14 may 2022 00:45
310

Yol həyatdır, mədəniyyətdir

İşğaldan azad edilmiş ərazilərimizə çəkilən yeni yolların malik olduğu potensial imkanlar ölkə iqtisadiyyatının inkişafını təmin edəcək

Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə dünyanın diqqətindədir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi maliyyə imkanlarının genişlənməsinə mühüm şərait yaradır ki, bu da öz növbəsində sosial-iqtisadi layihələrin icrasını sürətləndirir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın bütün bölgələri inkişaf, tərəqqi dövrünü yaşayır, paytaxtla bölgələrimiz arasında fərq tamamilə aradan götürülüb. Hər bir bölgənin inkişafında yol infrastrukturunun rolunu nəzərə alsaq, bu gün bu fikri böyük əminliklə qeyd edə bilərik ki, yol-nəqliyyat sistemimiz beynəlxalq standartlara cavab verir. Yol infrastrukturunun təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeni düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb.

2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident tərəfindən Fərman və sərəncamları imzalanır. İmzalanan sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək.

Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Bunu həm Azərbaycan vətəndaşları görür, eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlər tutur. Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir ki, hər kəs bu sahədə çox ciddi islahatlar aparıldığını, Azərbaycanın reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdə dayandığını görsün. Ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik. Bu yüksək yerləri əldə etmək böyük səylər, düşünülmüş siyasət tələb edirdi. Nəqliyyat infrastrukturuna qoyulan vəsait yeni vəziyyət yaradıb. «Nəqliyyat sahəsinə qoyulmuş vəsait bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, çünki yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz: «Ona görə biz, ilk növbədə, ölkə daxilində infrastrukturu tamamilə yenidən qurduq. Eyni zamanda, ölkəmiz üçün çox vacib olan və uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları da yaratmışıq.»

İlyarımdan artıqdır ki, işğaldan azad edilmiş torpaqlarda da yol infrastrukturunun yaradılmasına start verilib. Bu işlər planlı şəkildə görülür. Cənab İlham Əliyev bildirir ki, Füzulidən Şuşa şəhərinə açılmış yeni yol onu göstərir ki, biz bu işləri faktiki olaraq ən qısa müddət ərzində görə bilirik.

Ölkə daxilində dəmir yolu nəqliyyatı sahəsində də önəmli layihələr icra edilir. Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanın təşəbbüsü ilə inşa edilməsi bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsini yaratdı. Azərbaycanla tərəfdaş ölkələr hazırda bu yoldan istifadə edərək öz məhsullarını müxtəlif istiqamətlərə çatdırırlar. Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması imkanlarımızı böyük dərəcədə artırır. Pandemiya dövründə bütövlükdə bütün dünyada iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi təxminən 20 faiz artıb. Bizim dəmir yolu infrastrukturumuzdan bir çox ölkələr istifadə edir.

Hava nəqliyyatına gəldikdə isə Heydər Əliyev Beynəlxalq Aeroportu MDB məkanında birinci yerdədir. «Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir» söyləyən cənab İlham Əliyev diqqəti işğaldan azad edilmiş ərazilərimizdə tikilən Beynəlxalq Hava Limanlarına yönəldir. Artıq ötən il Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Cari ildə Zəngilan Hava Limanının istifadəsi nəzərdə tutulur. Üçüncü Hava Limanı isə Laçın rayonu ərazisindədir.

Göründüyü kimi, nəqliyyat sektoruna göstərilən diqqət və aparılan düşünülmüş siyasət bu reallığı yaratmışdır. Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev onu da bildirir ki, nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub.

Ölkəmizin bugünkü reallıqları fonunda bu fikri də böyük inamla qeyd edə bilərik ki, qlobal çağırışların, yüksək rəqabət gücünə malik, bazar münasibətlərinə əsaslanan dayanıqlı iqtisadiyyatın inkişafını, idarəetmə strukturlarının yeni, müasir modellər əsasında formalaşmasını, qeyri-neft sektorunun genişləndirilməsini, nəqliyyat, tranzit və logistika infrastrukturunun, insan kapitalının təkmilləşdirilməsini, sosial-müdafiə sisteminin gücləndirilməsinı şərtləndirən amillərin əks olunduğu «Azərbaycan -2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının tətbiqi ilə qüdrətli dövlətə çevrilən Azərbaycanı dünyada tanıdan inkişaf modeli özünü doğrultdu. Konkret, konseptual proqramlar, düşünülmüş, ictimai rəy, vətəndaş təklifləri əsasında hazırlanan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi bölgələrin simasını dəyişmiş, infrastruktur yenilənmiş, şəhərlə kənd arasındakı fərq minimuma endirilmiş, demoqrafik tarazlıq təmin olunmuşdur. Həyata keçirilən və dövlətin daim nəzarətində olan təşəbbüslərin həllində yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli işlahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə qarşıdakı on il üçün görüləcək işlər, icra mexanizmi tam aydınlığı ilə göstərilib. Qarşıdakı on ildə həyatımızın bütün sahələrinə bələdçilik edəcək sənəddə qüdrətli dövlət, yüksək rifah cəmiyyətinin inkişafı naminə müəyyənləşdirilən vəzifələr elmi cəhətdən təhlil edilir.

İşğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma qaydalarına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla, nəzərdə tutulan vəzifələrin həlli Azərbaycanın inkişafına böyük təkan verəcək. Şərqlə Qərb arasında körpü olan Azərbaycanın sivilizasiyalararası dialoq mərkəzinə çevrilməsi üçün yeni istiqamətlər artıq bəllidir. Sənəddə qeyd olunduğu kimi, mərhələ üzrə həyata keçiriləcək vəzifələr 2030-cu ilə qədər Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə, qüdrətli dövlətə çevrilməsinə etibarlı zəmanətdir. Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü olması nəzərə alınmaqla müəyyənləşdirilən prioritetlərdə ölkə vətəndaşlarının rifah səviyyəsinin artırılmasına, yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə əsaslanan yeniliklərə xüsusi diqqət yetirilir. Hazırda dövlətimizin qarşısında duran ən mühüm məsələ işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin olunmasıdır. Bunun üçün iki ilə yaxındır ki, davamlı quruculuq işləri aparılır. Qeyd etdiyimiz kimi, dövlət başçısı İlham Əliyevin quruculuq və bərpa işlərinin əsas tərkib hissəsi kimi öncə yol-nəqliyyat infrastukturunun bərpasına xüsusi diqqət göstərməsi diqqətdən yayınmır. Füzulidə Zəfər yolunun və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti bunun bariz nümunəsidir. Dövlət başçısının tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfəri 2020-ci il noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə oldu. Bu səfər zamanı ölkə Prezidenti Zəfər yolunun çəkilişi ilə bağlı göstəriş vermişdi. Ötən ilin sonlarında yolun çəkilişi başa çatdı. Zəfər yolu ötən bu dövrdə 30 il torpaq həsrəti ilə yaşayan, Qarabağın tacı Şuşaya qayıtmaq istəyinin reallığa çevriləcəyi günü səbirsizliklə gözləyən soydaşlarımızı musiqi beşiyimizlə qovuşdurur.

Prezident İlham Əliyevin bu müddət ərzində işğaldan azad olunmuş rayonlara tarixi səfərlərinə diqqət yetirsək, yol infrastrukturu ilə bağlı atılan addımların, təməlqoyma, yaxud açılış mərasimlərinin şahidi olarıq. Həmin bölgələrin malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək üçün yol infrastrukturunun bərpası prioritetdir. Davamlı və yüksək iqtisadi artımın sosial islahatların həllinə yönəldilməsi istiqamətində Azərbaycanın malik olduğu təcrübənin şaxələndirilməsi qarşıdakı illərdə də davam etdiriləcək. Beynəlxalq aləmdə özünü doğruldan yeniliklərdən ölkə vətəndaşlarının bəhrələnməsi, yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyətin formalaşmasına diqqət artırılacaq. Regionların sosial- iqtisadi inkişafı Dövlət proqramlarında olduğu kimi, 2030-cu ilədək görüləcək işlərin xronologiyasını əks etdirən Milli Prioritetlərdə paytaxtın və regionların tarazlı inkişafı üçün mühüm vəzifələr əksini tapır.

Təhlillər əsasında bu ümumiləşdirməni apara bilərik ki, işğaldan azad edilmiş ərazilərimizə həyat yenidən qayıdır. Azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzur quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Prezident İlham Əliyev azad edilmiş rayonların Baş planlarının hazırlanması prosesinə şəxsən nəzarət etməklə, ən incə detalların belə nəzərə alınmasına, prosesin müasir şəhərsalma trendlərinə uyğunlaşdırılmasına çalışır. Azad edilmiş ərazilərdə qısa müddətdə yaşayış üçün münbit şəraitin formalaşdırılması, həyata keçirilən infrastruktur layihələri – yolların, dəmir yolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Hazırda qarşıda dayanan əsas vəzifələrdən biri azad edilmiş ərazilərin zəngin resurslarından, infrastruktur potensialından səmərəli istifadənin təmin edilməsidir. Dövlət əlverişli biznes mühiti yaratmaqla, həmin ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasına və dayanıqlı məskunlaşmanın təmin olunmasına çalışır. Bu baxımdan Ağdam Sənaye Parkının, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlinin qoyulması, buraya potensial rezident və investorların cəlb edilməsi istiqamətində müvafiq işlərin aparılması xüsusi qeyd olunmaldır. Açılışı olan Füzuli Beynəlxalq Hava Limanı, hazırda inşası sürətlə davam etdirilən Zəngilan və Laçın Beynəlxalq Hava limanları regionda təkcə investisiya qoyuluşlarına deyil, həm də turizmin inkişafına əlverişli şərait yaradır.

İlyarım ərzində işğaldan azad edilmiş ərazilərimizdə yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlərin miqyası o qədər genişdir ki, onların hamısını əhatə etmək mümkün deyil. Salınan yeni yollar bizi 30 ilə yaxın düşmən tapdağı altında olan və bu gün azadlığa qovuşaraq sevincli günlərini yaşayan ərazilərimizlə birləşdirəcək, onların potensial imkanlarının ölkə iqtisadiyyatının inkişafına yönəldilməsini təmin edəcək.

Yeganə Əliyeva, «İki sahil»