13 may 2022 21:47
881

Şuşa Türk dünyasının mədəniyyət paytaxtıdır

Tanrının xalqımıza bəxş etdiyi ən qiymətli töhfələrdən olan Şu­şanı ulu babalarımız bu nadir təbiət gözəlinin hüsnünə layiq şəkildə tikib-qurmuşlar. Təbiət qalasını insan əlləri ikiqat möhkəmləndirib, alınmaz istehkama çevirib. Buna görə də Azərbaycanda çox qalalar olmasına baxmayaraq, ötənlərdə xalqımız yalnız bu şəhəri nəvazişlə “Qala” adlandırıb. Şəhərin mövcudluğunun ilk yarım əsrində bir nəfər də erməninin olmadığı bu şəhərdə xəyanətkar gəlmə xalq özünə yer edəndən az sonra Şuşanın “qədim erməni şəhəri” olmasından dəm vurmuşlar. 1992-ci il mayın 8-də Ermənistanın Şuşa qalasını işğal etməsi dünyanın ermənipərəst mərkəzlərinin xəyanətkar topluma güclü dəstək verməsi nəticəsində mümkün oldu. Azərbaycana bu “səlib” bas­qısının nəticəsi olaraq Qarabağ və onun tacı olan Şuşa son 3 onillikdə işğal altında qaldı. Lakin ümummilli lider Heydər Əliyevin zəkası və qüdrətinə qovuşmaq­la xalqımız bir an da bu işğalla barışmadı, “Ya Qarabağ, ya ölüm!” hayqırtısına tapındı. Ulu öndərin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” qənaəti xalqımı­zın duyğu-düşüncələrinə hakim kəsildi.

Qeyd edək ki, 1992-ci il 8 mayda itirdiyimiz Şuşa 28 il sonra 2020-ci il 8 noyabrda Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan noyabrın 8-də gündüz saatlarında gizli hazırlanmış və məharətlə gerçəkləşdirilmiş Şuşa əməliyyatının uğurlu sonluğu barədə sevincli xəbəri xalqımıza çatdırdı. Dövlət başçısının “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq!” müjdəsi xalqımızın ağrılı həsrətinə son qoymaqla yanaşı, artıq düşmənin belinin sındırılıb,  diz çökdürülməsini də dünyaya bəyan etdi. Bəli, Şuşa Qarabağın tacı olduğu kimi, onun azadlığı da Qarabağ uğrunda mübarizənin finişi kimi qəbul edildi. Prezident İlham Əliyev Şuşa­nın azad edildiyi tarixi ölkəmizdə Zəfər Günü elan etdi. Bir il sonra Şuşada keçirilən qələbə təntənəsində isə dövlətimizin baş­çısı bildirdi: “Bu gün biz Zəfər Gü­nünü Şuşada, Cıdır düzündə qeyd edirik. Bütün Azərbaycan bu şanlı bayramı qeyd edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi. Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il ərzində qur­duğu bütün istehkamlarını, bütün döyüş mövqelərini məhv edərək tarixi Zəfər çaldı”. Ermənilər nə qədər çalış­salar da, Şuşanı erməni şəhəri kimi təqdim edə bilmədilər. Çünki bu şəhər Azərbaycanın milli xüsusiyyətlərini özündə cəmləşdirmişdi. Odur ki, təxirəsalınmadan Şuşanın bərpasına başlanıldı, qısa müddət ərzində böyük işlər gö­rüldü. Ən başlıcası isə, Şuşanın mədəni həyatı özünə qaytarıldı. Qələbədən sonrakı dövrdə çox qısa müddətdə Şuşanı ölkənin mərkəzi hissəsi ilə birləşdirən Zəfər yolu çəkildi.

Yeri gəlmişkən, Xalqımızı Yeni il münasibətilə təbrik edən Ali Baş Koman­dan İlham Əliyev 2021-ci ili ölkədə “Şuşa ili” elan etdi və dedi: “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna la­yiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər”.

