Fevralın 10-da Beynəlxalq Muğam Mərkəzində şəhər və rayon mədəniyyət mərkəzlərinin illik ümumrespublika müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər regionlarla bağlı həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, Azərbaycanın qeyri-maddi mədəni irsinin dəstəklənməsi işində müasir formaların tətbiq edilməsi məqsədilə nazirlik tərəfindən “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı təsdiq edilib. Paytaxt seçilmiş şəhər və rayonlarda nominasiyaya uyğun olaraq təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktik konfranslar, “dəyirmi masa”lar, konsertlər, müsabiqələr, festivallar, sərgilər, yarmarkalar və s. tədbirlər təşkil olunub.
Nazir deyib ki, ölkə başçısının təşəbbüsü ilə nəinki Bakı şəhərində, hətta ən ucqar bölgələrdə də mədəniyyət müəssisələri bərpa olunaraq yenidən qurulub, maddi- texniki baza möhkəmləndirilib. Məhz görülmüş işlərin nəticəsidir ki, ötən müddət ərzində 649 mədəniyyət evi və klub təmir olunub. Bununla yanaşı hələ də təmirə ehtiyacı olan mədəniyyət müəssisələri var.
Qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyinin "Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması" layihəsi ilə əlaqədar klub sistemində mərkəzləşdirilmə və profilləşdirilmə üzrə əsaslı islahatlar həyata keçirilir. Bununla bağlı yerlərdə şəhər və rayon mədəniyyət evləri əsasında mədəniyyət mərkəzləri və onların diyarşünaslıq, folklor, sənətkarlıq və digər profilli filialları yaradılır.
Müşavirədə nazirliyin “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması” strategiyası”, “Azərbaycan mədəniyyətinin və xalq yaradıcılığının dəstəklənməsində, qeyri-maddi mədəni irsin qorunmasında, əhalinin asudə vaxtının mədəni təşkilində Şəhər (rayon) mədəniyyət mərkəzlərinin rolu” və digər mövzularında çıxışlar dinlənilib.
Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub