28 may 2022 12:37
1212

«Ümid» yolu

Ümid və arzularımızın körpüsü

28 may 1992-ci ildə istifadəyə verilməklə «Dəmir İpək Yolu»nu reallaşdıran, Zəngəzur dəhlizinin qarşısında «yaşıl işıq» yandıran bu qardaşlıq körpüsü Azərbaycanın beynəlxalq aləmə, türk dünyasına açılan qapısı olduğunu təsdiqlədi

28 may 1992-ci ildə, Müstəqillik Günündə istifadəyə verilən «Ümid» körpüsü Ermənistan tərəfindən blokadada saxlanılan, çətin şəraitdə yaşayan, enerji, təbii qaz, ərzaq sarıdan korluq çəkən naxçıvanlılara ikiqat sevinc bəxş etməklə, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının daha bir nümunəsi kimi salnaməmizə yazıldı.

Ermənistanın torpaqlarımıza hərbi təcavüzü nəticəsində blokadada qalan muxtar respublika əhalisi çətin şəraitdə yaşayırdı. Ulu öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsində işlədiyi illərdə muxtar respublikanı təcavüzdən qorumaq, insanları düşdükləri ağır vəziyyətdən çıxarmaq üçün çıxış yolları arayırdı. Ulu Öndərə sonsuz xalq məhəbbətindən qısqanan, insanlara mənəvi dayaq olan bu müdrik şəxsiyyətə qərəzli münasibətlərini Naxçıvanı «kor bağırsaq» adlandırmaqla bildirən, Qars müqaviləsinin ləğvini istəyən AXC-Müasvat cütlüyünün səriştəsiz siyasətbazları muxtar respublikaya ögey münasibət göstərməklə vəziyyəti daha da ağırlaşdırırdılar.

Ulu öndər Heydər Əliyevin dühasından xoflananlar Naxçıvanın Bakı ilə yeganə əlaqə vasitəsi olan hava nəqliyyatının müntəzəm fəaliyyətini də əngəlləyir, muxtar respublikada vəziyyəti daha da gərginləşdirməyə çalışır, təxribatlar törədirdilər. Lakin ulu öndər Heydər Əliyevin dühası elə bir zirvədə qərarlaşmışdı ki, o ucalığın ziyası belə siyasətbazların gözlərini kor edib, qəlblərini qara rəngə boyayırdı.

Həmişə olduğu kimi, ən çətin məqamlarda delə ağlının , zəkasının qüdrətinə güvənərək liderlik missiyasını layiqincə yerinə yetirən Ulu Öndər çıxış yolunu «Türkün türkdən başqa dostu yoxdur» sözlərinin qüdrətinə güvənərək müəyyənləşdirdi. Vəziyyətin ağırlığı ilə bağlı Ankarada keçirilən danışıqlarda qərara alındı ki, Araz çayı üzərindən Azərbaycanı Türkiyə ilə birləşdirən körpü tikilsin. Sabahı üçün narahat olan inanlara nicat gətirəcək körpüyə ad da verildi: «Ümid».

O dövrdə Türkiyənin baş naziri vəzifəsində çalışan, rəhmətlik Süleyman Dəmirəllə danışaraq vəziyyəti müzakirə edən uzaqgörən siyasətçi ulu öndər Heydər Əliyevin səyi nəticəsində qıza müddətdə Azərbaycanın ayrılmaz parçası, Naxçıvanın alınmaz qalası, mənəvi dayağı olan Sədərək rayonunun ərazisində, Araz çayı üzərindən körpünün inşasına başlanıldı. Sədərək- Dilucu körpüsünün tikintisi gözlənildiyindən də tez müddətdə başa çatdırıldı.
 28 may 1992-ci ildə körpünün açılışını birgə qeyd edən türkiyəli qonaqlar da naxçıvanlılar kimi sevinc içərisində idilər. İllərdən bəri qardaşları ayırdığı üçün həmişə lal axan Araz da bu qardaşlıq sevincinə qoşulmuşdu. Muxtar respublikanın paytaxtında əsl bayram təntənəsi yaşanırdı. Hər iki qardaş ölkənin dövlət bayraqları ilə bəzədilmiş körpü ilə muxtar respublikaya gətirilən humanitar yardımlar blokadada qalan insanlara qardışlıq ərmağanı idi. O vaxt «Ümid»i Böyük Vətən müharibəsi illərində Leninqradda Ladoqa gölü üzərindəki buz yolu ilə müqayisə edir, körpünü adına uyğun «Həyat yolu» adlandırırdılar. İnsanlar ilk dəfə olaraq belə sərbəst görüşür, illərin ayrılığına son qoyurdular. Azərbaycanın cənubu ilə şimalını bölən, qardaşları illərlə ayrı salan nisgilli Arazın üstündən salınan körpü ilə addımlayan hər kəs inanırdı ki, bu yol təkcə Naxçıvan üçün deyil, bütünlükdə Azərbaycan üçün nicat qapısı olacaq.

