25 yanvar 2022 08:24
843

Meksika mətbuatında 20 Yanvar faciəsindən bəhs edilib

Meksikanın nüfuzlu mətbu orqanlarından olan “Excelsior” qəzetində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi əsasında “Azərbaycanı azadlığa aparan faciəvi gün” sərlövhəli yazı dərc olunub.

Səfirlikdən "İki sahil"ə bildirilib ki, yazıda 32 il öncə Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinə son qoymaq üçün sovet ordusunun paytaxt Bakıya daxil olaraq dinc əhaliyə qarşı qətliam törətdiyi, ancaq ittifaq rəhbərliyinin öz məqsədinə nail olmadığı, bu faciəvi hadisələrdən sonra Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi və nəticədə azadlığın tiranlıq üzərində qələbəsinin təcəlla olunduğu bildirilir.

Müsahibədə Qara Yanvar faciəsinin beynəlxalq hüquqa əsaslanaraq insanlıq əleyhinə cinayət olduğunu söyləyən M.Talıbov, bu cinayətə gərəkli beynəlxalq hüquqi-siyasi qiymətin verilməli olduğunu və qətliamın başlıca səbəbkarı, həmin il Nobel Sülh mükafatı ilə təltif edilmiş keçmiş sovet rəhbərinin beynəlxalq ədalət qarşısında cavab verməsinin vacibliyini qeyd edib.

Müsahibədə, həmçinin Azərbaycana qarşı erməni təcavüzünün tarixi və işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən görülən işlər barədə məlumat verilir.

Sonda 20 Yanvar faciəsi və dövlət müstəqilliyinin bərpasından bu günədək keçən müddət ərzində Azərbaycanın sürətli inkişaf yolu keçdiyi və siyasi-iqtisadi cəhətdən Cənubi Qafqaz regionunun lider dövlətinə çevrildiyi deyilir.

Mövzu ilə əlaqədar, həmçinin Meksikanın nüfuzlu “Contra Replica” qəzetində səfir M.Talıbovun “Azadlığın tiranlıq üzərində qələbəsi” başlıqlı məqaləsi də dərc olunub.