02 avqust 2022 00:48
710

Qanmadığınız sözü danışmayın...

Düşmənə sirr verməyin adı Vətənə və xalqa xəyanətdir

Ucuz şöhrət qazanmaq və cəmiyyətdə "günün qəhrəmanı" kimi tanıtmaq üçün dövləti və ya hərbi sirləri faş etməkdən belə çəkinməyən bir qrup şəxs aşkar olunub.

Son günlər bəzi sosial media istifadəçiləri və özünü jurnalist adlandıran fırıldaqçılar tərəfindən Azərbaycan Ordusunun nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar yayılıb. Hamımız üçün maraqlıdır ki, onlar bunu qəsdən və ya bilməyərəkdən ediblər. Bilməyərəkdən ediblərsə pis, qəsdən ediblərsə, bu, daha pis. Çünki hər iki halda cinayətə yol veriblər. Ona görə də Azərbaycanın inzibati orqanlarının diqqətini cəlb ediblər.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş prokurorluğa dəvət olunub, onların barələrində prokuror təsir tədbirləri görülüb.

Belə ki, sosial media istifadəçiləri "jamaz.info" saytının rəhbəri İbişbəyli Fikrət Fərəməz oğlu, "Miq.az" saytının rəhbəri Alışov Aqil Balabəy oğlu, Şirvan şəhər sakini İsmayılov Elçin Xankərəm oğlu, Lənkəran rayon sakini Cabbarlı Əli Allahverdi oğlu və Xaçmaz rayon sakini Fətəliyeva Nuranə Etibar qızına "Prokurorluq haqqında" Qanunun 22_ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.
Bundan başqa, "Facebook" sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə "Prokurorluq haqqında" Qanunun 24_cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388_1.1.1_ci (internet informasiya ehtiyatında və ya informasiya_telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə həbs cəzasına məhkum olunub. Təəccüblənməyə bilmirsən: dislokasiya yerinə, hərbi hissənin nömrəsinə, hərbi hissə komandirinin adına, hətta ata adına qədər sosial şəbəkələrdə necə məlumat paylaşmaq olar? "Hərbi ekspert"liyə iddialı olan şəxs bu məlumatları ictimai şəkildə yaymağın doğru olmadığını bilmirmi?   Bundan əlavə, Tofiqin hansı zabitin hansı hərbi hissədə hansı vəzifə daşıması, onu kimin əvəz etməsi, daxili məsələlər və s. haqda eşitdiyi, bildiyi qeybətləri həqiqət kimi yayma cəhdləri də qəzəb doğurur.

Bizə müsibətlər yaşatmış və 30 il ərzində möhkəm səngərlənmiş düşmən ordusunu cəmi 44 gün müddətində darmadağın edən qüdrətli Azərbaycan Ordusunda xırım-xırda nəsnələri gözə soxmağa cəhd edən yaramaz Şahmuradov kimin dəyirmanına su axıtdığını bilirmi? Nankorluq etdiyini başa düşürmü? Üç min şəhid verən Azərbaycan xalqından utanırmı?

Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Neqativ hallara yol vermiş şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Müşahidələr və faktlar göstərir ki, hər yerdə özünü "jurnalist" kimi təqdim edən mətbuatdan xəbəri olmayan bəzi başabəla işbazlar imzalarını reklam etmək xatirinə qanunla qadağan olunmuş mövzulara girişir və ciddi neqativ hallara yol verirlər. Onlar "tanınmaq" və ucuz şöhrət qazanmaq üçün həyatlarını belə risk altına atırlar. Yuxarıda adları çəkilənlərin hərəkətlərindən görünür ki, bunlar özlərini "çoxbilmiş" kimi göstərməyə çalışaraq casusluq və xəyanət əməllərinə qədər gediblər.

Ordumuz bizim güvənc yerimizdir. Onu gözdən salmaq, siyasi sayıqlığını itirərək hər addımımızı izləyən düşmənə məlumat sızdırmaq Vətənə və xalqa xəyanətdir. Bütün cəmiyyətlərdə belələri ən ağır cəzaya layiq görülüblər. İndiki zamanda sosial şəbəkələrdə azadlıqdan sui-istifadə edən belə yaramaz ünsürlər,  "qırmızı xət"ləri keçənlər cəzalandırılmalı və ya intizama dəvət edilməlidirlər. Təkcə inzibati orqanlar deyil, cəmiyyətimizin hər bir üzvü belələrini qınamalı və nadürüst hərəkətlərindən çəkindirməyə çalışmalıdır. Bu, fəal vətəndaşlıq mövqeyi olar. Aidiyyəti qurumlar işlərini elə qurmalıdırlar ki, hərbi və dövlət sirləri təsadüfi adamların əlinə keçməsin. "Reket" jurnalistlərin qarşısı kəsilməli, hər yerə "burun soxmalarna" şərait yaradılmamalıdır.

Vətəni, torpağı, milləti sevən və 44 günlük müharibə zamanı şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına torpaqlarımızı işğaldan azad edərək bu ərazilərimizdə möhkəmləndiyimiz, eyni zamanda, bəzi dairələrdən Azərbaycana  təsirlərin olduğu bir dövrdə öz içimizdə olan bu cür "jurnalistlər" və sosial şəbəkə istifadəçiləri tərəfindən düşməni sevindirən addımların atılması çox güman ki, anti-Azərbaycan qüvvələrin sifarişidir və ya həmin "jurnalistlərin" bu məsələləri kifayət qədər anlamamasından irəli gəlir, ya da ki, qəsdən tərədirlər.  Azərbaycan Respublikası Baş Prokurorluğunun verdiyi qərar vaxtında atılmış addımdır. Belə məsələlərdə isə hamı Prokurorluğun yanında olmalıdır. Sosial şəbəkələrdə istifadəçilər bir-birlərinə İctimai nəzarəti gücləndirməli, yolundan sapmışları düzgün yola qaytarmağa dəvət etməlidirlər. Yaddan çıxarmamalıyıq ki, Ermənistan silahlı qüvvələrinin tör_töküntüləri hələ ərazimizdən çıxarılmayıb və dezinformasiyalardan istifadə edə bilərlər.

Fikirlərimizi yekunlaşdıraraq deməliyik ki, məsuliyyətsizlik etmək, qanunla qorunan sirlərlə, Azərbaycan Ordusu ilə xatalı "zarafat" etmək olmaz.

Başının nə danışdığını bilməyən bu adamların yaratdığı ajiotaj "Axırıncı aşırım" filmində Kərbəlayi İsmayılın sözlərini yada salır: _ Ədə hey, qanmadığın sözü danışma!

Vəli İlyasov, "İki sahil"