28 yanvar 2022 11:19
913

SOCAR: “Şahdəniz”də əlavə iştirak payların alınması prosesi davam edir

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsində “Petronas” şirkətindən əlavə iştirak payların alınması prosesi hələ başa çatmayıb.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

”Şahdəniz” yatağının işlənməsində “Petronas” şirkətindən əlavə payların alınması prosesi davam edir”, - İ. Əhmədov bildirib.

SOCAR-ın nümayəndəsi onu da əlavə edib ki, Rusiyanın “Lukoil” Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihəsində artıq rəsmi tərəfdaşdır.

Belə ki, ötən ilin sentyabrında BP sözügedən layihədə iştirak payının 25%-ni Rusiyanın “Lukoil” şirkətinə satmağı razılaşdırdığı barəsində elən edib. Hazırda layihədə iştirak payları belədir: SOCAR-ın Ortaq Neft Şirkəti - 50%, BP - 25% və “Lukoil” - 25%.

Xatırladaq ki, 2021-ci ilin dekabrında "Lukoil" şirkəti "Şahdəniz" layihəsində Malayziyanın "Petronas" şirkətindən bu ilin oktyabrında imzalanan payın alınmasına dair sazişə düzəlişlərin imzalandığını elan edib. Yeni sazişlərə uyğun olaraq, "Lukoil"un "Şahdəniz"də payı 15,5%-dən 9,99%-ə, əməliyyat məbləği isə proporsional olaraq 2,25 mlrd. ABŞ dollarından 1,45 mlrd. dollara endirilib. Bu dəyişikliklərin imzalanması "Şahdəniz" layihəsi üzrə tərəfdaşlarla üstünlük hüquqlarının həyata keçirilməsinə dair danışıqların nəticəsi olub.

Qeyd edək ki, BP özünün əməliyyatçısı olduğu "Şahdəniz" yatağı üzrə "Petronas" şirkətindən 1,16% iştirak payını 168 mln. dollar məbləğinə almaq haqqında razılığa gəlib. Bu məbləğ "Petronas" tərəfindən öncə elan edilmiş "Şahdəniz" üzrə sövdələşmənin eyni kommersiya şərtləri əsasında razılaşdırılıb. Nəticədə BP-nin "Şahdəniz"dəki ümumi iştirak payı 29,99% təşkil edəcək və BP yatağın operatoru olaraq qalacaq.

Bundan başqa, SOCAR da "Petronas"a məxsus olan 4,35%-lik iştirak payını alıb. Bununla da SOCAR-ın "Şahdəniz"də birbaşa iştirak payı 14,35%-ə yüksəlib.

Xatırladaq ki, ilin oktyabr ayında "Petronas" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında payının satışı ilə bağlı təklifini bütün layihə iştirakçılarına təqdim edib.

"Şahdəniz" layihəsində həmçinin AzSD, "SGC Upstream", NICO və TPAO şirkətləri iştirak edir.