırdı ki… Bu baxışlar mənə uzaq bir yolun yolçuluğuna birgə çıxacağımızı deyirdi… Beləcə, bizim sevgi dolu xoşbəxt günlərimiz başladı. Coşqun qısa bir zamanda özünü həm mənə, həm də valideyinlərimə sevdirə bildi. Elə həmən ilin noyabrın 5-də  Coşqunun valideyinləri bizə elçi gəldilər. Təbii ki, mənim valdeyinlərim də yox demədilər. Coşqunun çox gözəl, əxlaqlı, əmək sevər ailəsi var. Babası rayonumuzda sayılıb seçilən əmək adamı, nüfuz sahibi olub… Nə isə …

2018-ci ilin  26 noyabrında nişanımızla birlikdə qız toyu da oldu. Bəxtəvər günlər idi. Nağıl kimi şirin, yüyrək günlərimiz başladı. Quş olub uçur, balıq olub dəryalarda süzürdük. Yer də, göy də bizim idi. Həyatımız gözəl bir nəğməyə bənzəyirdi. Hərdən qorxurduq ki, bu gözəlliyin bir sonu olar. Onda Coşqun deyirdi ki, məni səndən bir ölüm ayırar. Bilmirəm, Coşqun niyə ölümü tez-tez dilinə gətirirdi. Əbədi yaşarım. Qəlbimin və ömrümün əbədi hakimi… İlk və son sevgim, qürurum Coşqunum…

2018- ci ilin  dekabrın 9 -da toyumuz oldu. Əbədiyyətə qədər davam edən ailə həyatımız başladı. Qınayarsınız məni…Deyə bilərsiniz nə əbədiyyət? Hanı, həyatda Coşqun var? Bəzən insanlar bir ömür birlikdə yaşayırlar, nə həyatları həyat, nə günləri-güzəranları olur. Amma biz qısa ömrümüzdə o qədər xoşbəxt yaşadıq ki, mən bundan sonra beş dəfə dünyaya gəlsəm, yenə Coşqunu seçərəm. Yaxud çənəm dizimə dəyənə qədər  qocayıb qarısam, Coşqunun xəyalları , onun məni yaşadan gözəllikləri ilə birgə yaşayacam.

Coşqun çox qeryi-adi, mehriban, ailəcanlı, özünü sevdirməyi bacaran bir insan idi. Tez bir zamanada özünü qohumlarıma , atama-anama elə sevdirə bilmişdi ki, hamı onu soruşur, hamı birinci onunla maraqlanardı. 2019 –cu ilin  oktyabrında gözümüzün ilki, ailəmizin sevinci İlkin dünyaya gəldi. Coşqun qanadlanıb ucurdu. Coşqun sevincindən  göylərdə idi. Gözəl oğul, gözəl qaradaş, gözəl həyat yoldaşı olan Coşu həm də bənzərsiz bir ata idi. Gecəsini günüdüzünüə qatardı. İşləyərdi, çalışardı. Coşqunun əlləri asfalt kimi qabar bağlamışdı. Amma bir gün alnını qırışdırmamışdı. Oğlumuzu xoşbəxt, qayğısız böyütmək barədə düşünərdi. Adam var ki, onu var- dövlət, dəbdəbəli həyat düşündürüər, Coşqun isə halal yaşamağı, sakit yaşamağı, sevgi ilə yaşamağı hər şeydən üstün tuturdu.

Coşqun oğlunu, valdeynlərini, ailəmizi sevdiyi qədər də vətəninə bağlı insan idi. Hər Qarabağdan söz düşəndə dəniz kimi coşardı, tufan olub çağlayardı. Bu problemi gələcək nəsillərə saxlamaq olmaz deyirdi. 2020-ci ilin yayında gedib könüllü döyüşmək üçün qeydiyyatdan keçmişdi. İlkini göstərib “bəs bunun taleyi nə olaca?” soruşurdum  «Aynurə, bu problemi bizlər həll etməyib gələcəyə saxlasaq, gələcəkdə İlkinlər bizi qınayar. Bir gün İlkini müharibəyə yola salıb arxasınca boyunu bükük qalarıq»- dedi.

İlkin dil açanda ilk sözü baba oldu. Coşqun oğlumuzun dil açmasına uşaq kimi sevinirdi. Mən də babamı çox istəyən olmuşam . İlkin də ilk dəfə baba dedi. Tez zəng edib valdeyinlərimi müjdələdi. İlkin danışır dedi. İlk sözü də «baba, nənə» oldu.

2020-ciilin sentyabrında sevincək evə gəldi. Gedirəm…Ya qazi, ya şəhid olacam. Şərəfimi, namusumu sənə  əmanət edirəm. Valdeyinlərimə zəng edib “şəhid olsam, ailəm sizə əmanət”,- dedi…

Gedəndə telefonunu evdə qoydu ki, İlkinin başının altına qoy, imkanım olan kimi zəng edəcəm. Sonuncu dəfə 10 oktybrda danışdıq. Sanki şəhid olacağıni hiss etmişdi. Mənə həmişə Akışım deyərdi. Adımı bütov deməzdi. Dedi ki, Akışım, çox təssüf ki, ayrılıq çox tez gəldi.

Şəhid olsam, gücülü ol. Ağlama. Başını dik tut. Sən güclü qadınsan. Bu yükü çəkməyə də gücünün çatacağına inanıram. İlkini adımıza layiq, arzuladığımız kimi böyüt…

Bu bizim son danışığımız oldu… Oktyabrın 14-ü günü gecə Coşqun yuxuma girdi. Bir dağın başında qan içində çabalayırdı. Dedim, Coşu, mən də gəlirəm yanına. Dedi ki, Akış, buralar sənin yerin deyil, gəlmə. Üzünü çevirib dağın başına doğru getdi. Dumanın içində görünməz oldu. İlkinin səsinə yuxudan ayıldım. İlkin yatağında bağırırdı, çığırırdı...Nə edirdiksə, uşağı kiridə bilmirdik. Səisini kəsmək mümükün deyildi. Ağlayırdı. Sabahı diri açdıq. Həkimə aparsaq da, bir xeyri olmadı. Sən demə, İlkin atasının getdiyini duyubmuş.

Elə insanlar var ki, şəhid xanımlarına dul qadın deyirlər. Şəhidlər ölmür. Coşqun əbədiyaşardır. Coşqun indi daha çox mənim ürəyimdə yaşayır. Andım olsun ki, onu daima ürəyimdə yaşadacaq , namusla şəhid adına , o uca məqamına  layiq də oğlunu böyüdəcəyəm. Coşqundan mənə iki yadigar qalıb..Biri onun familiyası, biri də İlikinimiz. Hər ikisini onu nəslinin, adının şərəfinə layiq qoruyacağam.

Tez-tez Coşqunun məzarını ziyarət edirəm. İlkinə atasından danışıram, onun bir millətin qəhrəmanı olduğunu ona hər gün deyirəm. Göydə Günəş görünəndə, qaranlıqda Ay doğanda, ulduzlar sayrışanda İlkini başımın üstə qaldarıb deyirəm: «Baş tacım, sənin atan da , onun müqəddəs ruhu da orada-göylərdədir. Bəlkə də, sənin zarafatcıl, gözəl ürəkli atandır göyləri güldürən. Sən də böyü, Vətənini atan kimi sev».

İnsanları sevgi yaşadır. Ürəyində sevgisi olmayan, mərhəməti olmayan insanlar yaşasa, nə fayda, ölsə nə olacaq? Bu gün Coşqunu daha çox sevirəm. Coşqun əbədi sevgimizdə əbədiyaşardır. Balasını böyütmək missiyam olmasaydı, indi mən də bu həyatda yox idim, Coşqunun yanında idim. Arzusu oğlumuzu yeriyərkən görmək, onun bir əlindən o, bir əlindən də mənim  tutub ilk dəfə məktəbə gedəndə birlikdə aparmaq idi…

Başımın tacı, Coşqunum, indi İlkin yeriyir. İndi sən yanımızda yox, başımızın üstündəsən. Həmişə də baş tacımız olaraq ömrümüzü zinətləndirəcəksən. Rahat yat. Cənnətliyim, cənnətdə görüşənədək. Sənin Şəhid şərəfin şərəfim, Şəhid adın-andın iftixarımdır. Andım olsun ki, cənnətdə səni görəndə utanmayacağam. Hələlik səninlə birgə qurduğumuz arzuları həyata keçirirəm. Cənnətdə görüşənədək, Coşqunum.

