17 may 2022 16:13
274

Niderland aparıcı şirkətləri “Caspian Agro 2022” sərgisində təmsil olunacaq

Niderland şirkətləri “Caspian Agro 2022” sərgisində təmsil olunacaq.
Bu barədə “İki sahil”ə Niderlandın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, mayın 18-20-də Bakı Ekspo Mərkəzində təşkil olunan “Caspian Agro” sərgisində Niderlandın kənd təssərrüfatı şirkətləri olan Signify” və “Hortilux” şirkətləri (istilikxanaların “ağıllı” işıqlandırılması üzrə dünya liderləridir), “FEX B.V.” şirkəti (gül ixracatçısıdır), “RijkZwaan” şirkəti (tərəvəz yetişdirmə şirkətidir), “Svensson” şirkəti (tekstil sənayesi əsasında iqlimə nəzarət və enerji səmərəliliyi sahəsində qabaqcıl şirkətlərdən və dünya liderlərindən biridir), “Ronar B.V.”(qabaqcıl kənd təsərrüfatı avadanlıqlarının və aparıcı Niderland istehsalçılarının məhsullarının tədarükü üzrə ixtisaslaşmışdır) “Niderland Pavilyonu” ilə təmsil olunacaq.
Sərginin digər stendlərində Niderlandın daha bir neçə kənd təsərrüfatı şirkəti də təmsil olunacaq.
Niderland Krallığının Azərbaycandakı səfiri Pauline Eizema mayın 18-də sərginin açılışında iştirak edəcək
"Kənd təsərrüfatı Niderland tarixində və mədəniyyətində dərin köklərə malikdir. Aclıq və qida çatışmazlığı ilə qlobal mübarizədə Niderland dayanıqlı ərzaq istehsalını artırmaq və xammal və istehlak mallarından məsuliyyətlə istifadəni təmin etmək məqsədilə digər ölkələrlə, o cümlədən Azərbaycanla bilik və təcrübə mübadiləsində maraqlıdır.
Niderland əkinçilik sahəsində çoxəsrlik zəngin biliklərə malikdir. Bu, bizə kənd təsərrüfatı istehsalını dayanıqlı şəkildə intensivləşdirməyə və yüksək keyfiyyətli məhsul yetişdirməyə imkan verir. Azərbaycanın kənd təsərrüfatı sektoru sürətlə inkişaf edir və bununla əlaqədar biz bu sektorun gələcək dayanıqlı inkişafı baxımından ölkəni dəstəkləmək niyyətindəyik. Niderland şirkətləri Azərbaycanda uzun illərdir fəaliyyət göstərir, hökumət və yerli müəssisələrlə bilik və təcrübə mübadiləsi həyata keçirirlər", səfirlikdən bildirilib.