Süleyman Dəmirəlin başçılıq etdiyi nümayəndə heyətinin də iştirakı ilə təşkil olunan açılış mərasimini izləyən yerli sakinlər kimi, qonaqların da gözlərində sevinc yaşları görünürdü. Bu göz yaşları qardaşın qardaşa minnətdarlıq duyğularının ifadəsi, vüsal sevinci idi. Həmin günün yaşatdığı xoşbəxtliyi gələcək əməkdaşlıq üçün təməl hesab edərək xeyir- dua verən, Sədərəklə Dilucunu birləşdirən körpünü «Ümid» yolu adlandıran xilaskar Heydər Əliyev bildirdi ki, bu yol həqiqətən bizim üçün arzularımızın körpüsüdür və türk dünyasına, dünyaya pəncərə olacaq. «Bu gün bütün Azərbaycan xalqının bayramıdır- biz respublikamızın istiqlaliyyət günün qeyd edirik. Sizin səfəriniz həm də onunla sevindiricidir ki, bu gün Araz üzərində salınmış, Naxçıvanı Türkiyə ilə birləşdirəcək Sədərək körpüsünün açılışı olacaq. Bu, həqiqətən bizim ümid və arzularımızın körpüsüdür və türk dünyasına pəncərə açmağa kömək edəcəkdir» sözləri ilə mərasimə toplaşanları təbrik edən Ulu Öndər inanırdı ki, «Ümid» iki qardaşı birləşdirəcək ümidlərin ilk işartısıdır.

S.Dəmirəl «Bu körpü təkcə Azərbaycanı və Türkiyəni birləşdirmir, bu, Avropa ilə Asiya arasında körpüdür. Avropa və Asiya ölkələrinin qarşılıqlı, faydalı əlaqələrinə xidmət edə bilər» söyləməklə Azərbaycan –Türkiyə birliyinin əbədi və sarsılmaz olacağına əminliyini ifadə etdi: « Azərbaycan özünün ədalətli mübarizəsində tək deyil. Biz dünyanın Azərbaycan haqqında həqiqəti bilməsi üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla olmuşdur və olacaq. Biz kədəri və sevinci sizinlə birlikdə bölüşəcəyik.»

Doğrudan da sonrakı illərdə yaşananlara nəzər saldıqda bu körpünün ümidləri doğrultduğunun şahidi oluruq. Həmin körpü ilə blokadada qalan Naxçıvana xeyli ərzaq gətirildi. Naxçıvan Türkiyənin enerji şəbəkəsinə qoşuldu. Bu , yardım qardaşın qardaşa dayağı, dəstəyi idi.
Həmin körpü ilə o tay, bu taya keçənlər türk qardaşlığının qüdrətindən güc alaraq Ulu Öndərin söylədiyi kimi iki dövlətin bir milləti olduqlarını birlikləri ilə möhkəmləndirirdilər.

Tale elə gətirdi ki, sonrakı illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə gerçəkləşdirilən, dostluq, qardaşlıq nümunəsi olan «Ümid»in xələfləri daha böyük coğrafiyanı əhatə edərək dünya əhəmiyyətli faydası ilə fərqləndi. Azərbaycan –Türkiyə dostluğu neft- qaz kəmərlərinin reallaşmasını asanlaşdırdı. «Əsrin müqaviləsi»ni imzalamaqla, neft strategiyasını hazırlamaqla bütün dünyanın ən iri neft şirkətlərinin diqqəti Azərbaycana yönəldi. Dünyanın ən tanınmış şirkətlərini Bakı -Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft -qaz kəmərlərinin reallığına inandıran Ulu Öndər bir daha əvəzolunmaz siyasətci, geniş dünyagörüşünə malik dahi şəxsiyyət olduğunu sübut etdi. O illər sonradan belə xatırlandı : «Əgər «Ümid» çətin şəraitdə yaşayan naxçıvanlılara yaşam, həyat bəxş etdisə, enerji layihələri Türkiyə ilə birlikdə Avropanın bir çox ölkələrinə işıq, nur gətirdi.

Dəmir İpək Yolu adlandırılan Bakı –Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə «Ümid»in varisləri artdı.

