Əhali ölkə başçısının siyasətini ürəkdən bəyənir. Lənkəran Şəhər İcran Hakimiyyətinin başçısı Taleh Qaraşovun rayonun Gərmətük qəsəbəsi və Velədi kəndi sakinləri ilə keçirdiyi səyyar qəbul-görüş bir daha bunu göstərdi. Bəri başdan deyim ki, görüş çox səmimi alındı. Hər iki yaşayış məntəqəsində xeyli sayda əhali vardır. Onların adından danışanlar görülən işlərə görə minnətdarlıq etməklə bərabər, həlli vacib olan məsəllər də toxundular. İrəli sürülən təkliflər dərhal icra başçısı tərəfindən qeydiyyata götürüldü, bir sıra məsələlər yerindəcə həll olundu, həlli vaxt tələb edən problemlərlə bağlı isə aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verildi.
İcra başçısı qəbul-görüşdə çıxış edib son illərdə hər iki yaşayış məntəqəsinin sosial-iqtisadi inkişafı sahəsində görülən işləri bir daha diqqətə çatdıraraq, bunların hər birinin ölkə başçısının diqqət və qayğısı ilə başa gəldiyini, məhz bu işlər sayəsində sakinlərin maddi-məişət şəraitinin, xüsusilə infrastrukturun yüksək səviyyədə olduğunu vurğuladı.
Yenidən söz sakinlərə verildi. Danışanlar İcra başçısının səyyar qəbulundan razılığını ifadə edərək dünyada və bölgədə baş verən hadisələrə münasibət bildirdilər, dövlət başçısının bu sahədə həyata keçirdiyi uğurlu siyasəti ürəkdən bəyəndiyini, Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərində həyata keçirilən tikinti-quruculuq işlərdən və Milli Ordumuzun separatçı erməni quldur dəstələrinə endirdiyi sarsıdıcı zərbələrdən sevinc hissi keçirdiyini dedilər. Həm də müraciətlərinə göstərilən həssas münasibətə, davamlı qayğıya və əvvəlki qəbul-görüşlər zamanı qaldırılan məsələlərin- magistral yollarla yanaşı daxili yollara asfalt döşəməsinə , küçələrə işıq verməsinə, ərazinin təbii qaz və içməli su ilə təmin olmasına görə ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq söylədilər.
Qəbul-görüşdə İcra başçısı ilə birlikdə rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri iştirak edirdilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü