20 may 2022 14:56
1352

«Azəriqaz»da həbslər barədə informasiyalar həqiqəti əks etdirmir

Mayın 20-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

«Azəriqaz» İB-in baş direktorunun satış üzrə müavini  Rəşad Cavadovun  moderatorluğu və qurumun şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

Rəşad Cavadov Birliyin rəhbərliyi səviyyəsində paytaxtda və bölgələrdə sahibkarlarla keçirilən görüşlər barədə məlumat verərək bildirib ki, özəl sektor təmsilçilərinin  sahibkarların fəaliyyətinin stimullaşdırılmasına dəstək vermək qurumu olaraq bizim əsas vəzifələrimizdən biridir: «Ona görə də onların təbii qazla bağlı problemlərini həmişə diqqətdə saxlayırıq. Hətta təbii qaza olan borclarını ödəmələri üçün bəzi hallarda onlara vaxt güzəştələri də tətbiq edirik. Biz anlayırıq ki, sahibkarlar ölkədə yeni iş yerləri açan, ərzaq bolluğu yaradan işgüzar bir təbəqədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin də daim çıxışlarında qeyd etdiyi kimi, sahibkarlara dəstək  inkişafa dəstək olmaqdır.»

Rəşad Cavadov 2022-ci ilin yanvar-aprel aylarında qaz satışı ilə bağlı statistik göstəriciləri də jurnalistlərin diqqətinə çatdırıb. Bildirib ki, «Azəriqaz» bu ilin dörd ayı ərzində 3 milyard 498 milyon kubmetr qaz qəbul edib: « Həmin dövrdə  qazpaylayıcı şəbəkəyə verilən qazın 2 103 milyon kubmetri əhali, 1 395 milyon kubmetri isə qeyri-əhali abonent qrupunun payına düşüb. Bu dövrdə abonentlər istehlak etdikləri təbii qaza görə 576 milyon manat ödəyiblər.  Bu isə abunə haqlarının 99,1 faiz yığımı deməkdir.»

Jurnalistlərin bir neçə gün əvvəl «Azəriqaz» İB-in  4 şöbə müdirinin həbsi barədə yayılan məlumatlara dair suallarını Birliyin  Hüquq departamentinin rəhbəri Vüqar Eyvazov cavablandırıb: «Zərurət yarandığı təqdirdə və yaxud dövlət qurumları məqsədə uyğun hesab etdiyi halda bütün qurumlar müvafiq qaydada yoxlanılırlar. Məhz ötən günlərdə «Azəriqaz»da qanunauyğun şəkildə yoxlama aparılıb. Həbslər barədə yazılanlar isə tamamilə yanlış və böhtandır. Yəni «Azəriqaz»da həbslər barədə informasiyalar həqiqəti əks etdirmir. Bəzi qaragüruhçu mətbuatın yazdığının əksinə olaraq «Azəriqaz» rəhbərliyi və şöbə rəisləri yenə də  eyni tərkibdə iş başındadırlar.»

Elçin Zaman, «İki sahil»