12 avqust 2022 14:55
1417

Rəşad Cavadov: Təbii qazın itki faizi hər il azalır FOTO

7 ay ərzində 31412 yeni abonent qeydiyyata alınıb

Avqustun 12-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib. Birliyin baş direktorunun satış üzrə müavini Rəşad Cavadovun moderatorluğu ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

 R. Cavadov  Birliyin 2022-ci ilin yanvar-iyul  aylarına dair iqtisadi göstəricilərini jurnalistlərin diqqətinə çatdırıb. Bildirib ki, cari ilin 7 ayı ərzində «Azəriqaz» İstehsalat Birliyinin boru xətlərinə 4 milyard 825 milyon kubmetr təbii qaz qəbul edilib: « Bu isə 2021-ci ilin yanvar- iyul ayları ilə müqayisədə qazın qəbulunda 342 milyon kubmetr artım deməkdir. Yanvar- iyul aylarında qəbul olunmuş qaz həcminin 1 milyard 428 milyon kubmetri sənaye xətləri üzrə, 3 milyard 397 milyon kubmetri isə əhali xətləri üzrədir. Keçən illə müqayisədə əhali xətləri üzrə təbii qazın verilməsindəki azalma 13 milyon kubmetr olubsa, sənaye xətləri üzrə artım 355 milyon kubmetrə çatıb.»

R. Cavadov bildirib ki, təkcə bu ilin iyul ayı ərzində 316 milyon kubmetr təbii qaz qəbul olunub: «Ötən ay qəbul olunan qazın 191 milyon kubmetri sənaye xətləri üzrə, 125 milyon kubmetri əhali xətləri üzrədir. Ötən ayın müvafiq dövrü ilə müqayisədə bu ay 14 milyon kubmetr artım müşahidə edilib. Bu ay ərzində əhali xətləri üzrə artım 7 milyon kubmetr, sənaye xətləri üzrə artım 7 milyon kubmetr olub.»

Təbii qazın itkisi  barədə məlumat verən R. Cavadov bildirib ki, bu ilin yanvar-iyul ayları ərzində «Azəriqaz» İstehsalat Birliyinin paylayıcı şəbəkəsində qaz itkilərinin həcmi 8 faiz təşkil edib : « Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2, 5 faiz, yəni  84 milyon kubmetr azdır. İyul ayına isə deyə bilərəm ki,  bu ay ərzində qaz itkisinin həcmi 4,5  faiz təşkil edir. Bu, keçən ilin müvafiq ayı ilə müqayisədə 0,8 faiz , həcmlə isə 1,7 milyon kubmetr azalma deməkdir.»

Baş direktorun müavini bildirib ki, avqustun 1-nə olan məlumata görə ölkə üzrə abonentlərin sayı 2 473 107 nəfərdir. Onların 2 434 777-i əhali, 38 336-ı isə qeyri- əhalidir. Bu il ərzində 31 412 yeni abonent qeydiyyata alınıb. Həmçinin bu ilin 7 ayında Tarif Şurasının təyin etdiyi illik limiti keçməyən abonentlərin sayı 1 667 301 nəfər olmuşdur ki, bu da abonentlərin 68, 5 faizini əhatə edir. Ümumilikdə istismarda olan sayğacların sayı 2 434 771 ədəddir ki, onların da 1 519 593-ü ( 62, 5 faizi) mexanikidir.

R. Cavadov cari ilin 7 ayı ərzində çəkilən qaz xətləri  barədə məlumat verib: « 2022-ci ildə ölkənin qaz təsərrüfatında 116 kənd və yeni yaşayış massivlərində qazpaylayıcı şəbəkənin qurulması nəzərdə tutulub. Hazırda 106 kənd və yaşayış massivlərində işlər proqrama uyğun aparılır. Bunlardan 4 kənd və yaşayış massivi təbii qazla təmin olunub, 38 kənd və 35 yaşayış massivində qazlaşdırma işləri aparılır, 7 yaşayış məntəqəsində və 22 yaşayış massivində işlər yekunlaşıb və texniki icra sənədləri hazırlanma prosesindədir. Ehtimal var ki, ilin sonunadək qeyd olunan məntəqələr üzrə qazlaşma işləri başa çatdırılsın. Ümumilikdə isə bu gün ölkə üzrə qazlaşma səviyyəsi 96, 3 faizdir. Son 7 ay ərzində 329, 2 kilometr qaz xətti çəkilmişdir ki,  onun da 37 kilometri Bakı şəhərində və  Abşeron rayonunda reallaşmışdır. Bu dövrdə 85 kilometr qaz xətti əsaslı təmir olunmuşdur.»

Baş direktorun müavini tədbirdə bildirib ki, yanvar- iyul aylarında «Azəriqaz» İB-nin 2310 əməkdaşına intizam tənbehi verilib.  Bunlardan 611-i mühəndis texniki, 1699-u isə fəhlə heyətinə aiddir.

Elçin Zaman, «İki sahil»