İnşası ilə naxçıvanlılara sevinc bəxş edən, çətinliklərin aradan qaldırılmasında böyük əhəmiyyət daşıyan bu körpü ilə 72 naxçıvanlı gənc Türkiyənin ali məktəblərində təhsil almağa göndərildi. Ermənilərin muxtar respublika sərhədlərinə hücumları nəticəsində yaralanan əsgərlər «Ümid» vasitəsi ilə qardaş ölkəyə aparıldı. Türkiyə ilə Naxçıvanı birləşdirən, muxtar respublikada yaranan çətinliklərin aradan qaldırılması üçün yeganə vasitə, həyat, nicat yolu adlandırılan «Ümid»in davamçılarının daha möhtəşəm olacağını əminliklə bildirən Ulu Öndər inanırdı ki, istifadəyə verildiyi zaman kiçik problemlərin həllinə yardım edən körpünün ardıcılları bütünlükdə Azərbaycanın dünyada mövqeyini möhkəmləndirəcək.

«Ümid»in varisi olan Dəmir İpək Yolunun açılışında Ulu Öndərin xidmətlərini xatırladan Prezident İlham Əliyev «Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir…Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq» sözləri ilə tarixi İpək Yolunun qlobal əhəmiyyətini iki qardaş ölkənin birgə səyinin nəticəsi adlandırdı. Ötən illərdə BTQ-nin Naxçıvana qədər uzadılacağı ilə bağlı səslənən perspektivlər də reallaşır. Zəngəzur dəhlizinin inşasının sürətlənməsi isə iki qardaş ölkə arasındakı əlaqələri daha da gücləndirəcək.

Bu günlərdə Füzuli rayonuna səfərləri çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya verilən məlumatda qeyd olunduğu kimi, Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir hissəsi olan bu yol Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malik olmaqla, Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsində əks olunan «Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər» bəndinin reallaşması deməkdir.

Türkiyə- Azərbaycan qardaşlığının əsrlərə söykənən əlaqələri ilə bağlı tarixi mənbələr, faktlar saysız-hesabsız olsa da onlardan bir məqama nəzər yetirək. Qardaş ölkənin ağır günlərində Mustafa Kamal Atatürkün Kazım Qarabəkir Paşaya yazdığı məktubu xatırlayaq: «Əldə bir qəpik paranın olmadığını siz bilirsiniz. Hələ də içəridə pul üçün bir mənbə tapılmır. Başqa tərəfdən belə bir mənbə tapılana qədər Azərbaycan hökumətindən bir qədər geniş ölçüdə borc almağınız haqda düşünmənizi və əldə etmənizi rica edirəm.» O zaman Türkiyənin Azərbaycanda səfiri olan Məmduh Şövkət bəy məktubu Nəriman Nərimanova çatdırır. Təbii ki, lazımi yardım göstərilir. Türkiyənin vəziyyətini nisbətən yüngülləşdirəcək qızıl, xeyli yanacaq, ərzaq tədarük edilib Qarsa göndərilir. Görkəmli ictimai-siyasi xadim, böyük ədib Nəriman Nərimanovun Mustafa Kamal Paşaya yazdığı məktubda qeyd olunan «Paşam, qardaş qardaşa borc verməz, əl tutar» sözlərinin sevincini sonrakı illərdə hər iki xalq gündəlik həyatında hiss etdi. Bu qoşa əlin gücü ilə Bakı-Tbilisi- Ceyhan, Bakı-Tbilisi –Ərzurum neft –qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu gerçəkləşdi. İllərin sınağında bərkimiş bu əllər birləşərək İkinci Qarabağ müharibəsində dəmir yumruğa çevrilərək Ermənistanın başını əzdi. Hazırda Azərbaycanın işğal olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində də həmin əllər xarüqələr yaradır. Zəngəzur dəhlizinin inşasıda türk dünyasının həmrəylik rəmzi kimi tunellərdən, körpülərdən, keçir, sıldırım qayaları fəth edir. Vaxtilə Sədərəkdə körpünün açılışını türk dünyasının birlik rəmzi adlandıran ulu öndər Heydər Əliyevin vurğuladığı kimi, daha neçə niyyətləri gerçəkləşdirəcək «Ümid» ilk addım olsa da ardıcıllarının simasında qitələri dolaşacaq, əməkdaşlıq yolunu aydınlatacaq neçə-neçə «yaşıl işıq»lardan keçəcək, türk dünyasının əbədiyyət rəmzi kimi bir amal ətrafında birləşdirəcək.

Xuraman İsmaylqızı, «İki sahil»