Aprel 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin inzibati binasında ölkənin kommunal təsərrüfatında, o cümlədən qaz təsərrüfatında mövcud vəziyyət, bununla əlaqədar yarana biləcək fövqəladə hallarla bağlı məsələlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir zamanı qaz təsərrüfatı ilə bağlı bildirilib ki, maye qaz balonlarının doldurulması, istismarı, balonların texniki təhlükəsizlik qaydalarının tələblərinə nəzarət aidiyyəti qurumlar tərəfindən təmin olunmalıdır. Həmçinin, ictimai-iaşə obyektlərində qeyri-qanuni olaraq qazdan istifadə halları ilə də ciddi mübarizə aparılmalıdır. İstehlakçıların qaz qurğularının, qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin müayinə edilərək yoxlanılması funksiyasının bilavasitə “Azəriqaz” İB-nə aid olduğunu nəzərə alaraq, bu sahədə zəruri tədbirlərin görülməlidir. Müşavirənin yekunu olaraq aidiyyəti qurumların mütəxəssislərindən ibarət birgə komissiyalar tərəfindən paytaxt Bakı şəhərindən başlamaqla ictimai-iaşə obyektlərində gücləndirilmiş yoxlama-nəzarət tədbirlərinin keçirilməsi və aşkar edilmiş pozuntularla bağlı dərhal qanunamüvafiq tədbirlərin görülməsi qərara alınıb.
Verilən tapşırıqlara uyğun olaraq, aprel ayının 11 və 12-də Pirallahı Rayon İcra Hakimiyyətinin, Pirallahı Rayon Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin, “Azəriqaz” İstehsalat Birliyinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin, Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndələrindən yaradılan xüsusi qruplar rayonun ictimai-iaşə obyektlərində monitorinq keçiriblər. Monitorinqlərin məqsədi real vəziyyətin yerində öyrənilməsi, gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması və burada çalışan işçilərin maarifləndirilməsidir.
Monitorinq zamanı, ilk növbədə, mütəxəssislərin, obyektlərin mətbəx və digər sahələrinə baxışlar keçirilməsi, qaz balonları və başqa qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərin vəziyyətini qiymətləndirilməsi həyata keçirilmişdir. Yoxalama zamanı 40-a yaxın obyektdə olunmuş, sahibkarlara nöqsanlarla bağlı ciddi xəbərdarlıq verilmiş, norma və qaydalara uyğun olmayan qaz balonları isə götürlümüşdür. Nöqsanlar obyekt rəhbərlərinin nəzərinə çatdırılıb, təhlükəsizlik texnikası qaydaları tələblərinə düzgün riayət edilməsi və digər məsələlərlə bağlı obyektlərin işçi heyəti ilə maarifləndirici söhbətlər aparılıb. Monitorinqlər yekunlaşandan sonra sahibkarlarla mütəmadi olaraq müvafiq seminarların keçirilməsi nəzərdə tutulub.
Aprelin ayının 13-də isə Pirallahı rayonunda “Rayonun qaz, elektrik, su və kommunal təsərrüfatlarında mövcud vəziyyət və yarana biləcək fövqəladə halların qarşısının alınması” mövzusunda rayon müşavirəsi keçirilib. Tədbirdə RİH əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, sahibkarlar iştirak ediblər.
Tədbirdə ilk öncə rayonun qaz, elektrik, su və kommunal təsərrüfatlarında mövcud vəziyyəti ilə bağlı hazırlanmış təqdimat nümayiş olundu.
Pirallahı Rayon İcra Hakimiyyətin başçısı Vasif İmanov tədbir iştirakçılarının salamlayaraq diqqətə çatdırdı ki, dünən Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gündəmdə olan bir çox məsələlərlə bağlı açıqlama vermiş, 2022-ci ilin birinci rübünün yekunlarını qiymətləndirmiş, müharibədən sonrakı dövrdə görülən işlər, Brüsseldə Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşdə Ermənistanla aparılan danışıqlar, münasibətlərin perspektivləri, ATƏT-in Minsk Qrupunun 28 illik fəaliyyətsizlidən, işğaldan azad olunan torpaqlarında abadlıq-quruculuq işlərin aparılması, yeni dünya düzənində Azərbaycanın rolu və daha bir çox məsələlərlə bağlı fikirlər səsləndirmişdir. Natiq qeyd etdi ki, Ermənistan Azərbaycanın “5 şərti”-ni qəbul etməli və reallıqla barışmalıdır. Ayın sonuna qədər ikitərəfli delimitasiya və demarkasiya komissiyası yaradılmalıdır. Diqqətə çatdırıldı ki, carı il BMT-yə üzvlüyünün 30 illiyi ilə bağlı Şuşada beynəlxalq tədbir keçirilmişdir. Bildiyiniz kimi, TÜRKSOY Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etmişdir. Gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək. Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişlər.
Qeyd edildi ki, Azərbaycan Prezidenti öz çıxışlarında dəfələrlə qeyd edib ki, bizim siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İnsanların sağlamlığı Azərbaycan rəhbərliyi üçün prioritet məsələdir. Prezident İlham Əliyevin reallaşdırdığı siyasət göstərir ki, dövlətimiz üçün insan amili, vətəndaşların sağlamlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı və cəmiyyətimizin rifahı başlıca vəzifədir. Səbail rayonunda baş verən hadisə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu hadisəyə göstərdiyi diqqət və verdiyi tapşırıqlar bunun əyani sübutudur.
Sonra İcra Hakimiyyətinin başçısı rayonun kommunal təsərrüfatı, o cümlədən qaz təsərrüfatındakı mövcud vəziyyət barədə geniş məlumat verib. Diqqətə çatdırıldı ki, “Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikasının Baş nazirinin 11 aprel 2022-ci il tarixli Sərəncamına əsasən və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tapşırığına uyğun olaraq Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin rayon bölməsinin, “Azərişıq” ASC-nin, “Azəriqaz” İB-nin və “Azərsu” ASC-nin , Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndələrindən ibarət xüsusi qruplar yaradılaraq rayonun ictimai-iaşə obyektlərində yoxlama-nəzarət tədbirləri keçirilmişdir və bu işlər mütəmadi olaraq davam etdiriləcəkdir.
Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin Pirallahı rayonu üzrə nümayəndəsi Məlikağa Xanəhmədov çıxış edərək qaz təsərrüfatında təhlükəsizlik tədbirləri haqqında müşavirə iştirakçılarını məlumatlandırmış, aparılan monitorinqlərin nəticələri barədə məlumat vermişdir. Maarifləndirici söhbətlərdə qaz təsərrüfatında təhlükəsizlik qaydalarının pozulması, o cümlədən qaz cihazlarının nəzarətsiz qalması, onların istifadəsinin uşaqlara həvalə edilməsi, tüstü bacalarının işlək və təmiz vəziyyətdə olmaması, standartlara uyğun olmayan qaz cihazlarından istifadə olunmaması tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Natiq, həmçinin, bu ilin aprel ayının 3-də Bakı şəhərində yerləşən “Location” gecə klubunda baş vermiş partlayış barədə danışaraq, ictimai-iaşə obyektlərinin, o cümlədən binaların zirzəmi və birinci mərtəbələrində yerləşən obyektlərin xüsusilə qaz təsərrüfatlarında aşkar edilən yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması hallarının acı faciələrə yol aça bildiyini, hər an potensial təhlükə mənbəyi olduğunu vurğulayıb.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Pirallahı rayonu üzrə nümayəndəsi Baba Məmmədov qeyd etdi ki, istehsalat və yaşayış sahələrində yanğın hadisələrinin böyük əksəriyyəti elektrik xətlərinin və qurğularının istismarı, məişət elektrik cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir. Natiq rayonun enerji təchizatının mövcud vəziyyəti, problemlər və onların həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat verdi.
Fövqəladə Hallar Nazirliyi, Dövlət Yanğın Nəzarəti Xidməti, 4-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru, daxili xidmət mayoru İlham Əhmədov tərəfindən “112” qaynar xətti”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürücü balondan istifadə qaydaları” və digər mövzular haqqında ətraflı məlumat verdi. İlham Əhmədov bildirdi ki monitorinq zamanı, ilk növbədə, mütəxəssislərin, obyektlərin mətbəx və digər sahələrinə baxışlar keçirilməsi, qaz balonları və başqa qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərin vəziyyətinin qiymətləndirilməsi həyata keçirilmiş və sahibkarlara müvafiq tapşırıqlar verilərək, mövcud problemlərin aradan qaldırılması tapşırılmışdır.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Pirallahı Rayon Su-kanal İdarəsinin, əməyin təhlükəsizliyi üzrə mühəndisi Arif Rəhimli, Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Röyal Sarıməmmədov çıxış edərək aidiyyəti sahələrdə fövqəladə hadisələrə səbəb ola biləcək hallar, onları doğuran səbəblər barədə ətraflı məlumat verdilər.
Müşavirənin yekunu olaraq bildirildi ki, rayon ərazisində monitorinqlər davam etdiriləcək, həmçinin, verilən tapşırıqların icrasına nəzarət mütəmadi olaraq həyata keçiriləcəkdir.