Azərbaycan yaxın illərdə daha bir məhsulun – badamın ixracına hazırlaşır. Bu barədə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 3-də “Grand-Agro İnvitro” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsinin fəaliyyəti ilə tanış olması və “Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinin badam emalı zavodunun açılışında iştirak edərkən bildirilib.
Tədbirdə iştirak edən İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, ötən il badamçılıq sahəsində əhəmiyyətli irəliləyiş əldə olunub: “2015-2019-cu illərdə ölkədə istehlak olunan təmizlənmiş badamın 90-95 faizi idxal edilirdisə, 2021-ci ilin nəticələrinə görə artıq biz ürəkaçan dinamikanı görə bilirik”.
Dünyada badam istehsalı artır
2021-2022-ci illərdə qlobal badam istehsalı 1,6 milyon tondan çox olub ki, bu da 2020-2021-ci illər üzrə 1,7 milyon tonluq rekorddan sonra ikinci ən yüksək göstəricidir.
ABŞ bu sahədə də liderdir
Dünyada badam istehsalında ilk yeri ABŞ tutur. Qlobal badam istehsalının 78 faizi bu ölkənin payına düşür. Sonrakı yerlərdə Avstraliya (8 faiz) və İspaniya (7 faiz) qərarlaşıb. İstehsalın əsas hissəsinin ABŞ-ın əlində cəmləşməsi onu ixracda da liderə çevirir. Bu ölkənin ləpə badam ixracının əsas istiqaməti Avropa (52 faiz), taxta qabıqlı badamda isə Hindistan (65 faiz) və Çin (15 faz) ön sıradadırlar. Digər iki yeri də istehsal göstəricisində olduğu kimi İspaniya (ixracın 90 faizini Avropa ölkələri təşkil edir) və Avstraliya (ixracın 48 faizini Asiya ölkələri təşkil edir) tutur.
Ən çox badam idxal edən və istehlak edən ölkələr
Qlobal badam idxalında Hindistan ilk yerdədir. Sonrakı yerləri İspaniya, Almaniya, Çin, İtaliya tutur. Dünyada ən çox badam istehlak edən ilk 5 ölkə isə ABŞ, Hindistan, İspaniya, Çin və Almaniyadır.
İstehsalı ilə bərabər istehlakı da artır
Kaliforniya, Avstraliya və İspaniyada badam istehsalının həcmi on il əvvəllə müqayisədə müvafiq olaraq 1,5, 2,5 və 2,4 dəfə artıb. Həmçinin 2010-2020-cı illərdə Hindistanın badam idxalı 4 dəfəyə qədər, İspaniyanın 77 faiz, Almaniyanın 28 faiz, Çinin 100 faiz, İtaliyanın 1,23 dəfə artıb.
Azərbaycanda isə…
Azərbaycanda ildə 750-800 ton badam ləpəsi istehlak edilir. 2015-2019-cu illərdə badam ləpəsinə olan tələbi ödəmək məqsədilə ölkədən hər il 6 milyon ABŞ dolları məbləğində valyuta xaricə çıxırdı. “Azbadam” MMC-nin icraçı direktoru Anar Ağayevin sözlərinə görə, hazırda bu sahədə idxal yarıbayarı azalıb və 2024-cü ildən badam ixracına başlanılacaq: “Ölkəyə badam idxalını 50 faizə qədər azaltmışıq. 2024-cü ildə isə yalnız bizim bağ bütün Azərbaycanın istehlak həcmini qarşılaya biləcək. Digər bağlardan alacağımız badamları da emal edib ixrac edəcəyik”.
2024-cü ildən etibarən Azərbaycan məhsulunun Avropa İttifaqı ölkələrinə, Türkiyəyə, MDB və Mərkəzi Asiya respublikalarına, Hindistana, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə ixracının həyata keçiriləcəyi nəzərdə tutulub.
Son illərdə Azərbaycanda fındıqçılıq inkişaf etməkdədir. Ötən il fındıq ixracının dəyəri 108,8 milyon ABŞ dolları olmaqla ölkəyə qeyri-neft sektoru üzrə ən çox valyuta gətirən 7 məhsuldan biri olub. Azərbaycan fındıq ixracına görə dünyada üçüncü yerdədir. Bütün bunlar ölkəmizdə fındıq bağlarının sahəsinin 2 dəfə artırılmasına imkan verib. Gözlənilir ki, badamçılıq da fındıqçılığın uğurunu təkrar edə bilər.
2017-ci ildə fəaliyyətə başlayan “Grand-Agro İnvitro” MMC məhsuldar meyvə və digər bitki tingləri yetişdirməklə məşğuldur. Müəssisənin tətbiq edilən müasir texnologiyalar sayəsində ənənəvi üsullarla çoxaldılması mümkün olmayan, həmçinin yerli və xarici bazarda rəqabətədavamlı yüksəkkeyfiyyətli məhsullar yetişdirmək imkanları mövcuddur.İstixanalar müasir damcı üsulu və sisləmə sistemi ilə suvarılır. Müəssisənin beynəlxalq standartlara tam cavab verən laboratoriyası isə ən müasir texnologiyalarla təchiz olunub. İnkubasiya otaqlarının geniştutumlu olması sayəsində laboratoriya il ərzində 4 milyon ədəd müxtəlif cins və sort yetişdirmək imkanına malikdir.
“Azbadam” MMC üzrə işlərin həyata keçirilməsi iki mərhələdə planlaşdırılıb. Birinci mərhələ üzrə 2017-2019-cu illərdə Abşeron rayonunun Qala və Bilgəh qəsəbələrində Aralıq dənizi badam sortlarından olan Quara (160 hektar), Belona (95 hektar), Avijor (138 hektar) və Soleta (34 hektar) növlü ağaclardan ibarət badam bağları salınıb. İkinci mərhələdə yaradılan zavod ölkədə ilk badam emalı müəssisəsidir.
Yerli, yoxsa xarici sortlar?
Azərbaycanda kənd təsərrüfatının inkişaf xüsusiyyətlərindən biri də yüksək məhsuldar sortlarla yanaşı, yerli sortlara da böyük əhəmiyyət verilməsidir. Sözügedən tədbirdə ölkə başçısınn yetişdirilən sortların yerli və ya xarici olması ilə maraqlanması, yerli sortlara üstünlük verilməsi ilə tapşırığı qeyd etdiyimiz amili bir daha sübut edir: “Burada çox vacib məsələ odur ki, əlbəttə, intensiv bağçılıq daha çox məhsulun həcminə istiqamətləndirilir. Amma bizim xüsusiyyətimiz və üstünlüyümüz odur ki, - hər zaman belə olub, bu gün də belədir, - bizdə yetişdirilən meyvə-tərəvəz təbiidir. Yəni, orqanikdir və onun xüsusi dadı var. Burada yerli sortlara daha çox üstünlük verilməlidir. Yəni, kəmiyyət dalınca getsək, bizim xüsusi dad verən o meyvələri itirə bilərik. Buna xüsusilə diqqət yetirin”.
Ceyhun Piriyev, “İki sahil”