Azərbaycan iqtisadiyyatının flaqmanı olan SOCAR neftin qazın hasilatı, emalı, satışı üzrə fəaliyyət göstərməklə yanaşı, ölkəmizdə qazma əməliyyatlarının fasiləsizliyini təmin etmək, qarşıya qoyulan strateji hədəflərə çatmaq, dayanıqlılığı artırmaq və neft-qaz quyularının qazılması sənayesində xarici bazarlara çıxışın təmin edilməsi istiqamətində dayanmadan çalışır.
Bu istiqamətdə Azərbaycanın neft-qaz çıxarma sənayesində böyük təcrübəyə malik, SOCAR-ın müxtəlif yataqlarında 2007-ci ildən başlayaraq axtarış-kəşfiyyat qazma işlərini, müxtəlif quyu xidmətlərini yüksək keyfiyyətlə həyata keçirən, 15 illik fəaliyyəti dövründə ümumilikdə 1038 quyunun təxminən 1,7 milyon metrə yaxın qazma əməliyyatlarını icra edən “Kompleks Qazma İşləri” Tresti beynəlxalq standartların tələblərinə əsasən fəaliyyət göstərir. Eyni zamanda, Trest SƏTƏMM üzrə siyasətini müvafiq qanunvüericiliyə uyğun həyata keçirmək üçün hər bir istehsalat sahəsində çalışan işçilərə sağlam və təhlükəsiz iş şəraiti yaratmağa, hər bir işçinin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etməyə hazır olduğunu bəyan edir.
Trest dünyanın tanınmış sertifikatlaşdırma orqanı olan SGS şirkətlər qrupu ilə 2021-ci ildən əməkdaşlığa start verib. “Kompleks Qazma İşləri” Tresti SGS şirkətlər qrupu tərəfindən İSO 9001:2015, İSO 14001:2015 və İSO 45001:2018 standartlarının sertifikatlarına layiq görülüb.
Martın 16-da “Kompleks Qazma İşləri” Trestində “SGS Azeri Ltd” MMC tərəfindən beynəlxalq sertifikatların təqdimetmə mərasimi keçirilib.
Mərasimdə Trestin müdiri Elnur Süleymanov SGS şirkəti tərəfindən keçirilmiş audit prosesinin obyektivliyindən və sertifikatlaşma prosesinin gələcək faydalarının vacibliyindən bəhs edərək mərasimi Trestin tarixində mühüm hadisə kimi qiymətləndirib.
SOCAR-ın Keyfiyyətin İdarəedilməsi Sisteminin Təşkili Departamentinin rəis müavini Nəriman Əkbərov öz çıxışında “Kompleks Qazma İşləri” Trestinin fəaliyyəti dövründə belə əlamətdar hadisənin baş verməsi münasibətilə Trest rəhbərliyini təbrik edib. SOCAR-ın sturuktur bölmələrinin gələcəkdə APİ Q1 və Q2 standartları üzrə də sertifikatlaşmasının prioritet olduğunu bildirib.
Trestin SƏTƏMM və Keyfiyyətə Nəzarət Departamentinin rəisi Sərdar Hüseynli çıxışında SGS şirkəti tərəfindən keçirilmiş audit prosesindən və əldə olunmuş nəticələrdən bəhs edərək SGS şirkəti ilə fəaliyyətin səmərəli təşkil edildiyini, “Kompleks Qazma İşləri” Trestində də bu istiqamətdə davamlı olaraq müvafiq tədbirlərin görüldüyünü və əsas məqsədin Trestin SƏTƏMM üzrə siyasətinə uyğun olaraq istehsalatda bütün işlərin və əməliyyatların bədbəxt hadisələrə, peşə xəstəliklərinə, qəza hallarına yol vermədən və istehsal prosesində ətraf mühitə zərər vurmadan həyata keçirilməsi olduğunu qeyd edib.
“SGS Azeri Ltd” MMC-nin idarəedici müdiri Seymur Ağayev isə öz növbəsində audit prosesində yaradılan şəraitə və xoş münasibətə görə Trestin rəhbərliyinə öz minnətdarlığını bildirib. Audit prosesində Trestin fəaliyyəti ilə yaxından tanış olduğunu və bu qurumun gələcəkdə daha böyük uğurlara layiq olduğunu bildirərək, birgə əməkdaşlıq sahəsində hər iki təşkilata uğurlar arzulayıb.
Yekunda Trestin müdiri E.Süleymanov vurğulayıb ki, yaxın gələcək üçün hədəflərdən biri də Trestin APİ Q2 standartı üzrə sertifikatlaşmasıdır ki, bu istiqamətdə komanda şəksplində müvafiq işlər aparılır. Qarşıya qoyulmuş hədəfə çatmaq üçün qabaqcıl beynəlxalq təcrübələrdən bəhrələnib daha effektiv proqramlar tətbiq edilməli, müntəzəm maarifləndirici və motivasiyaedici tədbirlər görərək preventiv SƏTƏMM və keyfiyyət mədəniyyəti daha da yüksəldilməlidir.
Orxan Vahidoğlu,
Vüsal Cahanov (Foto), “İki sahil”