17 noyabr 2026 23:59
99

Böyük Qayıdış: Zəfər tariximizin davamı

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri davam etdirilir. İllər boyu doğma yurdlarının həsrəti ilə yaşayan insanların mərhələli şəkildə bu məkanlara qayıdışı artıq davamlı prosesə çevrilib. Demək olar ki, hər ay keçmiş məcburi köçkün ailələrinin doğma torpaqlarına qayıdışının sevincinə şahidlik edirik. Noyabrın 17-də Xocavənd şəhərinə 36 ailə - 140 nəfər, rayonun Quzeyxırman kəndinə 12 ailə - 45 nəfər, Cəbrayılın Soltanlı kəndinə 17 ailə - 74 nəfər, Zəngilanın Cahangirbəyli kəndinə isə 18 ailə - 74 nəfər köçürülüb.

Bu qayıdış sadəcə yaşayış yerinin dəyişdirilməsi deyil. Bu, uzun illər doğma evindən ayrı düşmüş insanların öz keçmişinə, doğma torpağına yenidən qovuşmasıdır. Hər bir ailənin evinə qayıtması Böyük Qayıdışın insan talelərində yaratdığı dəyişiklikləri, illərlə davam edən həsrətin sona çatmasını və yeni həyat mərhələsinin başlanmasını ifadə edir.

Ən mühüm məqamlardan biri budur ki, keçmiş məcburi köçkünlərin doğma yurdlarında təhlükəsiz, rahat və müasir tələblərə cavab verən şəraitdə yaşamaları üçün bütün zəruri tədbirlər görülür. Yenidən qurulan kənd və şəhərlərdə yaşayış evləri ilə yanaşı, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri, yollar, elektrik, qaz, su və digər kommunal infrastruktur yaradılır. Məqsəd insanları sadəcə doğma torpaqlarına qaytarmaq deyil, onların burada layiqli həyat sürmələrini, əmək fəaliyyəti ilə məşğul olmalarını və gələcək planlarını öz yurdlarında reallaşdırmalarını təmin etməkdir. Bu baxımdan Prezident İlham Əliyevin noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşündə səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət daşıyır: “Bu gün biz demək olar ki, müntəzəm olaraq yeni gözəl kəndlər, şəhərlər salırıq, sıfırdan qururuq. Çünki mənfur düşmən bizim bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdi, o cümlədən Cahangirbəyli, Soltanlı kəndlərini də tam dağıtmışdı. Bu gün bu iki kəndə təqribən 700-ə yaxın ailə qayıdır. Sizin üçün gözəl evlər tikilib. Əminəm ki, siz bu şəraitdən səmərəli şəkildə istifadə edəcəksiniz. Əsas məsələ odur ki, artıq köçkünlük həyatı arxada qalır”.

Məcburi köçkünlər uzun illərdən sonra yurdlarına qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayıblar. Onlar doğma yurdlarında yenidən qayıtmaqla ən böyük arzularının reallaşdığını bildirib, hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər. Şübhəsiz, uzun illər həsrətində olduqları yurda qayıdan ailələr üçün doğma torpağın havasını udmaq və gələcək planlarını öz yurdlarında qurmaq xüsusi məna daşıyır.

Bəli, hər yeni köç bir kəndin və ya yaşayış məntəqəsinin dirçəlişinə, bu yerlərdə sosial həyatın canlanmasına və bölgənin gələcək inkişafına töhfə verir.  Bu mənada Böyük Qayıdış Proqramı insanların doğma torpaqlarına qayıtmasını, ailələrin yenidən bir araya gəlməsini, Qarabağda və Şərqi Zəngəzurda həyatın canlanmasını təmin edən genişmiqyaslı prosesdir.  Yeri gəlmişkən qeyd edək ki, artıq 100 minə yaxın insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır, çalışır. Şübhəsiz, bu fakt Böyük Qayıdışın mərhələli şəkildə həyata keçirildiyini və azad edilmiş torpaqlarda həyatın tədricən əvvəlki axarına qayıtdığını təsdiqləyir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda tikilən hər bir ev, salınan hər bir yol, açılan hər bir məktəb və yandırılan hər bir ocaq həm də Azərbaycanın gücünü, qüdrətini, xalqımızın birliyini nümayiş etdirir. Bu qayıdışın hər mərhələsini isə Azərbaycanın Zəfər tarixinin davamı kimi xarakterizə etmək olar.

Qvami Məhəbbətoğlu, “İki sahil”