28 yanvar 2022 15:47
1002

"Azəriqaz" İB-ə yeni səlahiyyətlər verilir FOTO

"Qaz təchizatı haqqında" Qanunda nəzərdə tutulan dəyişikliklər qazdan qeyri-qanuni istifadəyə qarşı sərt tədbirlər ehtiva edir

Yanvarın 28-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) mətbuat və qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

İB-nin İctimaiyyətlə ələaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

İşğaldan azad edilmiş rayonların qazlaşdırılmasına dair sualı cavablandıran Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib ki, azad olunan ərazilərdə qazlaşama işi ilə əlaqədar hazırda yalnız layihələndirmə işləri görülür: «İlk olaraq Ağdamın və Şuşanın qazlaşdırılmasından söhbət gedir. Layihələndirmə başa çatandan sonra dərhal qazlaşdırma işinin həyata keçirilməsinə başlanılacaq.»

«Azəriqaz» İB-nin Hüquq Departamentinin rəhbəri Vüqar Eyvazov Milli Məclisdə müzakirə olunan «Qaz təchizatı haqqında» qanun layihəsi barədə məlumat verib. Bildirib ki, qaz təchizatı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbidir: «Eyni zamanda, qazdan istifadə qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş sanksiyaya dəyişiklik edilməsinin obyektiv səbəbləri var. Belə ki, bu dəyişikliklərə səbəb təbii qazdan qanunsuz istifadə (qaz kəmərinə özbaşına qoşulma və ya qaz sayğacının yararsız hala salınması) ilə əlaqədar dəyən ziyanı müəyyənləşdirən normaların qanunvericilikdə olmamasıdır. Nəticə etibarıilə dövlət əmlakını talayanlar cəzasız qalırlar. Təbii ki, «Azəriqaz» İB-ə külli-miqdarda maddi ziyanın vurulması isə onun investisiya yatırmaq imkanlarını xeyli azaldır»

V. Eyvazovun sözlərinə görə, İnzibataiXətalar Məcəlləsində nəzərdə tutulan cərimənin hədsiz kiçik olması (cərimə hətta ölkə üzrə təyin olunmuş yaşayış minimumundan aşağıdır) nəinki qazdan qanunsuz istifadənin qarşısını ala bilmir, hətta dolayısı ilə bu kimi halların artmasına rəvac verir.

Departament rəhbəri bildirib ki, 2017- ci ildən qazdan təhlükəsiz istifadəyə dair tədbirləri Föqəladə Hallar Nazirliyinin müvafiq qurumları həyata keçirir. Lakin «Qaz təchizatı haqqında» Qanundakı təkmilləşməyə görə bu vəzifə yenidən «Azəriqaz» İB-ə həvalə olunur. Qanunun yeni variantında göstərilir ki, Birliyin səlahiyyətli əməkdaşları xüsusi mülkiyyətdə yerləşən istənilən qaz kəmərini (xəttini) və qurğusunu yoxlamaq üçün 5 gün əvvəl abonenti xəbərdar edir. Əgər abonent əməkdaşlara vəzifə səlahiyyətlərini icra etməyə mane olursa onun qaz təchizatı dayandırılır.

Elçin Zaman, "İki sahil"