24 fevral 2022 15:23
863

Xocalı - faciədən doğan intiqam

Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının inzibati binasında İsmayıllı şəhəri Heydər Əliyev prospekti 20 ünvanında İsmayıllı Rayon Təhsil Şöbəsinin, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30 -cu ildönümü münasibətilə şəhid ailələri ilə geniş tərkibdə görüş keçirilib.

Çıxışlar zamanı qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi.

Şəhid ailələrinin nümayəndələri çıxışlarında qeyd ediblər ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərimizin intiqamını aldı.

Heydər Əliyev Fondunun həm ölkəmizdə, həm də respublikamızın hüdudlarından kənarda təşkil etdiyi silsilə tədbirlər vasitəsilə dünya Xocalı soyqırımı haqqında həqiqətləri öyrənir.

2008-ci ildən Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya Ədalət!” kampaniyasına dünyanın 40-dan çox ölkəsi qoşulub.

Ruhunuz şad olsun!

Orxan Vahidoğlu, “İki sahil”