23 may 2022 23:08
689

Şəhid Xəyal Namazovun xatirəsi yad edilib

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Namazov Xəyal Xudaverdi oğlunun doğum günü münasibətilə  Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir.

“İki sahil” xəbər verir ki, tədbirdə Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov və tədbir  iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirmişdir. 

Tədbirdə çıxış edənlər Şəhidin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrildiyini qeyd etmişlər.

Şəhid  Namazov Xəyalın valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirmiş, Şəhid  ailələrinə  göstərilən diqqət və qayğı görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Tədbir Xocavənd 4 saylı  tam orta məktəbi şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiya ilə davam edib.

Allah rəhmət eləsin.