04 may 2022 22:31
1105

Beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə heç zaman ümid bəsləməyin…

Dövlət başçısı İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bir daha bildirmişdir ki, işğalla bağlı vəziyyət Minsk qrupunun həmsədrləri üçün məqbul idi

«Beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə heç zaman ümid bəsləməyin, çünki onların heç bir dəyəri yoxdur. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdi və həmin qətnamələr əsasən, Ermənistan hərbi qüvvələrinin dərhal ərazilərimizi tərk etməsini tələb edirdi. Buna baxmayaraq, 27 il ərzində qətnamələrin heç biri icra edilmədi, biz onları özümüz icra etdik.» Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda onu da əlavə  etmişdir ki,  həmin qətnamələri qəbul edənlər BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrləridir. “Mən onlara “özünüzün qəbul etdiyiniz qətnamələri nə üçün icra etmirsiniz” sualını verdikdə, sualın cavabı çox aşkar idi – işğalla bağlı vəziyyət onlara məqbul idi. Ermənistana da məqbul idi, Minsk qrupunun həmsədrlərinə də məqbul idi, bizə isə məqbul deyildi. Biz real dünyada yaşamalı və bunu başa düşməli idik ki, beynəlxalq icmanın dəstəyi olmayacaq.»

Təbii ki, Azərbaycan beynəlxalq dəstəklə kifayətlənmirdi. Daxildə ölkənin iqtisadi imkanlarının artırılması, ordu qurculuğu sahəsində biri-birindən əhəmiyyətli addımlar atıldı. Dövlət başçısı İlham Əliyev qeyd olunan nitqində də bu məqamı xüsusi qeyd etmişdir ki,  güclü orduya, güclü iqtisadiyyata və yeni nəslə ehtiyac var idi.

Azərbaycanın dayanıqlı iqtisadi inkişafı bütün sahələrdə uğurlu addımların atılmasını şərtləndirdi. Ulu öndər Heydər Əliyevin «Sülh danışıqlarını səcarətlə aparmaq üçün güclü ordunun olması  vacibdir» tezisi dövlət siyasətinin əsasını təşkil edirdi. Ordumuzun maddi-texniki bazası möhkəmləndirildi, döyüş ruhu artdı, torpaq, Vətən sevgisi ilə böyüyən gənclik torpaqlarımızın işğaldan azad olunması üçün əmrə hazır olduqlarını  bildirərək bunu əməllərində təsdiqlədilər. Cənab İlham Əliyevin konfransda səsləndirdiyi  «Qarabağ uğrunda ölənlərin böyük əksəriyyəti heç zaman Qarabağı görməmişdi. Onlar gənc nəslin nümayəndələri, vətənpərvər, Vətəni sevən, yüksək motivasiyalı insanlar idi. Təbii ki, ən vacib məsələ güclü ordunun olması idi və biz buna nail olduq. Bu, Prezident olaraq mənim üçün illər boyu əsas prioritet olub”» fikirləri də deyilənlərin təsdiqidir.

Azərbaycan 44 gündə  BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini icra edərək haqqı-ədaləti bərpa etdi, işğala son qoydu, işğalçı Ermənistanın və ona havadarlıq edən dövlətlərin taktikasını açıqladı. Tarixi ədalətin bərpa olunması istiqamətində Azərbaycan Ordusunun rəşadəti, qələbə əzmi  bu günədək ölkəmizə qarşı  dövlətlərin hansı mövqedə dayandıqlarına, ən əsası kimin  münasibətlərdə səmimi və ədalətli olduğuna işıq saldı. Dövlət başçısı  Ilham Əliyevin istər İkinci Qarabağ müharibəsi dövründə   xarici mətbuata müsahibələrinə, istər yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfrasına, istərsə də ötən il ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq» və bu il aprelin 29-da təşkil olunan “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzularında    beynəlxalq konfransa diqqət yetirmək kifayətdir.

İşğalçı Ermənistan illərdir dünyaya münaqişə ilə bağlı yalan informasiya yayır, həqiqətləri özünün yalan təbliğatının arxasında gizlətməyə çalışırdı. Bu gün artıq münaqişə tarixə qovuşub.   Münaqişənin diplomatik yolla həllinin mümkün olmadığını bildirən Ermənistanın baş naziri Nikol Paşinyanın bu sərsəmlıyinin əksinə olaraq havadarları hərb yolunun mümkünsüzlüyünü qeyd edirdilər. 44 günlük Vətən müharibəsinin  reallıqları onların düşüncələrinin yanlışlığını bir daha nümayiş etdirdi. Tarix yazan, ədaləti bərpa edən Azərbaycan Ordusu münaqişənin hərb yolu ilə həlli variantının mümkünlüyünü nümayiş etdirdi. 6 şəhər, 5 qəsəbə, 300-ə yaxın yaşayış mənqələrimiz işğaldan azad edildi. Ermənistan və havadarları belə yalnış bəyanatları ilə Azərbaycanın gücünə, nüfuzuna xələl gətirməyə səy göstərirdilər. Ermənistan hakimiyyəti, eyni zamanda,  əsassız  təbliğatları ilə  ölkəmiz haqqında bu təsəvvürü də yaratmağa çalışırdı ki, Azərbaycan guya dinc əhalini hədəfə alıb və mülki obyektlərə zərbə endirib, beynəlxalq hüquqla qadağan edilmiş silahlardan istifadə edib. Dövlət  başçısı İlham Əliyev qeyd edilən konfransların hər birində  dünyanın aparıcı beyin mərkəzi nümayəndələrinin qarşısında etdiyi  çıxışı zamanı  bu məsələyə diqqəti yönəldərək bildirmişdir ki,  Azərbaycan yalnız XXI əsrin müharibəsini deyil, eyni zamanda, yeni mənəvi qaydalar əsasında döyüş aparıb. Hərbçilərimizə verilən  ilk əmrlərdən biri ləyaqətlə, təmkinlə davranmaları və mülki vətəndaşlara zərər verməməyə maksimum çalışmaqla bağlı olub.

