15 avqust 2022 14:38
689

Bölgələrlə paytaxt arasında fərq minimuma endirilib - Aydın Hüseynov

"Son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərlə yanaşı, ölkənin digər bölgələrinə də səfərlər edir. Uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişib. Bölgələrlə paytaxt arasında fərq minimuma endirilib. Dövlət başçısının bölgələrimizə mütamadi səfərləri bir daha göstərir ki, ölkə rəhbəri regionların inkişafına, əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına daim diqqət göstərir, mövcud problemlərin qısa müddətdə həlli üçün konkret tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm addımlar atır. Avqustun 12-də  Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qobustan, İsmayıllı və Ağsuya səfəri zamanı yeni istifadəyə verilən infrastruktur layihələri bunu bir daha təsdiqləyir."

Bu fikirləri «İki sahil» ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib. 

A. Hüseynov qeyd edib ki, Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, ölkəmizdə sosial-iqtisadi islahatların qarşısını heç bir qüvvə ala bilməz. İslahatlar bundan sonra da qətiyyətlə davam etdiriləcək.  Dövlət başçısının hər bir səfəri regionların inkişafı ilə bağlı tədbirlərin daha da sürətlənməsinə səbəb olur, rayonlarda insanların işgüzarlığı, iqtisadi fəallığı üçün əlavə stimul verir. Regionların inkişafı ilə paralel milli sərvətimiz olan dini abidələrimizin, məscidlərin, ibadətgahların əsaslı təmiri, yenidən qurulması işləri də davam etdirilir. 1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə tikilən «Diri Baba»türbəsi də dövlət başçımızın tapşırığına uyğun olaraq bərpa edilir. 500 ildən çox yaşı olan və Qafqazın ən nadir abidələrindən hesab olunan türbə turistlərin diqqətini cəlb edən məkanlardan biridir. Təmir-bərpa işlərindən sonra bu maraq daha da artacaq. Xarici və yerli turistlərin marağına səbəb olan Lahıcda aparılan yenidənqurma işləri də xüsusi diqqət çəkirdi. Bir il əvvəl İsmayıllı rayonunda yeni salınan Basqal-Sulut avtomobil yolu isə son illər ölkədə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində görülmüş işlərin tərkib hissəsidir.

Deputat sonda vurğulayıb ki, regionların inkişafı ilə bağlı vəzifələrin icrası sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun artırılmasına, yoxsulluq səviyyəsinin azaldılmasına təkan verir. Gördüyümüz kimi, Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşlarının maraqları dayanır. 

Şəmsiyyə Əliqızı, «İki sahil»