Danılmaz həqiqətdir ki, dövlət anlayışı ilə ordu gücü vəhdət təşkil edir. Çünki azad, müstəqil dövlətin nüfuzu mədəni, siyasi, iqtisadi, elmi inkişafı ilə yanaşı malik olduğu ordusunun gücü ilə də ölçülür. Birinci Qarabağ müharibəsi ölkəmiz üçün çox ağır itkilərlə nəticələndi. Bu baxımdan da 1990-cı illərin əvvələrində Azərbaycanda ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyətli mərhələlərdən keçməyə məruz qaldı. Belə ki, məhv olmaq təhlükəsiylə və bütün sahələrdə ciddi böhranla üzləşən Azərbaycan xalqının tələbi ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana rəhbər olaraq qayıtması bütün sahələrdə olduğu kimi ordu quruculuğu prosesinin də əsasını qoydu. Ümummilli liderimizin səyi nəticəsində bu cəhdlərin, ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş məkirli planların qarşısı qətiyyətlə alındı. Azərbaycan həqiqətləri dünya ölkələrinin ictimayyətinə çatdırıldı. Azərbaycan ordusu NATO standartları səviyyəsində yenidən quruldu və ən yeni hərbi texnologiyalarla təchiz edildi.
Bu müddət ərzində Ulu Öndərin “Mən ona özüm qədər inanıram” sözlərini əməlləri ilə təsdiq edərək ata vəsiətini yerinə yetirən Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyev Azərbaycanda böyük bir dövrün əsasını qoydu və bu dövr ərzində 30 il həsrətində olduğumuz Füzulimizin, Şuşamızın, Qarabağımızın işğaldan azad olunmasına yönəlmiş fəaliyyətinə başladı. Uzaqgörən siyasəti ilə Azərbaycanda nizamlı ordu quruculuğunun güclənməsinə və Azərbaycanın hərb tarixində möhtəşəm zəfərin yazılmasına gətirib çıxartdı.
27 Sentyabr 2020-ci il ölkəmizdə baş verən 44 günlük Vətən Müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. 44 günlük Vətən müharibəsinin 20-gündən çoxu Füzuli rayonunda oldu. Düşmənin 30 ilə qurduğu ən ağır istehkamları, keçilməz səddləri Azərbaycan ordusunun səyi nəticəsində məhv edildi. Şuşanın azad edilməsi isə çox böyük peçəkarlıq və cəsarət tələb edən əməliyyat idi. Şuşa şəhəri müdafiə cəhətdən o qədər əhəmiyyətli, coğrafi-strateji baxımdan o qədər mühümdür ki, noyabr ayının 8-də Şuşanın götürülməsi Ermənistanın təslim olması ilə nəticələndi. Strateji yüksəklikdə yerləşən və ermənilər tərəfindən güclü müdafiə sisteminin yaradıldığı bu şəhəri almaq sanki mümkünsüz görünürdü. Lakin müzəffər Azərbaycan ordusu, igid əsgərlərimiz qeyri-adi şücaət göstərərək, dünyada tarixində ilk olan döyüş üsulu ilə, hərb tarixinə düşəcək səviyyədə döyüşmüş, yaxın məsafədən əlbəyaxa döyüşərək düşmənə qalib gəldilər.
Prezidentimizin qeyd etdiyi kimi, “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.
Təbii ki, bu tarixi qələbənin qazanılmasında bu möhtəşəm hərb tarixinin yazılmasında Silahlı Qüvvələrimizin istifadə etdiyi müassir tipli silahlar, texnoloji vəsaitlər bizim gücümüzün yalnız bir göstəricisi idi. Xalqımızın bu tarixi sınaqdan alnıaçıq, üzüağ zəfərlə çıxmasının, illərlə xəyalını qurduğumuz, 30 illik həsrətimizə son qoyub bizləri doğma torpaqlarımıza qovuşduran ən başlıca amillərindən biri - Müzəffər Ali Baş Komandan Yenilməz Sərkərdə Cənab İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun əsgər, zabit heyətinin vətən sevgisi, gözünü qırpmadan ölümün ağuşuna atılan oğulların qəhrəmanlıq əzmi və öz liderinə inanaraq onun dəmir yumruğu ətrafında gücünü birləşdirən Azərbaycan xalqının birliyi oldu.
Ən nəhayət, əldə olunan qələbə həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması ordumuzun gücünü daha da artırır, ardıcıl zəfərə aparır. Bununla da xalq-iqtidar birliyi ölkəmizin uğurlu inkişafını müəyyən edir. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, xalqın iradəsi, dövlətin qətiyyəti, davamlı islahatlar Azərbaycana möhtəşəm uğurlar qazandırıb, dünya miqyasında tanıdıb.
Şükürlər olsun ki, Azərbaycanımızın çox güclü ordusu var və bu ordu qarşısında duran bütün məsələləri həll etməyə qadirdir. Ordumuzun möhkəm maddi texniki-bazası, peşəkar əsgər və zabit heyəti vardır. Əminəm ki, Prezident İlham Əlyevin rəhbərliyi ilə uğurlara imza atan Azərbaycan diplomatiyası regional sülhün və əməkdaşlığın da inkişafını təmin edəcəkdir.
Yaşasın Azərbaycan dövlətçiliyi və Müzəffər Azərbaycan ordusu!
Xalisə Məmmədova,
Kürdəmir Regional Mədəniyyət İdarəsi Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin direktor vəzifəsini icra edən