Mayasında yalan, hiylə və xəyanət olan ermənlər  törətdikləri müharibə cinayətlərini, vəhşilikləri ört-basdır etmək üçün total yalan və feyklərdən istifadə edirdilər və bu gün də bu cəhdlər özünü qabarıq şəkildə büruzə verir.  Ermənilər və onların havadarları unudurlar ki, yalanlarının ayaq tutub yeridiyi zamanlar birinci Qarabağ müharibəsi dövründə qaldı. Artıq Azərbaycan o dövrün Azərbaycanı deyil. Bu günə qədər ermənipərəst siyasəti ilə diqqətdə olan, Azərbaycanın əleyhinə təbliğat aparan bir qrup  beynəlxalq hüquq təşkilatlarının bu gün ölkəmizin, ordumuzun ədaləti bərpa etməsinə öz dəstəyini göstərərək Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq tərəfindən qadağan edilmiş silahlardan istifadə etdiklərini təsdiqləməsi də  diplomatik uğurlarımızın tərkib hissəsidir. 30 ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların bəyanatlardan konkret əməli işə keçəcəyinə inam nümayiş etdirən Azərbaycan dövləti, xalqı səbrinin tükənməz olmadığını göstərərək  Dağlıq Qarabağın ədalət, milli qürur məsələsi olduğunu döyüş meydanında bir daha  işğalçı Ermənistana və havadarlarına  çatdırdı.  Ermənilərin feyk xəbərləri fiaskoya uğradı.

Göründüyü kimi, yalanın həqiqət üzərində qələbəsi qeyri-mümkündür. Təbliğat o zaman güclü olur ki, real faktlara, tarixi həqiqətlərə əsaslanır. Prezident İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır, milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət kimi mühüm amillər üzərində qurulub. Saxta tarix yazmaq çıxış yolu deyil. Bu saxtalıq gec-tez həqiqət qarşısında aciz duruma düşür. Necə ki, Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsində diz çökdü, kapitulyasiya aktına imza atdı. Azərbaycanın informasiya, eyni zamanda döyüş meydanında üstünlüyünü şərtləndirən əsas amillərdən biri məhz öz gücünə, beynəlxalq hüquqa, tarixi faktlara söykənməsidir.

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan yalnız regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Bölgədə yeni əməkdaşlıq formatlarının yaradılmasına müəlliflik edən Azərbaycan dünyaya bu reallığı da çatdırdı ki, beynəlxalq hüquq normaları mövcuddur, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hər bir dövlət bu prinsiplərə əməl etməlidir. Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanıb. Azərbaycan  müharibənin hərbi fazasını Şuşadakı Qələbəsindən  sonra dayandırmaqla strateji baxış nümayiş etdirib.  Müharibə zamanı vurğulanan hədəflər  illər boyu aparılmış danışıqların əsas mahiyyətini özündə ehtiva etmişdir. Reallıq budur ki,  Ermənistan münaqişənin dinc yolla həllini qəbul etmədi və nəticədə müharibədə  məğlub oldu.

Prezident İlham Əliyev  Azərbaycanın milli maraqlarını müdafiə etməyin, münaqişə və ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının nümunəsini ortaya qoyur. Dövlət başçısı  bu yanaşması vətənpərvərliyin, ali vəzifə kimi Azərbaycanın milli maraqlarının müdafiəsi və təbliğinin hər bir vətəndaş üçün prioritet vəzifə olduğunu aydın şəkildə nümayiş etdirir.

Dövlət başçısı İlham Əliyev konfransda bir daha diqqəti sülh müqaviləsinin imzalanmasına yönəldərək bildirmişdir ki, sülh və qarşılıqlı münasibətlərə gəldikdə, biz bu məsələlərə real yanaşırıq. Çünki biz anlayırıq ki, bu, asan olmayacaq. Ona görə hər şey vaxtında və zamanında edilməlidir. O da vurğulanıb ki,  Azərbaycan xalqının yaraları bu 30 il ərzində sağalmayıb. İşğaldan azad olunan torpaqlara bu gün mütəmadi avtobus səfərləri keçirilir, insanlar gedirlər və öz gözləri ilə görürlər. Belə bir nifrətcəsinə münasibət, şəhərlərin dağıdılması, qəbirlərdən cəsədlərin qazılıb çıxarılması ağlasığmazdır.  Biz sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib. Dövlətimizin başçısı bildirib ki, artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik: “Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Yəni, bu, özü gözəl bir bünövrə olar.»

Yeganə Əliyeva, «İki sahil»