15 aprel 2022 21:58
2571

Naxçıvanın qədim tarixinin öyrənilməsində Kültəpə abidələrinin əhəmiyyəti

Hər il aprel ayının 18-də YUNESKO-nun abidələrin və tarixi yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul etdiyi qərara əsasən “Beynəlxalq abidələr və tarixi yerlər” günü kimi kimi qeyd olunur. Məqsəd dünya ictimayyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdən ibarətdir. Dünyanın bütün bölgələrində olduğu kimi Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da, abidələrlə zəngindir. Qədim tarixə, zəngin mədəniyyətə malikdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir”. Naxçıvan Muxtar Respublikası yaşayış üçün əlverişli təbii çoğrafi mövqeyə malik olduğu üçün daş dövründən başlayaraq insanlar bu bölgədə yaşayaraq zəngin maddi-mədəniyyət nümunələri yaratmışlar. Tariximizi, maddi və mənəvi mədəniyyətimizi dərindən öyrənmək üçün Naхçıvan Muхtar Rеspublikasının ərazisindəki qədim yaşayış yеrlərinin, nеkrоpоlların, müdafiə istеhkamlarının tədqiq еdilməsinin еlmi əhəmiyyəti böyükdür.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Naxçıvanın hər daşı, hər qayası bir tarixi abidədir”

Naxçıvan Muxtar Respublikanın ərazisində olan abidələr həm yazıyaqədərki, həm də yazının meydana çıxmasından sonrakı tariximizi öyrənmək üçün əvəzsiz mənbələrdəndir. Belə abidələrimiz içərisində I Kültəpə, II Kültəpə, Maxta Kültəpəsi yaşayış yerləri mühüm yer tutur. Bu abidələrdə həm əvvəlki dövrlərdə, həm də son zamanlarda əldə olunmuş arxeoloji materiallar nəinki Azərbaycan, həmçinin dünya arxeologiyasında özünəməxsus yer tutur.

Ovçulartəpəsi, Xələc, Ərəbyengicə abidələrində olduğu kimi Maxta Kültəpəsindən də, Proto Kür-Araz keramikasının aşkar olunması Naxçıvanda Kür-Araz mədəniyyətinin formalaşması tarixinin qədim olduğunu sübut edir. Bu yaşayış yerində qeydə alınmış Erkən Tunc dövrünə aid olan metal istehsalı ilə bağlı daş qəlib və metalın ilkin əridilməsi üçün istifadə olunan ocaq onu göstərir ki, bu dövrdə Naxçıvanda metalurgiyanın inkişafında qeyd olunan yaşayış yeri də mühüm yer tutmuş, orada metal istehsalının bütün mərhələləri icra olunmuşdur.

I Kültəpə abidəsindən aşkar edilmiş tikili qalıqları e.ə. VII-I minillikdə Naxçıvanın qədim sakinlərinin mədəni həyat səviyyəsini özündə əks etdirir. Tikililər sadə daxili interyerə malikdir. Evlərin içərisində və onların ətrafında təsərrüfat məqsədilə istifadə olunan müxtəlif qurğular düzəldilibdir. Ərzaq ehtiyatı taxıl quyularında, yaxud təsərrüfat küplərində saxlanılıbdır. Evlərin həyətində və təsərrüfat tikintilərinin ətrafında daş döşəmələrdən istifadə edilmişdir. Onların qızdırılmasında dördkünc və dairəvi formalı gil ocaqlardan istifadə edilmişdir. Abidənin VIII tikinti qatından aşkar olunmuş ritual məqsədlə istifadə olunmuş ocaqların bənzərləri Şərqi Anadolunun Neolit və Eneolit abidələrindən aşkar edilmişdir. Tıkililərin bir çoxu Cənubi Qafqazın bir çox abidələri ilə yanaşı Urmiya hövzəsinin, Şimali Mesopotomiyanın  qədim arxitekturaları ilə bənzərlik təşkil edir. Yaşayış yerinin e.ə. VII minilliyə aid mədəni təbəqəsindən həm yabanı, həm də mədəni taxıl dənlərinin, yumşaq buğda (Triticum sativum), şarşəkilli buğda (Triticum steriococum), cırtdan buğda (Triticum kompactum Hest), qılcıqsız arpa (Hordeum Sativum), butılkaşəkilli arpa (Hordenm Lagun culiforme) növlərinin tapılması Naxçıvanın Cənubi Qafqazda dənli bitkilərin becərildiyi ilk ocaqlardan biri olduğunu sübut edir. Əkinçiliklə bağlı  tapılan əmək alətləri (toxalar, dən daşları, sürtkəclər, həvənglər, dəstələr) e.ə. VII-I minilliklərdə I Kültəpə yaşayış yerində yaşayan insanların əkinçilik məhsullarını emal etmək sahəsində yüksək mədəniyyətə sahib olduğunu sübut edir. Abidədən tapılan bəzək əşyalarının, gil heyvan fiqurlarının, keramika və metal məmulatlarından hər biri mühüm elmi əhəmiyyət daşıyır. Çox çeşidli olan bəzək əşyaları qədim Kültəpə sakinlərinin yüksək geyim mədəniyyətinə sahib olduğunu qeyd etməyə əsas verir. Dini məqsədlərlə istifadə olunmuş gil heyvan fiqurları Naxçıvanda heykəltaraşlığın tarixinin qədim olduğunu qeyd etməyə əsas verir. Yaşayış yerindən tapılan arxeoloji materialların kompleks şəkildə öyrənilməsi nəticəsində I Kültəpə sakinlərinin qədim sənətkarlıq sahələri olan daşişləmə, sümükişləmə, dulusçuluq və digər sahələrdə yüksək mədəniyyətə sahib olduğunu göstərir. Abidənin Erkən Tunc dövrü təbəqəsindən tapılmış gil qabların  Eneolit dövrünün qabları ilə müqayisədə yaxşı yoğrulması, keyfiyyətlə bişirilməsi, simmetrik olması, anqoblanması Kür-Araz mədəniyyətinin ilk mərhələsindən başlayaraq Naxçıvanda dulusçuluğun ev sənəti çərçivəsindən çıxaraq ixtisaslaşmış istehsal sahəsinə çevrildiyini sübut edir. Abidədəki qəbirlərdə insanların sağ və ya sol böyrü üstə dəfn edilməsi Şumer-Ubeyd mədəniyyəti abidələrində, prototürk mədəniyyətində geniş yayılmışdır. Dəfn zamanı insanların başının altına daş qoyulması türk xalqları içərisində geniş yayılan islamaqədərki adətlər, inanclar sistemimizin tərkib hissələrindən biri olan daşa sitayişlə bağlılıq təşkil edir. İstər dəfnetmə adətində, istərsədə əldə olunmuş arxeoloji materialların üzərindəki ornamentasiyalarda prototürk elementlərinin olması e.ə. VII-I minilliklərdə Naxçıvan Muxtar Respublikasının bütün bölgələrində olduğu kimi Naxçıvançay vadisində də tarixən qədim türk etnoslarının yaşadığını bir daha sübut edir.

I Kültəpə abidəsində olduğu kimi II Kültəpə abidəsində də, daş təməl üzərində çiy kərpicdən, yaxud möhrədən olan tikililər Cənubi Qafqazın bir çox abidələri ilə yanaşı Urmiya hövzəsinin, Şimali Mesopotomiyanın  qədim arxitekturaları ilə bənzərlik təşkil edir.  II Kültəpə yaşatış yerindən aşkar olunmuş arxeoloji materiallar əsasnda beş min il bundan əvvəl Naxçıvanda şəhərtipli yaşayış yerlərinin salındığı və şəhərsalma mədəniyyətinin formalaşdığı öz təsdiqini tapmışdır. Yaşayış yerinin küçələrinə daş döşənməsi, çirkab suların şəhərdən çıxarılması üçün burada müəyyən kanalların olması eradan əvvəl III minillikdə Naxçıvanda şəhərsalma mədəniyyətinin əsas xüsusiyyətlərindən biri olan təmizlik sisteminin olduğunu qeyd etməyə əsas verir. Yaşayış yerlərindəki tikililərin sistemli şəkldə küçələr boyunca salınması onların bir qayda olaraq, müəyyən plan əsasında tikildiyini göstərir. Abidədən tapılan dulusçuluq məhəlləsi və mükəmməl quruluşlu dulus kürələr, içərisi boya ilə dolu olan küpələr, bütöv boyalı qablar Orta Tunc dövründə II Kültəpənin Naxçıvanın mühüm dulusçuluq mərkəzi, “Boyalı qablar mədəniyyəti”nin əsas mərkəzlərindən biri olduğunu sübut edir.

Toğrul Xəlilov,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent