Təhsilin təməli
1992-ci ildən Azərbaycan uşaq hüquqları ilə bağlı konvensiyaya qoşulub, eyni zamanda, uşaq hüquqları ilə əlaqədar digər müxtəlif beynəlxalq konversiyaları da ratifikasiya edib. Ümumiyyətlə, indiyədək Milli Məclisdə uşaqlarla bağlı 20-dən artıq qanun qəbul edilib, ümumilikdə isə 72 qanun və 11 məcəllədə uşaq hüquqlarına dair müddəalar əksini tapıb.
Ölkədə kimsəsiz uşaqların qayğısına qalmaq üçün müxtəlif mərkəzlər fəaliyyət göstərir. Amma hələ də ölkədə uşaq hüquqları məsələsində bəzi çatışmazlıqlar hiss olunur. Bu çatışmazlıqlar əsasən ailədə özünü göstərir. Bəzi ailələrdə uşaqlar zorakılıqlarla üzləşirlər. Digər tərəfdən, Azərbaycanda 300 mindən çox uşaq erməni təcavüzünün nəticəsi olaraq qaçqın və məcburi köçkün statusunda yaşamaq məcburiyyətində qalıb.
Uşaq hüquqlarının müdafiəsində cəmiyyətin özü maraqlı olmalı, valideynlər uşaqların hüquqlarının müdafiəsinə şərait yaratmalıdırlar. Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində real iş görən uşaq təşkilatlarını barmaqla saymaq olar. Bu da cəmiyyətin özündə uşaq hüquqlarına marağın az olmasından irəli gəlir. Uşaq aləmi elə bir sektordur ki, burada uşaqların müdafiəsini təşkil etmək həddən artıq çətindir.
Ölkəmizdə uşaqların demək olar ki, əksəri öz hüququnu bilmir. Onlarda bu barədə məlumat, demək olar ki, yox səviyyəsindədir. Ona görə də cəmiyyətdə uşaq hüquqları barədə daha çox danışılmalıdır. Digər tərəfdən, ölkədəki sosial problemlər də həllini tapmalıdır ki, ailədə uşaqla bağlı hər hansı bir problem yaşanmasın. Demokratik və insan hüquqlarının müdafiə olunduğu ölkədə böyüyən uşaq, təhsil və sosial sahədə problemlərin olduğu cəmiyyətlə müqayisədə daha xoşbəxt olur.
Məktəbəqədər təhsil müəssisələrində təlim işinin təşkili
Müşahidələr göstərir ki, məktəbəqədər yaş dövrünün sonunda uşağın davranış tərzində müstəqillik get-gedə genişlənir və uşaq tədricən onu əhatə edən şəraitin təsirindən uzaqlaşa bilir. Bu vəziyyət onda istifadə olunur ki, 6-7 yaşlı uşaq tutduğu daxili mövqeyə uyğun hərəkət edərək özünün müstəqilliyini təsdiqləməyə fəal meyil edir. Uşağın məktəb təliminə hazır olmasının əsas amilləri içərisində oxumaq bacarığının olmasının mühüm əhəmiyyəti vardır. Oxumaq bacarığının əsası məktəbəqədər yaş dövrünün sonunda, bağçada aparılan təlim məşğələlərində qoyulur.
Kiçik məktəb yaşı dövründə qavrayış və onun bütün növləri uşağın həyat və fəaliyyətinin təsiri altında, onun ətraf dünyanın hadisələri ilə aktiv qarşılıqlı münasibəti prosesində inkişaf edir, formalaşır, başqa sözlə desək, uşaqlarda qavrayışın inkişafı məktəbdə aparılan təlim prosesi ilə bilavasitə əlaqədar olur. Aparılan müşahidələr və psixoloji tədqiqatlar göstərir ki, kiçik məktəb yaşı dövründə uşaqlar kollektivdə öz yerini tutmağa, yoldaşlarının hörmətini qazanmağa və müvafiq nüfuza malik olmağa aktiv olaraq çalışırlar. Bunun üçün uşaqlar kollektivdə qəbul olunmuş qaydalara, tələblərə riayət etməyə çalışır və ictimai rəylə hesablaşmağa səy göstərirlər.
Məktəbəqədər təhsil sahəsində müəyyən işlərin görülməsinə baxmayaraq, xeyli problemlər də mövcuddur. Uşaqların inkişafında məktəbəqədər təhsilin rolu və əhəmiyyəti cəmiyyət və ailələr tərəfindən yaxşı dərk edilmədiyindən öz tutumunda dəyərləndirilmir... Ölkəmizdə məktəbəqədər təhsilə əhatə cəmi 20-25 faiz təşkil edir. Milli mentalitet, ailə tərbiyəsinə üstünlüyün verilməsi, bağçalarımızda qaçqın və məcburi köçkünlərin hələ də məskunlaşması kimi bəhanələr problemə haqq qazandırmağa əsas vermir.
