18 avqust 2022 23:25
692

Yaxşı olar ki, Ermənistan xəbərdarlıqlardan nəticə çıxarsın

Ölkə başçısı, möhtərəm Prezident İlham Əliyevin Ağsu və İsmayıllı rayonlarına səfəri böyük sosial, iqtisadi və siyasi əhəmiyyəti ilə yanaşı Ermənistana bir sıra ciddi xəbərdarlıq və mesajlarla da yadda qaldı. Dövlətimizin başçısı bir daha Ermənistanı təxribatlara əl atmaqdan çəkinməyə, odla oynamamağa çağıraraq törədilən təxribatların Ermənistan üçün ağır nəticələrə gətirib çıxaracağını bildirdi. Ali Baş Komandanımız növbəti dəfə bəyan etdi ki, Ermənistan tərəfinin törətdiyi istənilən təxribatın qarşısı müzəffər və qalib Azərbaycan ordusu tərəfindən layiqincə alınacaqdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər bir çıxışı ölkəmizin qətiyyətinin, güclü iradəsinin və Dəmir Yumruğun gücünün ifadəsidir.

“İki sahil” xəbər verir ki,  bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, müsahibə zamanı “Qisas” əməliyyatına toxunan ölkə başçımız cənab İlham Əliyev “Qisas” əməliyyatının Ermənistan üçün növbəti dərs və eyni zamanda Azərbaycan ordusunun  gücünün nümayişi olduğunu qeyd etdi. Ali Baş Komandanımız bir daha bəyan bəyan etdi ki, Müzəffər Azərbaycan ordusu qarşıya qoyulmuş bütün hədəflərə tamlıqla nail olmuşdur:

“Yaxşı olardı ki, rəsmi İrəvan, Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin bütün xəbərdarlıqlarından nəticə çıxarsın, yeni reallıqları qəbul etsin və onlara verilmiş tarixi şansı dəyərləndirsin. Ermənistan hakimiyyəti birmənali şəkildə  anlamalıdır ki, Ermənistanın xilası, mövcud ağır böhranlardan yeganə çıxış yolu və gələcək inkşafı Azərbaycanla münasibətlərin normallaşmasından və sülh müqaviləsinin imalanmasından asılıdır. Eyni zamanda cənab Prezidentimizin dediyi ki, Ermənistan İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyətini və Dəmir Yumruğun gücünü unutmamalıdır. Əks halda revanşist qüvvələrin öz mənafeləri naminə əl atdığı təxribatlar Ermənsitanın bir dövlət kimi məhv olmasına gətirib çıxaracaqdır.”