Heydər Əliyev Fondunun və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə 5-8 may tarixlərində baş tutacaq və ləziz təamlar bayramına çevriləcək Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdiriləcək
Azərbaycan mətbəxi dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Kulinariya tarixini araşdıranlar qeyd edirlər ki, Azərbaycan milli mətbəxi mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir. Tədqiqatçılar onu da vurğulayırlar ki, Azərbaycan milli mətbəxi xalqımızın bacarığı ilə onun tarixən yaşadığı indiki Azərbaycan Respublikası, Güney (İran) Azərbaycanı, indiki Ermənistanın azərbaycanlılardan zorakılıqla təmizlənmiş qədim İrəvan xanlığı, Zəngəzur və Göyçə mahallarının torpaqlarında, Gürcüstanda azərbaycanlıların tarixən yaşadıqları bölgələrdə (Borçalı), Dağıstan ərazisində, o cümlədən keçmiş Azərbaycan xanlıqlarından birinin mərkəzi olmuş Dərbənd və ətrafında yaradılıb. Spesifik mətbəx mədəniyyəti ilə seçilən Azərbaycan xalqı elə xörək növləri, şirniyyat çeşidləri yaradıb ki, dünyada onların oxşarı yoxdur. Azərbaycan mətbəxinin ənənəvi yeməkləri, şirniyyatları bu gün ölkəmizə gələn turistləri, iş adamlarını, diplomatları hədsiz dərəcədə valeh edir. Bu gün müxtəlif tədbirlər çərçivəsində ölkəmizdə və ölkəmizdən kənarda milli mətbəximizin tanıtımı, təbliği həyata keçirilməkdədir.
Növbəti belə tədbir Qarabağın tacı, xalqımız üçün müqəddəs və əziz məkan olan, Türk dünyasının mədəniyyət paytaxtı əziz Şuşamızda baş tutmaqdadır. Bu gün gözəl diyarımız daha bir möhtəşəm tədbirə ev sahibliyi edir. Mayın 5-dən 8-dək Heydər Əliyev Fondunun və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəlir. Bu üç gün ərzində ləziz təamlar bayramına çevriləcək Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdiriləcək. Festivalda Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İndoneziya, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edəcəklər. Qonaqlar peşəkar aşpazların ustad dərslərində də iştirak edib yemək hazırlamağın incəliklərini öyrənə biləcəklər.
Kulinariya festivalına Azərbaycanın müxtəlif iqtisadi rayonları – Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və digərləri qatılır. Festival günlərində 11 milli, 11 xarici və Milli Kulinariya Mərkəzinin pavilyonları qurulacaq və qonaqlar Azərbaycanın bölgələrinin, eləcə də dünya mətbəxinin nümunələrinin dadına baxa biləcəklər. Festivalda dequstasiya üçün şərablar, pendirlər və digər məhsulların təklif olunduğu zonalar da fəaliyyət göstərəcək. Tədbirdə Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Rusiya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə 40 beynəlxalq ekspert, qida üzrə blogerlər də təmsil olunacaqlar.
Festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri təqdim ediləcək. Bu konsepsiyaya əsasən, festivalda quraşdırılacaq pavilyonlar da fərqli formatda olacaq. Hər pavilyon qonaqları ayrı-ayrı ölkələrə xas memarlıq quruluşu, milli musiqi ilə salamlayacaq, tanınmış əsərlərdən parçalar səhnələşdiriləcək. Festival günlərində qonaqlara ümumilikdə 100-dən çox incəsənət ustasının iştirakı ilə bədii proqram təqdim ediləcək. İstirahət və əyləncə zonasındakı pavilyonlarda tamaşalar, konsert və sərgilər təşkil olunacaq.
Festival çərçivəsində Azərbaycanın milli sənətkarlıq nümunələri də sərgilənəcək. 5 may - Xalçaçı Gününə təsadüf etdiyindən “Azərxalça” ASC-nin yaradıcı heyəti xalçaçılıq ənənələrinə dair müxtəlif interaktiv təqdimatlar edəcək. Burada xalçanın ərsəyə gəlməsi prosesi canlandırılacaq və interaktiv teatr tamaşasında xalçanın yaradılmasının hər mərhələsi səhnələşdiriləcək. Qonaqlara yunun qırxılması və təmizlənməsi, ipin hazırlanması və təbii boyalarla rənglənməsi, dəzgahın hazırlanması, ərişin çəkilməsi, xovlu və xovsuz xalçaların toxunması, xalçanın kəsilməsi, cehiz yığma səhnəsi nümayiş olunacaq. Festivalda Bakı Kitab Mərkəzi tərəfindən Heydər Əliyev Fondunun kulinariyaya dair nəşrləri də təqdim olunacaq.
Sevinc Azadi, “İki sahil”