31 mart 2022 14:57
877

BMU-nun əməkdaşları Türkiyədə təlimdə iştirak ediblər FOTO

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları (Riyaziyyat və informatika kafedrasının baş müəllimi Elməddin Hüseynov, Kompüter və informasiya texnologiyaları kafedrasının müəllimi Əhməd Əhmədzadə) Türkiyənin Orta Şərq Texniki Universitetində (ODTU) təşkil olunan təlimdə iştirak ediblər.

“İki sahil” xəbər verir ki,  “İnsan-Kompüter İnterfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi layihəsi çərçivəsində gerçəkləşən təlimdə ümumilikdə Azərbaycanın 12 universitetindən 17 nümayəndə təmsil olunub. Təhsil Nazirliyinin  “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsində uğur qazanan layihənin qalibi və koordinatoru Naxçıvan Universiteti, layihənin eksperti isə dünya şöhrətli alim, ODTU-nun professoru Kürşat Çağıltaydır.

Səfər zamanı iştirakçılara ODTU-nun tarixi, infrastrukturu, tədqiqat mərkəzləri, texnoparkı, layihələndirmə fabriki, beynəlxalq əməkdaşlığı, qoşulduğu mübadilə proqramları haqqında ətraflı məlumat verilib. ODTU İnsan-Kompüter İnterfeysinin (HCİ) laboratoriyaları ilə tanışlıqdan sonra “Tobii eye traker - göz izləmə cihazlarının laboratoriya studiyası”nda laboratoriyanın iş prinsipi praktik tapşırıqlarla nəzərə çatdırılıb.

 “Bilgisayar və Öğretim Teknolojileri Eğitimi” kafedrasının kompüter laboratoriyasında Serap Yağmurun “Koqnitiv Modelləşdirmə və CogTool - interfeys layihələndirmə sistemi” mövzusunda təqdimatı dinlənilib.

Təlim çərçivəsində ODTU “Layihələndirmə Fabriki”ndə (Tasarım Fabrikası) keçirilən görüşlərdə fabrikin məqsədi, iş mexanizmi haqqında zəruri informasiyalar nəzərə çatdırılıb, həmçinin “Fənlərarası Layihələndirmə Studiyası”, “Desktop eye tracker” və “Tobii Glass eye tracker Demo” studiyaları haqqında təqdimatlar edilib, praktik məşğələlər icra olunub.

Universitetin texnokəndində araşdırma mərkəzləri, icra olunan layihələr, icraçı şirkətlər, “Teknokent Cozone” haqqında geniş məlumat verilib. Bununla yanaşı, “Eğitim” fakültəsinin “Lego Laboratoriyası”nın təyinatı, həyata keçirilən layihələr, robot, dron texnologiyalarından bəhs edilib.

Bununla yanaşı, “Bilgisayar Mühəndisliyi” kafedrasının fəaliyyəti haqqında məlumatlar təlim iştirakçılarına təqdim olunub, ixtisasın tədris planı, semestrlər üzrə paylanması, fənlərdə tədris olunan istiqamətlər, mümkün əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

GİSAM mərkəzində (Görsel İşitsel Sistemler Araştırma ve Uygulama Merkezi) K.Çağıltayın təqdimatında mərkəzin müxtəlif innovativ layihələri, göz hərəkətləri ilə idarə olunan əlil arabaları, oyun proqramları nümayiş etdirilib.

Sonda K.Çağıltay ilə layihə iştirakçıları arasında müxtəlif əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, layihə çərçivəsində professorun Azərbaycan dilinə tərcümə olunacaq “İnsan-Bilgisayar Etkileşimi ve Kullanılabilirlik Mühendisliği” kitabının təqdimatı və insan - kompüter interfeyslərininin araşdırılmasına dair birgə beynəlxalq konfransın keçirilməsi müzakirə olunub.