Şimal bölgəsində qədim yaşayış məskənləri və abidələri ilə zəngin olan yerlərdən biri də Xaçmaz rayonudur. Burada insanların inandığı, ziyarətə gəldikləri və qurbanlıqlar kəsdikləri məkanlar var.
Belə məkanlardan biri də Xaçmazın Hacıabdurəhimoba kəndində yerləşir: oraya gedəndə sanki zaman dayanır. Ətrafı əhatə edən uca palıd ağacları 100 ildən çoxdur ki, bu torpaqların səsini eşidir, amma artıq danışmırlar. Susurlar. Çünki insanlar unudub buraları...
Bir zamanlar insanların dua etdiyi, niyyət tutub gözlərini göyə dikdiyi bu ərazidə indi sükut adlı gözəgörünməz bir "varlıq" ətrafı seyr edir. Bir zamanlar insanların susuzluğunu yatıran, təmizliyinə xidmət edən təbii bulağın yerində qamışlar bitib.
Bir tərəfi açıq tikilidə isə müxtəlif qab-qacaq, manqal izləri var — görünür, bura indi yalnız ara-sıra gələnlərin piknik məkanına çevrilib. Görünür ki, burada hansısa tanınmış, müqəddəs bildikləri insanlar da burada dəfn olunub. Buradakı tikilinin içində ölüləri yumaq, dəfn etmək üçün saxlanan alətlər var. Bu isə, bu məkana başqa bir hüzn, başqa bir sirr qatır.
Bu kənddə uzun illər yaşamış, hazırda Quba rayonunda yaşayan 84 yaşlı Şəmsəddin Teymurov deyir ki, bu yer bir zamanlar insanların axışdığı ziyarətgah olub: "Mənim xatirimdədir, 1940-1950-ci illərdə bura pir kimi bir yer idi. İnsanlar gəlib burada niyyət edib, dilək tutardılar. Çox gözəl suyu olan bulaq vardı, indi qamışlığa dönüb. Burada məzarlar da vardı. Təxminən 5-10 qəbir vardı. Biz bu kənddən köçəndən sonra, Sovetlərin sonrakı dövrlərində buranı ekskavatorla hamarladılar, qəbirlər itib getdi".
İndi isə bu palıdların altında nə dua var, nə də su səsi. Yalnız təbiətin ahəstə nəfəsi duyulur.
Buranı tarixçilərin araşdırma meydançasına çevirməklərininin zamanıdır. Onlara hələ də yaşayan və danışa biləcək tarixi şahidlər var.
Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün.