Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 13 nəfərin ölümü və 13 nəfərin ağır xəsarət alması ilə nəticələnmiş, dünyada törədilən qanlı hadisələrin siyahısına daxil edilən 30 aprel 2009-cu il terror aktının 13-cü ildönümü ilə əlaqədar anım tədbiri kecirildi.
ADNSU-nun ikinci tədris binasının foyesində 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunmuş barelyefin önünə Universitetin kollektivi adından əklil qoyuldu, gül-çiçək dəstələri düzüldü.
Terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verildi.
ADNSU-nun professor-müəllim heyətinin, tələbələrin, terror qurbanlarının ailə üzvlərinin iştirakı ilə barelyefin önündə başlayan anım tədbirində çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı bildirdi ki, beynəlxalq terrorizm, onun əsas həlqələrindən biri olan erməni terrorizmi bəşəri problemə çevrilib. Milyonlarla dinc vətəndaşın qətlinə səbəb olan erməni terrorizminin bir əsrdən çox tarixi olmasından, ümumiyyətlə, indiyədək erməni terror təşkilatlarının törətdikləri terror aktları nəticəsində yüzlərlə insanın həyatını itirməsindən bəhs edən rektor qeyd edib ki, erməni terrorizminin növbəti mərhələsi əsassız torpaq iddialarının baş qaldırdığı, hazırda tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin yarandığı və bir milyondan artıq soydaşımızın qaçqın və köçkün düşdüyü dövrə təsadüf edir. Milliyyətindən asılı olmayaraq insanlığa, bəşəriyyətə yönəlmiş cinayət olan belə aktlara qarşı beynəlxalq səviyyədə aparılan mübarizədə fərqlənən Azərbaycan erməni terrorundan əziyyət çəkən ölkə olmaqla beynəlxalq koalisiyanın üzvü kimi səylərini əsirgəmir.
2009-cu il aprelin 30-da ADNA-da törədilmiş terror aktını digərlərindən fərqləndirən xüsusiyyəti diqqətə çatdıran M.Babanlı qeyd etdi ki, Azərbaycanın düşünən beyinləri – alimləri və gəncləri, ölkənin gələcəyi hədəfə alındı: “Azərbaycan hər zaman elmi potensialı ilə diqqət mərkəzində olub, dünya elminin inkişafına böyük töhfələr verib. Hər bir ölkənin inkişafında təhsilin, elmin rolunu nəzərə alan Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar, onların uğurlu nəticələri göz önündədir. Azərbaycan gəncliyi elmin sirrlərinə dərindən yiyələnir, əldə etdikləri bilikləri müasir müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə töhfələr verməyə yönəldirlər. Dövlət başçısı İlham Əliyevin 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı ilk gündən səsləndirdiyi “Neft kapitalını insan kapitalına çevirək!” tezisi təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılmasında başlıca prinsipə çevrildi. Təşəbbüsləri gerçəkliyə çevirən Azərbaycanın irəli sürdüyü hər bir yeni layihə kadr potensialını daha da aktuallaşdırır ki, ölkəmizdə bunun üçün möhkəm baza formalaşdırılıb.”
Mustafa Babanlı Azərbaycanın tarixi Zəfərində vətənpərvər gəncliyin rolundan da bəhs edərək qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əydi, qazilərimizə şəfa dilədi. Universitetdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan 23 məzunun həyat yolunu özündə əks etdurən sərgi açılıb.
Rektor onu da əlavə etdi ki, 30 aprel terror qurbanlarının da Azərbaycanımızın bugünü üçün böyük arzuları, istəkləri, özlərinin gələcək planları vardır. Namərd gülləsinə qurban getməsəydilər bu gün onlar da həmkarları kimi, ölkə iqtisadiyyatının inkişafında əsl vətəndaş kimi fədakarlıq göstərəcək, Vətənə layiq olduqlarını xidmətləri ilə bildirəcəkdilər. ADNSU-nun foyesində 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunmuş barelyef gündəlik olaraq onun önündən keçən minlərlə tələbəyə 13 il əvvəl bu təhsil ocağında yazılmış qəhrəmanlıq salnaməsini xatırladır, onlara yaxşı təhsil alaraq, elmin sirlərinə dərindən yiyələnərək qalib Azərbaycanın gələcək inkişafına böyük töhfələr verməyə çağırışlar edir.
M.Babanlı 30 aprel 2009-cu ildə törədilmiş terror aktı qurbanlarının valideynlərinə, doğmalarına və yaxınlarına bir daha dərin hüznlə bağsağlığı verdi, onların xatirəsinin daim qəlbimizdə yaşayacağını bildirdi.
Anım tədbirində çıxış edən 30 aprel terror qurbanlarının valideynləri, doğmaları, hadisənin şahidləri Universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə etdi, faciələrimizin unudulmamasında, gələcək nəsillərə çatdırılmasında belə tədbirlərin əhəmiyyətini vurğuladılar.
Yeganə Əliyeva, “İki sahil”