Döyüş yoldaşı Zeynalın xatirələri:

- Coşqunu lap kiçik yaşlarından tanıyıram. Həmkəndlim olub. Ailələrimiz arasında həmişə gözəl münasibət, get-gəlimiz olub. Coşqun mənim uşaqlıq dostum idi. Tale elə gətirdi ki, müharibəyə də bir gedəsi olduq. Sentyabrın 21-də Ucardan Hərbi Səfərbərlik İdarəsindən bir avtobusda Gorana təlimə yollandıq. Bir bölükdə xidmət edir, bir qabdan çörək yeyir, bir yatıb bir dururduq. Sentyabrın 29-da bizi Mingəçevirə gətirdilər. Mən sürücü olduğum üçün bir bölkükdə xidmət etsək də, fərqli tapşırığı yerinə yetirməli oldum. Coşqun isə taqım komandiri kimi döyüşə başladı. Bölüyümüz Tərtər rayonunda Talış , Suqovuşan istiqamətində düşmən işğalı altında olan torpaqları azad etməli idi. Coşqunu taqım komandiri təyin edərkən də onun xarekterini, bacarığını, vətənpərvərliyini, eyni zamanada qısa müdddətdə əsgərlər arasında olan nüfuzunu nəzərə alaraq gizir rübəsində komandir təyin edildi. Coşqun çox vətənpərvər, qorxu bilməz, sözün əsl mənasında cəsarəti ilə seçilən bir qəhrəman idi. Təlimlər vaxtı tapşırıqları yerinə yetirir, bütün normativlər üzrə fərqlənirdi. Coşqunun bir sözü var idi: «Bircə döyüş başlasın,  düşmənə həddin bildirək». Müharibə başlanandan sonra da xidmət etdiyimiz  bölükdə hamı Coşqunun qəhrəmanlığından, döyüş zamanı göstərdiyi hünərdən danışırdı. Coşqun bir taqım komandiri kimi nümunəvi bir komandir, əsl döyüşçü kimi özünü tanıtmışdı.Talış kəndi,Suqovuşan uğrunda gedən döyüşlərdə xüsusi olaraq fərqlənmişdi. Tərtərdə Tülkü dərəsi deyilən ərazi var, Coşqun o döyüşlərin də bir qəhrəman kimi iştirakçısı olmuşdu. Mən təchizat- təminatla məşğul idim. Hücumçu deyildim. Amma Coşqun bütün hücum, əks-hücum əməliyyatlarında iştirak edən bir döyüşçü idi. Bir gün bölüyümüzün əsgərləri söhbət edirdilər ki, Tülkü dərəsində əsgərlərimiz pusquya düşüb, snayperin hədəfi olublar. Coşqun bir komandir kimi hədəfi yayındırmağı bacarıb. Özünü hədəf edib əsgərlərin lazımı strateji əhəmiyyətli əraziyə keçməsi üçün əsl qəhrəmanlıq göstərib, erməniləri çaşdıra bilib. Coşqunun itkisi bir ailənin, bir kəndin itkisi deyil, Vətənin itkisidir. Coşqun özü də bir vətən, əsl Vətən sevdalısı bir vətəndaş idi. O heç vaxt özünü, ailəsini, körpə balasını düşünmədi. Coşqun böyük ideyalar uğurunda yaşayan, vətənin azadlığını hər şeydən üstün tutumağaı bacaran bir qəhrəman idi. Bu yolda da canını fəda etməyi bacardı. Nur içində yatsın.

