21 yanvar 2022 20:21
1196

Ankarada anım mərasimi keçirilib

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Ankarada anım mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) birgə təşkilatçılığı ilə Ankaradakı Azərbaycan Evinin Şuşa Konfrans Mərkəzində keçirilən mərasim şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attar, Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Elçi Allahverdiyev, TRT İdarə Heyətinin üzvü Oğuzxan Bilgin, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, professor Əmirullah Mehmetov, Balkan Köçmənləri İqtisadi Araşdırma və Sosial Yardım Fondunun (BİSAV) sədri Yüksəl Özkale və Türk Dünyası Parlamenterlər Fondunun sədri Abdullah Çalışqanın çıxışları dinlənilib.

Çıxışlarda sovet hakimiyyətinin son illərində Azərbaycan xalqına qarşı həyata keçirilən düşmənçilik siyasətinin səbəb və məqsədlərindən, eləcə də imperiya rəhbərliyinin xalqımızın milli azadlıq ruhunu boğmaq cəhdindən danışılıb. Həmçinin Qanlı Yanvar faciəsi ilə bağlı acı xatirələr, eləcə də bu dəhşətli cinayətin həmin dövrdə qardaş Türkiyədə dərin narahatlıq yaratmasından bəhs edilib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı rəşadətli Qələbənin əhəmiyyətini xüsusi vurğulayan natiqlər böyük Zəfərin xalqımızın azadlıq və müstəqillik arzularının nəticəsi kimi dəyərləndiriblər.

Sonra 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayəti əks etdirən fotolent nümayiş olunub.

Rəsmi hissədən sonra iştirakçılar Şuşa Konfrans Mərkəzində AZƏRTAC-ın 20 Yanvar faciəsini əks etdirən fotoşəkillərindən ibarət sərgi ilə tanış olublar.