Məktəbəqədər təhsil müəssisələrində təlim prosesi özünəməxsus cəhətləri ilə fərqlənir. Orada valideynlərin müraciətlərinə, arzu və istəklərinə daha ciddi yanaşmaq, uşaqların maraqlarının nəzərə alınmasını stimullaşdırıcı vasitə kimi dəyərləndirmək zəruri hesab edilir. Uşaq şəxsiyyətinin formalaşmasının ilk məktəbi ailədir, böyüklərlə ünsiyyət zamanı əxlaqi cəhətdən lazım olanı qavrayır, mənimsəyir, böyüklər öz şəxsi xüsusiyyətlərini ona aşılayırlar - bu daima beləcə həndəsi silsilə üzrə baş verib. Belə olan tərzdə məktəbəqədər təhsil müəssisələrində təlim işinin demokratik prinsiplər əsasında qurulmasına nail olmaq mümkündür.
Yeri gəlmişkən Koreyada ibtidai təhsil pulsuz və icbaridir. Qanunvericiliyə əsasən uşaqlar 6 yaşından ibtidai məktəblərə gedir. Əgər 5 yaşlı uşağın qabiliyyət və bacarıqları onun məktəbə getməsinə imkan verirsə, belə uşaqlar da ibtidai təhsilə cəlb oluna bilərlər. Şagirdlərin sayı həddindən artıq çox olan tədris ocaqları kiçik məktəblərə bölünür. Bu, ikinövbəli tədris sisteminin ləğv olunmasına xidmət edir.
Ölkədə 1976-cı ilə qədər özəl təhsil müəssisələri uşaqların inkişafında mühüm rol oynayıb. Daha sonra ibtidai məktəblərin nəzdində yaradılmış bağçalar fəaliyyətə başlayıb. Əsas və orta təhsil pillələrinin hər biri 3 il davam edir. 2004-cü ildən ölkənin bütün məktəblərində icbari əsas təhsil tətbiq olunur. Hər bir müəllimin müvafiq kafedra üzrə müəyyən olunmuş ixtisas meyarlarına cavab verməsi onlara baş nazirin müavini, təhsil və insan resurslarının inkişafı naziri tərəfindən lisenziyaların verilməsi ilə təsdiqini tapır.
Kurikulumun ibtidai siniflərdə tətbiqi
2008-2009-cu dərs ilindən ümumi təhsil məktəblərinin birinci sinifləri yeni kurikulumlarla tədrisə başlayıb. Bu sənədlərin məzmunu və mahiyyəti, onlarla işin xüsusiyyətləri müəllimlərə izah olunmuş, onlarla fikir mübadiləsi aparılmışdır. Kurikulumun tələblərinə cavab verə biləcək şəkildə işlənməsi, şagirdlərin informasiya toplamaq, onlar üzərində işləmək qabiliyyətinin formalaşdırılması, təhlil və tətbiq etmək bacarağına yiyələnməsi, tənqidi yanaşma bacarığı əldə etməsi üçün imkanlar yaratdığına görə fərqlənir. Təlim prosesi ilə bağlı fəaliyyətlərin səmərəli təşkili, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan kurikulumun ibtidai siniflərdə tətbiqi, müəllimin peşəkarlıq səviyyəsinin və pedaqoji fəaliyyətinin yüksəlməsini tələb edir, kifayət qədər hazırlıq tələb edən bu prosesdə tələskənlik gözlənilən nəticəni verməyə bilər.
Bu gün Azərbaycanın ümumi təhsil sistemində məzmun islahatları “Kurikulum islahatları” adı altında aparılır. “Kurikulum” anlayışı ölkəmizin pedaqoji leksikonuna ötən əsrin 90-cı illərinin axırlarında daxil olmuşdur. Kurikulum dünyanın mütərəqqi təhsil modellərindən biri olmaqla, hazırda geniş miqyasda tətbiq olunur. Avropa ölkələrində kurikuluma təhsilin əsasını təşkil edən sənəd kimi yanaşılır. Konseptual sənəd kimi onun məzmununda standartlar, zəruri minimum, təhsil alanların hazırlığına qoyulan tələblər, texnologiya və qiymətləndirmə məsələlərini əhatə edilir. Həyata keçirilməkdə olan təhsil islahatı proqramının başlıca cəhətlərindən biri kurikulum islahatının icrasına nail olmaqdan ibarətdir və bu istiqamətdə görülən işlərlə də kurikulum siyasətinin əsası qoyulmuşdur.
