SOCAR-ın Kompleks Qazma İşləri Trestinin sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahəsindəki fəaliyyəti təkmilləşdirilir
İqtisadiyyatımızın flaqmanı olan SOCAR sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏMM) sahəsində istər ölkə daxilində, istərsə də xaricdə öz fəaliyyətini işçilərin təhlükəsizliyini qoruyaraq, onların sağlamlıqlarına və ətraf mühitə zərər vurmadan, istehsalat proseslərinin aparıldığı bütün sahələrdə, əməliyyatlarda qəzalara yol vermədən uğurla həyata keçirir. Bu istiqamətdə qarşıya qoyulmuş məqsədə çatmaq üçün beynəlxalq təcrübələrdən bəhrələnilərək effektiv proqramlar tətbiq edilir, maarifləndirici və həvəsləndirici tədbirlər görülür.
SOCAR-ın Kompleks Qazma İşləri Trestində istehsalat fəaliyyəti ilə yanaşı, SƏTƏMM sahəsində davamlı olaraq lazımi tədbirlər görülür. Təbii ki, əsas hədəf trestin SƏTƏMM üzrə siyasətinə uyğun olaraq istehsalatda bütün işlərin və əməliyyatların bədbəxt hadisələrə, peşə xəstəliklərinə, qəza hallarına yol vermədən, istehsal prosesində ətraf mühitə zərər vurmadan həyata keçirilməsidir.
Nəzərdə tutulmuş tədbirlərdən biri də “5 Ulduz” Davranışa Əsaslanan Təhlükəsizlik Proqramının tətbiqidir ki, bu da Kompleks Qazma İşləri Trestində təhlükəsiz iş şəraitinin təmin edilməsi, riskli davranışların aradan qaldırılması, eyni zamanda, işçilərlə davamlı ünsiyyətdə olaraq davranışlarının təkmilləşdirilməsinə imkan yaratmaqdır. Proqramın əsas qayəsi işçi personalın SƏTƏMM üzrə davranış səviyyəsinin müəyyən edilməsindən, iş sahələrində nəzarət mexanizminin keyfiyyətinin yüksəldilməsindən, işçilər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş təhlükəsizlik və intizam qaydalarına əməl olunmasından, riskli davranışların aradan qaldırılmasından, əməliyyatların təhlükəsiz şəraitdə yerinə yetirməsindən, həmçinin işçilər arasında cavabdehlik və məsuliyyət hissinin artırılmasından ibarətdir.
“5 Ulduz” Davranışa Əsaslanan Təhlükəsizlik Proqramına əsasən bütün işçilərin dəbilqələrinə “5 Qırmızı Ulduz” etiket çapı vurulur və bunun reyestri aparılır. İşçinin SƏTƏMM sahəsinə olan münasibətindən və davranışından asılı olaraq ulduzların sayı çoxala və ya azala bilər. Əgər hər hansı bir işçi əmək fünksiyasını yerinə yetirən zaman təhlükəsizlik üzrə müsbət və ya təqdirəlayiq performans nümayiş etdirirsə, onun dəbilqəsinə əlavə “Gümüş Ulduz” və ya “Qızıl Ulduz” etiket çapı vurulur. İşçi, həmçinin bu naliyyətlərinə görə müvafiq qaydada mükafatlandırılır.
Əks hal baş verdikdə, yəni, işçinin təhlükəsizlik üzrə davranışında mənfi və ya neqativ hal müşahidə olunarsa, qayda pozuntularına yol verərsə, ona verilən ulduzların sayı azalır, eyni zamanda, qayda pozuntusunun ağırlıq dərəcəsindən asılı olaraq işçi növbədənkənar təlimatlandırılır və ya biliyi yoxlanılır, lazım gələrsə qanunvericilikdə nəzərədə tutulmuş qaydada intizam məsuliyyətinə cəlb olunur.
“5 Ulduz” Davranışa Əsaslanan Təhlükəsizlik Proqramının vasitəsilə işçinin SƏTƏMM sahəsinə olan münasibətini onun dəbilqəsinə vurulan ulduzların vəziyyətinə (sayına və növünə) görə müəyyən etmək olur. Onun SƏTƏMM sahəsinə olan münasibəti dəbilqədə olan ulduzlar vasitəsilə digər işçilərə nümayiş etdirilir. Bu da işçilərdə həvəsin yaranmasına və məsuliyyət hissinin artmasına səbəb olur.
Artıq proqramın tətbiqi ilə bağlı ilkin qiymətləndirmə və mükafatlandırma da həyata keçirilib. Belə ki, trestin Qazmaservis istehsalat bölümünün və Təchizat və logistika bölümünün nümunəvi işçilərinin dəbilqələrinə “Gümüş Ulduz” etiket çapı vurulub, onlar müvafiq sertifikatla təltif olunub və qiymətli hədiyyələr ilə mükafatlandırılıblar.
Belə tədbirlər mütəmadi olaraq həyata keçiriləcək. Nəticədə işçilərin və onların xətti rəhbərlərinin SƏTƏMM ilə bağlı bilik və bacarıqları, məsuliyyət hissləri daha da artacaq.
Nüsrət Məmmədov,
“İki sahil”