Döyüş yoldaşı Rəhimov Nailin xatirələri:

- Mən müddətdən artıq hərbi qulluqçu kimi Vətən Müharbəsinin iştirakçısı olmuşam. Sentyabrın 26-da axşam saatlarında həyacan siqnalı verildi. Silah-sursatımızı götürüb gecə Naftalanın Qaşaltı kəndi yaxınlığıda mövqeləndik. Sentyabrın 27-si səhərə yaxın hava işıqlanan məqamda ermənilər toplardan atəş açmağa başladılar. Bu zaman bizə də hücum əmri verildi. Tapqaraqoyunlu kəndinin içindən keçərək 482 deyilən yüksəklikdə yerləşən mövqeyə  doğru hücuma keçdik. Ora çatdıqda bizdən öncə bir kəşfiyyat qrupu da həmən əraziyə daxil olmuşdu. Bizə həmən yerdə mövqelənmək əmr olundu . 3 BTR, 1 tank , 38 nəfərlik bir heyətlə həmən ərazidə mövqe tutduq. Sentyabrın 27-si bütün günü mövqelərimizi düşmənin minamyotları atəş altında saxladılar. Gecə saatları idi. Bilirdik ki, düşmən mövqelərimizə hücum edəcək. Gecə saat 3 radələrində düşmənin bizim olan mövqelərə geniş tərkibli hücum başladı. Düşmənin hücumunu dəf etdik. Xoşbəxtlikdən bu döyüşlər zamanı itkimiz olmamışdı. Sentyabrın 28-i günü də bütün günü ermənilər  atəşi davam edirdi. Düşmən qüvvələri  koordinatlarımızı  dəqiq bildikləri   üçün ara vermədən bizi atəş altında saxlamağa cəhd edirdilər. Döyüşün 3-cü günü sentyabrın 29-da ermənilərin yenidən hücumu başladı. Ermənilərin bu hücumunu da dəf edə bildik.  Lakin bu döyüşdə bizim yaralılarımız oldu. Amma xoşbəxtlikdən şəhid verməmişdik. Yuxusuzluq , yorğunluq məni taqətdən salmışdı. Artıq məndə ilk dəfə idi ki, qarabasmalar, sayaqlamalar olurdu. Durduğum yerdə öz- özümə danışırdım. Bu zaman yaxınlıqda olan döyüş yoldaşım məni yüngül sillə ilə vurub ayıltdı. Mən torpağın üstündə də olsa, bir qədər gözümün acısını almaq qərarına gəldim. Məni necə yuxu aparıbsa, ayılanda gördüm ki, hava işıqlanıb. Bu zaman ərazini gəzmək, mövqələri öyrənmək qərarına gəldim. Nə var, nə yoxdur öyrənmək istəyirdim. Ərazini gəzəndə döyüş yoldaşlarımızın Məmmədov Coşqun haqqında söhbətlərinin şahidi oldum. Danışırlardı ki, Ucarda Məmmədov Coşqun adında bir döyüşçümüz döyüş başlayandan nəinki  yatmaq, hətta gözünü belə qırpmayır. Çox cəsurcasına döyüşür. Əsl qəhrəman kimi davranır. İstər-istəməz məndə Coşqunu görüb onunla tanış olmaq həvəsi yarandı. Gəlib Coşqunla tanış oldum. Hal -əhval tutdum. Bu, çox gözəl bir tanışlıq oldu. Bizim tutduğumuz mövqe elə bir yüksəklikdə idi ki, buradan Tapqaraqoyunlu kəndi ovuc içi kimi görünürdü. Bu ərazi əvvəllər ermənilərin mövqeyi olmuşdu. Çox əlverişli, strateji əhəmiyyətli bir ərazi idi.Tapqaraqoyunlunu buradan çox asanlıqla vurmaq mümkün idi. Odur ki, "Mübariz postu" azad olunana kimi orada durmalıydıq ki, ermənilər o istiqamətdən hərəkət edə bilməsinlər. Bizim tutduğumuz mövqelərdən aşağıda ermənilərin kazarmaları yerləşirdi. Postlarda isə bizidik. Bizə silah-sursat, təchizat gətirilirdi. Həm də "Mübariz postu"na girməli olacaq kəşfiyyatçılar da bizim yanımıza gəlmişdilər. Bu arada bizə təchizat  gətirən bir kamaz və bir sanitar maşınımız  görünən ərazidən hərəkət etdikləri  üçün ermənilər onları vura bildilər. Üç əsgərimiz şəhid olmuşdu.  Müharibənin başladığı bu vaxt ərzində biz döyüşüçlər daha doğma, daha cana yaxın olmuşduq. Əziz qardaş kimi doğmalaşmışdıq. Mənim də Coşqunla yaxınlığım, necə deyərlər, dostluq münasibətim başlamışdı. Sentyabrın 31-də istirahət etmək üçün bizi mövqelərdən düşürdülər. Tapqaraqoyunlu kəndinə endik. Məmmədov Coşqunun komandiri olduğu qrup kəndə bizdən öncə düşmüşdü. Evlə əlaqə saxladıq…Bir qədər sohbət etdik… İstirahət, hamam falan... Bir qədər burada qaldıqdan sonra Suqovuşan istiqəmətində getmək üçün Talış kəndinə getdik. Talış kəndində erməni taborunun yeraltı sığınacağında gecələməli olduq. 30 nəfərlik bir heyət idik. Hava yağışlı idi. 5 nəfərlik quruplara bolünüb irəliyə doğru hərəkət edirdk. Hərəkət zamanı Coşqun mənim qrupumda idi. Burada onu daha yaxından tanıya bildim. Çox zarafatcıl, doğma bir insan idi. Qısa bir müddətdə hamı ilə doğmalaşmışdı. Mənə öz həyatından danışırdı. Rayonda taksi fəaliyyəti ilə məşğul olduğuna görə döyüş yoldaşları ona «Taksi sürücüsü» deyə müraciət edirdilər. Orada söz verdik ki, bu dostluğumuz əbədi olacaq. Müharibədən sonra da  dostluğumuzu davam etdirək. Ermənlərin sığınacağında olanda Coşqun evlə də əlaqə saxladı. Belə gərgin anlarda zarafatından da qalmırdı. Kiminlə danışdığını dəqiq bilmirəm. Amma zarafatla deyirdi ki, "Ukraynaya klyent düşüb. Bir neçə gün əlaqə saxlaya bilməsəm, narahat olmayın".