Göründüyü kimi, kurikulumlar mahiyyət etibarilə iki ümümi cəhəti əhatə edir. Əvvəla, təhsil sahəsində olan fəaliyyətlərlə (müəllim, şagird fəaliyyətləri nəzərdə tutulur) əhatə olunur.İkincisi,kurikulum konseptual xarakter daşıyır.Təhsil standartları mahiyyət etibarilə şagirdlərin hər hansı pillədə bilməli və etməli olduqlarını ehtiva etməklə nəticə xarakteri daşıyırdı. Bu gün də dünyanın kurikulum və qiymətləndirmə mütəxəssisləri standartlara təlim nəticələri kimi yanaşmaqla onun zəruri və əhəmiyyətli olmasını məhz bu tərzdə ifadə edirlər. Kurikulum şagirdləri yaradıcı həyata hazırlamaq üçün münasibətlər və davranış normaları formalaşdırır,müəllimlər bilik və bacarıqlarını təlim-tərbiyə işinin təkmilləşdirilməsinə sərf edir, hər bir kəsə kollektivdə öz qüvvə və imkanlarını səfərbərliyə almağa kömək edir...
Şagirdlərdə biliklərin əsası ibtidai siniflərdə qoyulur. Bunu da uğurla həyata keçirmək üçün yüksək ixtisaslı müəllim hazırlığına böyük ehtiyac duyulur. Milli kurikulumun üstünlüklərindən biri də burada təlim strategiyaları və qiymətləndirmə mexanizminin öz əksini tapmasıdır,yəni müəllim dərsini daha keyfiyyətli tədris etmək üçün səmərəli vasitələrə malikdir.Bu gün ölkəmizin ümumtəhsil məktəblərinin I və II siniflərində istifadə edilən dərslik komplektləri müvafiq fənn kurikulumlarının əsasında yazılmışdır. Bu komplektlərin başlıca komponenti sayılan həmin dərsliklər fənn kurikulumlarında təsbit olunmuş məzmun standartlarının reallaşdırılmasında mühüm rola malikdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 30 oktyabr tarixli, 233 nömrəli qərarı ilə təsdiq etdiyi “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)” Təhsil nazirinin 2007-ci il 23 iyun tarixli əmri ilə ibtidai təhsil üçün fənn kurikulumlarının öyrənilməsi tövsiyə olunur.Kurikulumla bağlı Təhsil Nazirliyi orta məktəb müəllimlərinə treninqlər keçirib. Aparılan monitorinqlər göstərir ki, heç də bütün müəllimlər həmin treninqlərdə lazımı bacarıqlara yiyələnə bilməyiblər. Bunu peşəkar treninqlərin olmaması ilə əlaqələndirmək olar. Gənclərə nisbətən orta nəsil bu treninqlərə maraqsız yanaşır. Bu treninqlər ardıcıl, mütəmadi təşkil olunmur.
Qeyd etmək lazımdır ki, Azərbaycan təhsil sistemində artıq uğurla tətbiqinə başlanılmış “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)” sənədində inkişafetdirici təlim öyrənənin inkişafının təmin olunmasında mühüm təsir vasitəsi kimi müəyyən edilir və təfəkkürün inkişafını əqli inkişafın başlıca məqsədi sayır.Milli kurikulumda ibtidai təhsilin əsas məqsədlərindən biri məhz uşaqlarda məntiqi təfəkkür elementlərini formalaşdırmaq, istedadlı uşaqların üzə çıxarılmasına nail olmaq, onların istedadının bir qədər də inkişafını təmin etməkdir... Təcrübə göstərir ki, uşaqların əksəriyyəti məktəbə müxtəlif nitq nöqsanları ilə gəlirlər. Məlumdur ki, nitq inkişafı uşağın bilik əldə etməsi üçün mühüm şərtdir. Ona görə də belə uşaqların nitqində nöqsanların yaranma səbəblərini öyrənib onun aradan qaldırılması yollarını axtarmaq, onların lüğət ehtiyatını zənginləşdirmək, rabitəli nitqini inkişaf etdirmək lazımdır.
Kurikulumla bağlı yenilikləri, tətbiq olunan bütün metodikanı bu sahədə “kurikulum islahatı” adlandırmaq olar. Bu islahat çərçivəsində dövlətin təhsil siyasətinin yeni mərhələdə əsası qoyulur. Kurikulum şagirdin hansı mərhələdə hansı akademik bilik və praktik bacarıqlara yiyələnməsini dəqiq müəyyən edir: Şagird həyatda tətdiq edə biləcəyi ən sadə bacarıqlara yiyələnməlidir.
İndi kurikulumun öyrədilməsində əsasən informasiya bolluğu yaratmağı müəllimin əsas işindən biri hesab edirik. Bu zaman uşaq məntiqlə düşünməyə, məsələlərə təfəkkürlə yanaşmağa özünü hazırlaya bilər. Onlarda maraq və həvəs artırmağın yolu da bu məqamdan keçir, interaktiv dərslərə keçilməsini də həm şagirdlər üçün, həm də yeni təlim metodları ilə tədris üçün əsas şərtlərdən sanırıq. Tədris prosesi elə təşkil olunmalıdır ki, fundamental fiziki nəzəriyyələr öyrənilərkən şagirdlər bu nəzəriyyəni interaktiv şəkildə tədricən öz təfəkkürlərində formalaşdırsınlar.
İslam Əsgəroğlu