10 fevral 2022 22:58
570

“Media haqqında” Qanun jurnalistlərə nə vəd edir?

Azərbaycan öz  müstəqilliyini elan etdikdən sonra dövlət  siyasətinin mühüm prioritetlərindən birini də məhz azad mətbuatın formalaşdırılması istiqamətində atılan addımlar təşkil edirdi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün hər sahədə Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən media sahəsində islahatlar ölkədə azad sözə, mətbuata verilən yüksək dəyəri gözlər önünə gətirir. Demokratiya və fikir plüralizminin mövcudluğunun sübutu olan söz və mətbuat azadlığı sahəsində bu günədək çoxsaylı qərarlar qəbul edilmiş, qanunlar qüvvəyə minmişdir. Təbii ki, zamanın tələbindən irəli gələrək, inkişafı stimullaşdırmaq üçün bu qanunlara dəfələrlə əlavə və dəyişikliklər edilmişdir. “Kütləvi informasiya vasitələri haqqında” Qanuna ötən 23 ildə  79 dəfə dəyişiklik edilməsi faktı buna bir nümunədir. Ölkədə media sahəsində yeniliklərə yol açmaq, jurnalistlərin fəaliyyətlərini yaxşılaşdırmaq, jurnalist peşəsinin nüfuzunu yüksəltmək, daha çox inkişafmeyilli mətbuatı formalaşdırmaq məqsədilə ötən il dekabr ayında hazırlanaraq Milli Məclisin müzakirəsinə verilən və qəbul edilərək ölkə başçısına təqdim edilən “Media haqqında” Qanun fevralın 8-də Prezident İlham Əliyev tərəfindən imzalandı.

Media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edən qanun milli informasiya məkanında davamlı inkişafa nail olunmaqda atılan mühüm addımlardan biri kimi qiymətləndirilir. Azad sözə, mətbuata verlən yüksək qiymətin göstəricilərindən olan bu qanun Azərbaycanda bundan sonra hər bir mətbu orqanın və hər bir jurnalistin vəzifələrini daha yaxşı yerinə yetirmələrinə öz töhfəsini verəcək. Bu günə qədər tənzimlənən media münasibətlərində yeni nizamlamanı müəyyən edən və indiyədək qanunun təsir qüvvəsindən kənarda qalan məsələləri özündə birləşdirən “Media haqqında” Qanun ölkənin plüralist informasiya mühitinin gücləndirilməsinə şərait yaradır.

Qanunda xüsusi diqqətçəkən məqamlardan biri də jurnalist anlayışının daha geniş mənada istifadəsi, jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şəraitin yaradılmasıdır. Jurnalistikada əsas diqqət yetirilməsi vacib olan məsələlərdən hesab edilən müəlliflik hüququnun qorunması yeni qanunda xüsusi yerə malikdir. Belə ki, yeni qanun ilə media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin edilərək media subyektlərinin bir-birlərindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq.  Bu da öz növbəsində jurnalistlərin xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafına təşviq edəcəkdir.

Qanunda beynəlxalq praktikaya uyğun olaraq jurnalistlərə könüllülük əsasında vəsiqə verilməsi də nəzərdə tutulub. Bu vəsiqə jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılması məqsədi daşıyır. Jurnalist bu vəsiqəni almadan da öz fəaliyyətini maneəsiz və yeni qanunla müəyyən edilən bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər. 

Dünya praktikasında mühüm təcrübələrdən bəhrələnərək media subyektlərinin bildiriş xarakterli reyestrinin aparılması da yeni “Media haqqında” Qanunda nəzərdə tutulur. Bu yolla onlara fəaliyyətləri ilə bağlı bir çox istiqamətlərdə sadələşdirilmiş prosedurlardan istifadə etmək, habelə hüquqlarının müdafiəsini daha effektiv şəkildə həyata keçirmək imkanı verilir.

Reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır. Reyestrin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə reallaşdıran, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcəkdir. Beləliklə, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək, bu istiqamətdəki fəaliyyətin həcmi və əhatə dairəsi planlaşdırılacaqdır.

Qanunda təsbit olunan “jurnalist anlayışı” xidmət müqaviləsi əsasında işləyən jurnalistləri də əhatə etmişdir.

Ölkə mətbuatının inkişafına öz məhsuldar töhfələrini verən  mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən hazırkı dövrədək bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Nəticə olaraq bir qisim jurnalistin mənzil-məişət şəraiti tam şəkildə dövlət büdcəsinin vəsaiti hesabına yaxşılaşdırılıb. Media Reyestrinə daxil edilmiş və jurnalistika sahəsində müəyyən qədər staja malik olan jurnalistlərə, habelə gənc ailənin üzvü olan jurnalistlərə mənzil almaları üçün dövlət dəstəkli güzəştli ipoteka kreditindən yaralanmaq hüququ verilir.

Dövlət  başçımızın  imzaladığı yeni “Media haqqında” Qanun cəmiyyəti dəqiq, qərəzsiz və vicdanlı informasiyalar ilə təmin edən, qələminə hörmət edib şərəflə peşəsini icra edən jurnalistlərin sosial təminatlarının yaxşılaşdırılmasına da imkan yaradıb. Belə ki, jurnalistlərə dövlət təminatlı güzəştli ipoteka kreditindən istifadə etməklə öz gəlirləri hesabına mənzil ehtiyaclarını qarşılamaq üçün qanunla şərait yaradılır.

Ümumilikdə 9 fəsil, 78 maddədən ibarət olan “Media haqqında” Qanunun mətbuatda hazırda mövcud olan müəyyən boşluqların doldurulmasına, mediamızın yeni inkişaf dövrünü yaşamasına və jurnalistlərin daha səmərəli, inkişafyönümlü fəaliyyətlərinə mühüm töhfə verəcəyinə ümidlər böyükdür.

Nilufər Mustafaqızı, “İki sahil”