İyulun 21-də Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti, “Şöhrət” ordenli Hacı İsmayılov Azərbaycan mətbuatının keçdiyi şərəfli yoldan danışıb. O, 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrə başlamasını həmin dövrdə ölkəmizin ictimai-siyasi həyatının mühüm hadisəsi kimi dəyərləndirib. Onun sözlərinə görə, həmin qəzet xalqımızın maariflənməsində, milli kimliyimizin formalaşmasında və dövlətçilik ideyalarının təbliğində mühüm rol oynayıb. Çıxışının sonunda H. İsmayılov media nümayəndələrini bayram münasibətilə təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayıb. O, həmçinin rəhbərlik etdiyi qurumla faydalı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliynini bildirib.
Xalq artisti, professor, “Şöhrət” ordenli, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr kafedrasının məsləhətçi-professoru İlham Namiq Kamal da öz ürək sözlərini tədbir iştirakçılarına çatdırıb.
Sonda teatr sənətinin inkişafındakı xidmətlərinə görə və Milli Mətbuat Günü münasibətilə media nümayəndələri «İttifaqın dostu» diplomu, Fəxri fərman və «Teatr fədaisi» medalı ilə təltif olunublar.
Təltif olunanlar arasında “İki sahil”in əməkdaşı da var.
Qvami Məhəbbətoğlu, “İki sahil”