Biz irəlilədikcə vəziyyət getdikcə gərginləşirdi. Suqovuşan istiqamətinə doğru iki nəfərlik qruplara bölünüb irəliləmək məcburiyyətində qaldıq. Həm də ona görə belə edirdik ki, əgər düşmən topları atəşi açarsa, itkilərimiz az olsun. Nəhayət, Suqovuşanda bir təpəliyə çıxıb mövqelənə bildik.

Bölük komandirimizin Coşqundan çox xoşu gəlmişdi. Hara gedirdi, onu özü ilə götürürdü. Bunu həm Coşqunun cəsarətli  olduğu üçün ,həm də ən kritik məqamlarda maraqlı söhbət, zarafat edib, ruh yarada , gərginliyi götürə bildiyi üçün edirdi. Bir sözlə, hamı Coşqunu öz yanında görmək istəyirdi. Amma komandir onu gözündən aralı buraxmırdı. Coşqun olan yerdə tamam başqa bir atmosfer olurdu. Bizim burada da ağır döyüşlərimiz oldu. Ermənilər mövqelərimizi bildiyi üçün bizi atəş altında saxlayırdılar. Ona görə tez-tez mövqelərimizi dəyişmək məcburiyyətində qalırdıq. Həmin döyüşlər zamanı bölük komandirmizlə Coşqunun təmsil olduğu qrup bizdən bir qədər aralı düşmüşdü. Hava qaralana  kimi bizim birləşməmiz mümükün deyildi. Coşqungil geri dönəndə yoldan keçməli idilər. Amma ermənilər pusquda durub yolu nəzarətdə saxlayırdılar. Yolun altında kiçik ölçülü bir boru keçirdi. Coşqunun təklifi ilə qrup o borunun içindən keçərək xilas olub bizim yanımıza gələ bildilər. Komandirimiz Coşqunun döyüş şücaətindən danışıb qrupu onun xilas etdiyini deyirdi. Bu döyüşlədə yaralılarımız  və şəhidlərimiz olmuşdu. Bizi əvəz etmək üçün yeni qrup gəldiyinə görə Talış kəndinə geri döndük. Oktyabrın 6-sı idi. Coşqun dedi ki, «Oğlumun doğum günüdür. Bu gün onun yaşını qeyd etməliyik». Coşqun yemək hazırladı, oğlunun yaşını da birlikdə qeyd etdik.

Döyüşçülərin çox yorulmaması üçün qruplar intensiv şəkildə bir-birini əvəz edirdilər. 13 oktyabrda yenidən Suqovuşana daxil olduq. Yeni hucum əmri almışdıq. Ciddi döyüş hazırlığı gedirdi. Yol gedərkən bir əsgərimiz minaya düşdü. Mərmi əsgərimizin ayağını  apardı. 14 oktyabrda səhər hava işıqlaşan vaxtı hücuma keçdik. Atışa-atışa qruplarla irəliləyirdik. Ermənilər döyüş sursatlarını, ərzaqlarını, hətta isti yeməklərini qoyub qaçmışdılar. Qarşıda üç səngər enində kiçik bir val var idi. Vala doğru irəliləyirdik. Bu zaman yenə də Coşqun komandirin yanında idi. Yan tərəfimizdə tökülmə torpaq var idi. İrəliyə doğru hərəkət etdikcə atışma daha da şiddətlənirdi. Ermənilər bizim əsgərlərin uniformasından geyinmişdilər. Bizdən 70 metrlik bir məsafədə həmin erməniləri görsək də, erməni olduqlarını ayrıd edə  bilmədik. Biz irəlilədikcə sağdan-soldan mühasirəyə düşüdük. Ermənilərin bir BTR-də arxamıza keçib bizi gücülü atəş altında saxlayırdı, geriyə çəkilmək də mümükün deyildi. Mənim 12 sandıq gülləm var idi. Artıq güllələrim də tam tükənmişdi… Nə edəcəyimizi bilmirdik. Qışqırıq ,hay-həşir düşmüşdü…

Bu döyüşdə  15 şəhid verdik. O cümlədən, bölük komandirimiz də  Coşqunla birlikdə şəhid olmuşdu. Onlar bizdən beş metr öndə irəliləyirdilər. Cəmi 7 nəfər sağ qalmışdıq. Sağ qalanlar  çalışıb yaralılarımızı Suqovuşanda dağın aşağısına düşürə bildik. Sonra dəstək üçün başqa bir qrup gəlsə də şəhidlərimizi götürmək müyəssər olmadı. Bir də müharibədən sonra şəhidlərimizin nəşini çıxarda bildik.

Heç cür inanmaq mümükün deyildi ki, bu cür qəhrəmanlarımızı ititirmişik. Allah Şəhid qardaşlarımızın ruhunu rahat etsin. Məkanları cənnət olsun. Nə qədər ki varıq, nə qədər ki, vətən var, vətəni yaşadanlar, Vətəni sevənlərin, onu qoruyanların qəlbində yaşayacaqlar.

Coşqun Məmmədovun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqlar layiqincə qiymətləndirilib. Xalqımızın qəhrəman oğlu ölümündən sonra «Cəsur döyüşüçü», «Vətən uğurunda» və «Suqovuşanın azad olunmasına görə» medalları ilə təltif olunub. Qəhrəmanlar ölmürlər. Onlar ürəklərə, könüllərə köçüb, min ürəkdə , min sevgidə yaşayırlar. Düşməndən azad etdikləri torpaqlarda hər çiçək açanda, ağaclar yarpaqlayanda , meyvə ağacları bar verəndə, çaylar coşub daşanda, bulaqlar şırıltı ilə axıb gedəndə şəhid ruhları yurda nəğmə deyir. Şəhid ruhları Azadlıq şərqisi oxuyur. Yurdun başı üzərində günəş şölələnəndə, şəfəqlərində ilıq Şəhid ruhları bizə salam gətirir, torpağın canını isindirir. Canları ilə  Vətənə can verənlər, yurd abadlaşdıqca, gözəlləşdikcə bar verirlər. Çəkilən yollar, tikilən binalar bundan sonra düşmənin xarabazarlığa çevirdiyi o torpaqlarda hər açılan məktəblər, tikilən binalar, oxunan nəğmələr şəhid qanından  bar tutan məhsullardır. Vətən, oğulları onu qoruyanda, yolunda can verib, can alanda, oğulları hər an Vətən yolunda canından keçməyə hazır olanda vətən olur. Coşqunlar coşqulu vətən sevgisi ilə  illərdir işğal alatında əzab çəkən torpaqlarımızı vətən etdilər. Yurda azadlıq , qəlblərə rahatlıq gətirdilər. Allah Uca məqamınızı rahat etsin, Şəhidlər.!

Elşən Qəni