Müzəffər Azərbaycan Ordusu­nun şanlı Zəfərindən sonra, 39 il əvvəl ulu öndər Heydər Əliyevin iştirakı ilə böyük şairimiz Mol­la Pənah Vaqifin məqbərəsinin açıldığı gündə – yanvarın 14-də bu abidəni ziyarət edən ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparıldı, bərpa işlərinə başla­nıldı. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Res­publikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonu­na təyin edilmişdir. Dövlət başçısı Şuşanın işğal ildömümü ərəfəsində – 2021-ci ilin 7 mayında isə Şuşa şəhərini Azərbaycanın mədəniyyət pay­taxtı elan etdi. Həmin sənəddə bildirilir ki, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmiş­dir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunma­sı, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Nahaq yerə bu şəhəri Qaf­qazın konservatoriyası adlan­dırmırlar.

Şəhərin azad edilməsindən sonra onun tarixi-mədəni ənənələri də ardıcıl olaraq dirçəlir. “Xarıbülbül” festivalı yenidən Şuşaya qayıtdı. 2021-ci il mayın 12-də və 13-də işğaldan sonra Şuşada ilk dəfə “Xarıbülbül” festivalı düzənləndi. Ötən ilin bu vaxtı Şuşada keçirilən “Xarıbülbül” musiqi festi­valı Prezident İlham Əliyevin çıxışı ilə başladı. Həmin anı ölkəmizin tarixində əlamətdar gün kimi dəyərləndirən dövlət başçısı uzun fasilədən sonra hər birimiz üçün müqəddəs olan Şuşada – Cıdır düzündə “Xarıbülbül” festiva­lının keçirilməsi münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik etdi. Ölkə rəhbəri vurğuladı ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Şuşa həsrətilə yaşamışıq. Azərbaycan mədəniyyətinin incisi olan Şuşada keçirilmiş möhtəşəm “Xarıbülbül” festivalı da məhz xalqımızın tarixi Qarabağ qələbəsinə layiq bir təntənə oldu. 2020-ci il dekabrın 5-də Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradından 5 ay sonra– 2021-ci il mayın 12-də Şuşada təşkil olunan mədəniyyət bayramı “Xarıbülbül” festivalı çağdaş tarixi­mizin ən önəmli, nadir, yaddaqa­lan hadisələrindən biri oldu.

Bu festival və ondan sonra təşkil olunan Vaqif poeziya bayramı xalqımızın hər bir övladına ürəkdolusu sevinc yaşatdı, bütün ölkəmizi xoşbəxtlik duyğuları ilə coşdurdu. Hər birimiz üçün xoş olan anların, bütövlükdə, xalqımız üçün də xoşbəxt günə çevrilməsi tarixi ədalətin təzahürü oldu. Avqustun 29-da isə Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurmadan sonra açılışı oldu. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılış mərasimində iştirak etdilər. Avqustun 30-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qara­bağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgiləri ilə tanış oldular.     Göründüyü kimi, torpaqlarımız erməni işğalından azad olun­duqdan sonra Şuşa öz mədəni inkişafının yeni dövrünə qədəm qoyub. Xalqımıza məxsus tari­xi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm şəkildə qeyd olunması qayıdışımızın təntənəsinə çev­rilib. Şuşada keçirilən tədbirlər Azərbaycanın dünyaya ucalan səsidir. 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın orada Şuşa Bəyannaməsini imzalaması şəhərin tarixinin ən unudulmaz hadisələrindən biri olmaqla onun adını dünya siyasi tarixinə də həkk etdi.

Azərbaycanın BMT-yə da­xil olmasının 30 illiyi, Dünya Azərbaycanlılarının V Qurultayı, beynəlxalq kulinariya festivalı kimi siyasi, ictimai və mədəni tədbirlərin bu şəhərdə keçirilməsi onun xalqımız üçün müstəsna önəmindən irəli gəlir. Bu ilin mar­tında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi isə göstərir ki, bu şəhər eyni dərəcədə türk dünyası üçün də xüsusi önəm daşıyan bir mədəniyyət ünvanıdır.

Beləliklə, V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı, Vaqif Poeziya Günləri, dünya azərbaycanlılarının qurul­tayı, parlamentin komitə iclasları, müxtəlif beynəlxalq görüş və konfranslar kimi nüfuzlu məclislərin  Mədəniyyət paytaxtımız Şuşa­da təşkil edilməsi çox  mühüm əhəmiyyət kəsb edir.

Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri