16 avqust 2022 21:19
582

Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar ərzaq təhlükəsizliyimizə böyük dəstək olacaq

Qlobal miqyasda ərzaq məhsullarının eləcə də yanacağın qiymətində artım müşahidə olunmaqdadır. 2022-ci ilin may ayında ABŞ-da illik inflyasiya 8,6 faizə çatıb ki, bu da 1981-ci ildən bəri ən kəskin artımdır. Almaniyada may ayında inflyasiya 7,9 faiz təşkil edib, yanacaq orta hesabla 38, ərzaq isə 11 faiz bahalaşıb. Avropanın ən zəngin ölkələrindən biri olan İrlandiyada il ərzində qiymətlər 7,8, qazın qiyməti 54 faiz artıb. Belçikada inflyasiya 9, İtaliyada 6,8 faizə çatıb, enerji qiymətləri demək olar ki, 43 faiz artıb.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu 2022-ci ildə bütün dünyada ciddi inflyasiyanın olacağı məlumatını vermişdi. İl ərzində qiymət artımlarının orta hesabla 8,7 faiz olacağı, inkişaf etməkdə olan ölkələrdə isə inflyasiyanın daha yüksək olacağı proqnozlaşdırılır. İnkişaf etmiş ölkələr üçün BVF bu rəqəmi 5,7 faiz qiymətləndirib.

Bir çox inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım müşahidə olunsa da inflyasiya nəzərəçarpacaq dərəcədə yüksəkdir. Münaqişələr, qarşıdurmalar, ciddi iqtisadi problemlər yaşayan ölkələrdə inflyasiyanın 2022-ci ildə qlobal ortalama 7,4 faizdən yuxarı olacağı proqnozlaşdırılıb.

Bir müddət öncə isə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO)  məlumatında Ukraynadakı münaqişənin dünya ərzaq qiymətlərinə birbaşa təsir edəcəyi, qlobal miqyasda qiymətlərin 8-22 faiz arta biləcəyi bildirilirdi. Müşahidə olunan odur ki, artıq dünya bazarlarında buğdanın və bitki yağlarının qiyməti xeyli dərəcədə artır. Əlbəttə, ekspertlərin də proqnozlaşdırdıqları kimi, bu, gözlənilən idi. Çünki  Rusiya son illərdə beynəlxalq bazarlara ən böyük buğda tədarükçüsünə çevrilib. Ukrayna isə öz növbəsində bu məhsulun əsas ixracatçıları sıralamasında beşinci yeri tutur. Demək onların payına dünya taxıl ixracının üçdə birindən çoxu düşür. Göründüyü kimi, ölkələrin ərzaq təhlükəsizliyinin təmin edilməsi getdikcə daha çox əhəmiyyət kəsb edir. İnsanların ərzaqla təminatı məsələsi qlobal xarakterli əsas problemlərdən birinə çevrilib. Əvvəlcə onu qeyd edək ki, həm dünyada, həm də ayrı-ayrı ölkələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi sabitlik mühiti yaratmaq üçün olduqca vacib şərtdir. 

Dünya əhalisi artmaqda davam etdikcə, kənd təsərrüfatı məhsuldarlığını davamlı şəkildə artırmaq, ərzaq itkisini, israfını azaltmaq, aclıq və qida çatışmazlığından əziyyət çəkən insanların qidaya əlçatanlığını təmin etmək üçün təcili tədbirlərin görülməsi vacibdir. Bir müddət öncə Dünya Bankının prezidenti Devid Malpas bildirdi ki, artıq cari ildə bir çox ölkələr tənəzzüllə üzləşə bilər: “Aydındır ki, bəzi ölkələrdə, hətta ola bilsin, bir çoxlarında tənəzzül olacaq”.

BMT-nin məlumatına görə, dünyanın müxtəlif ölkələrində aclıq artıq qaçılmazdır. Təşkilat qeyd edib ki, ərzaq çatışmazlığı problemi son üç ildə böyüyür və Ukraynada baş verənlər vəziyyəti daha da gərginləşdirib. Ümumiyyətlə, silahlı münaqişələrin ərzaq təhlükəsizliyinə təsiri ilə bağlı aparılmış araşdırmalara görə, münaqişələr adətən kənd təsərrüfatı məhsullarının istehsalının həddən artıq azalması ilə nəticələnir. Bu isə öz növbəsində aclığa və çoxlu sayda insanın yeni ərzaq mənbələri axtarışında miqrasiya etməsinə gətirib çıxarır.

Ölkəmizdə də bu problemin qarşısının alınması məqsədilə xüsusi proqramlar işlənib hazırlanır. Atılan ən uğurlu addımlar sırasında ərzaq ehtiyatlarının yaranması istiqamətində görülən işləri xüsusi qeyd etmək lazımdır. Ən sevindirici hallardan biri də ondan ibarətdir ki, dövlət büdcəsinin gəlir və xərc hissəsi artırıldı. Xərc hissəsinin 193 milyon manatı məhz ərzaq təhlükəsizliyi ilə bağlıdır. Belə ki, 2022-ci ilin dövlət büdcəsinə ərzaq bahalaşmasının qarşısının alınması, eləcə də ərzaq bolluğunun, ehtiyatların yaradılması üçün 193 milyon manat vəsait əlavə olundu. Azərbaycan dövləti bütün xarici şokların, bu kimi halların, onların fəsadlarının və təsirlərinin minimuma endirilməsi istiqamətində həmişə uğurlu addımlar atıb.

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində ölkə başçısı bəyan etdi ki, öz iqtisadiyyatımızı dünya iqtisadiyyatına inteqrasiya edərək bazar iqtisadiyyatının bütün təməl prinsiplərini Azərbaycanda tətbiq etdik: “Bu gün Azərbaycanın ümumi daxili məhsulunun strukturuna baxsaq, görərik ki, ümumi daxili məhsulumuzun əksər hissəsini özəl sektor formalaşdırır, həm yerli şirkətlər, həm xarici investorlar, xarici şirkətlər. Belə olan halda dünyada gedən istənilən iqtisadi proses bizə də təsirsiz ötüşmür, bizə də təsir edir. O cümlədən dünyada mövcud olan ərzaq mallarının bahalaşması da, əlbəttə ki, bizə də təsir edir. Bu il dünyanın əksər ölkələrində inflyasiya ikirəqəmli inflyasiyadır. Bildiyiniz kimi, inkişaf etmiş ölkələrdə inflyasiya çox aşağı səviyyədə olur. İndi biz hətta o ölkələrdə ikirəqəmli inflyasiyanı görürük”.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, biz hələ də özümüzü tam, yəni, 100 faiz əsas ərzaq məhsulları ilə təmin edə bilmirik: “Ancaq bu istiqamətdə ardıcıl işlər aparılır. Məsələn, bizim üçün ənənəvi olmayan heyvandarlıq sahəsində, yəni, - mən sovet dövrünü nəzərdə tuturam, o vaxt heyvandarlıq Azərbaycanda demək olar ki, az inkişaf etmişdi, - bu gün biz özümüzü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 3-5 il ərzində biz yüz faiz səviyyəsinə çıxacağıq, baxmayaraq ki, tələbat da artır. Çünki əhali artır”.

Dünya bazarlarında təkcə taxılın qiyməti artmır, eyni zamanda, taxıl qıtlığı yaşandığını vurğulayan ölkə başçısı İlham Əliyev bildirib ki,  xüsusi proqram işlənib və ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq: “Amma əfsuslar olsun ki, biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir. Ancaq bugünkü vəziyyət ondan ibarətdir ki, təkcə qiymətdən söhbət getmir, eyni zamanda, taxıl qıtlığı yaşanır. Bildiyiniz kimi, Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər. Çünki taxılın əsas ixtracatçıları Rusiya və Ukrayna olduğu halda, indi müharibə əlbəttə ki, bu məsələdə çox böyük əngəllər törətmişdir. Ancaq Azərbaycanda bu sahədə heç bir problem yoxdur. Biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm taxıl ixrac edilir və ediləcək. Gübrəyə gəldikdə isə, bildiyiniz kimi, biz özümüz də artıq gübrə istehsalçısı olmuşuq və hətta karbamid gübrəsini ixrac edirik. Amma digər gübrələr Azərbaycana idxal olunur.

Respublikada daxili bazarın təmin olunması üçün kənd təsərrüfatı məhsullarının becərilməsi, suvarma sistemlərinin təkmilləşdirilməsi, yeni əkinə yararlı sahələrin cəlb olunması istiqamətində bütün lazımi addımlar atılır. Prezident İlham Əliyev qeyd edib ki, özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq : “Əminəm ki, növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik. Eyni zamanda, biz artıq azad edilmiş torpaqlarda da əkin-biçinlə məşğuluq. Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizləmə işləri aparılmışdır. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək”.

Günel Eyyubova , “İki sahil”