Elsevər Əsədov,
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı
Naxçıvan Dövlət Universitetinin son dövrlər bütün sahələrdə yüksələn dinamika ilə inkişafı açıq-aydın görünməkdədir. Bunun nəticəsidir ki, universitetimiz Azərbaycan ali təhsil məkanında özünəməxsus mövqeyi qazanmışdır. Xüsusilə tibb təhsili sahəsində atılan addımlar universitetin nüfuzunu daha da yüksəltməkdədir. Bunu Naxçıvanda keçirilən “I Beynəlxalq Tibbi Forum” bir daha nümayiş etdirdi.
Tibbi kadr hazırlığında atılan addımlar, maddi-texniki bazanın və kadr təminatının gücləndirilməsi tibb təhsili almaq istəyən tələbələrin sayını günü-gündən artırır. Bunun nəticəsidir ki, 2022-2023-cü tədris ilində Tibb fakültəsində 1600-dən çox tələbənin tədrisə başlayacağı gözlənilir.
Naxçıvan Dövlət Universitetində yüksək səviyyədə qurulan beynəlxalq əlaqələr xarici ölkə universitetləri ilə əməkdaşlıq müqavilələrin bağlanmasına, ikili diplom layihələrinin həyata keçirilməsinə, ortaq elmi araşdırmaların aparılmasına şərait yaratmışdır. Bu əməkdaşlıqlar çərçivəsində universitetimizin professor-müəllim heyəti il ərzində bir sıra nüfuzlu konqreslərə, sammitlərə dəvət olunurlar. Bu tədbirlər içərisində tibb tələbələrinin qardaş Türkiyə Cümhuriyyətinin nüfuzlu universitetlərində keçdiyi ənənəvi yay istehsalat təcrübələrinin də xüsusi yeri vardır.
Naxçıvan Dövlət Universitetində ali təhsilli tibbi kadr hazırlığına 1999-cu ildən başlansa da, xarici ölkələrdə istehsalat təcrübələrinin keçirilməsi 2002-ci ildən etibarən həyata keçirilməkdədir. Bu təcrübələr sayəsində bugünədək tələbələrimiz müxtəlif müddətlərdə qardaş ölkənin onlarla universitetinə ezam olunmuşdur.
2 illik pandemiyadakı fasilədən sonra bu ilki istehsalat təcrübələri daha böyük heyətlə iştirak və yeni əməkdaşlıqların qurulduğu universitetlərdə keçirilməsi ilə yadda qaldı. Naxçıvan Dövlət Universiteti ilə Türkiyə Cümhuriyyətinin müxtəlif universitetləri arasında bağlanan əməkdaşlıq müqavilələrinə müvafiq olaraq, ənənəvi yay təcrübələri qardaş ölkənin Ankara şəhərində yerləşən Qazi və Ankara Universitetləri, Kayseri şəhərində yerləşən Erciyes Universiteti, Ərzurum şəhərində yerləşən Atatürk Universiteti və Trabzon şəhərində yerləşən Qaradəniz Texnik Universitetlərinin klinikalarında 18 iyul 2022-ci il tarixdən 30 iyul 2022-ci il tarixədək davam etmişdir. Qeyd edim ki, yay istehsalat təcrübələri üçün səfər edilən universitetlərin ikisi – Ankara və Qazi Universiteti ilə cari ildə ilk dəfə əməkdaşlıq müqavilələri bağlanmış, əvvəldən əməkdaşlıq müqavilələri mövcud olan Ərzurum Atatürk və Karadəniz Texnik Universitetləri ilə isə bu il əməkdaşlıq müqavilələri yenilənmişdir.
Yay istehsalat təcrübələrində ümumilikdə 18 müəllim, 5 həkim-rezident və 112 tələbə olmaqla 135 nəfər iştirak etmişdir. Təcrübələrə Tibb fakültəsinin “Müalicə işi”, “Tibbi profilaktika”, “Stomatologiya”, “Əczaçılıq”, “Tibb”, “Hərbi tibb”, “İctimai səhiyyə” və “Psixologiya” ixtisaslarında təhsil alan tələbələr və fakültədə tədrislə məşğul olan həkimlər daxil edilmişdir. Tələbələr müəyyən olunmuş xüsusi proqram əsasında bölmələr üzrə müayinə və müalicələrdə, müasir metodlarla aparılan cərrahi əməliyyatlarda (beyin əməliyyatları, laparoskopik, robotik əməliyyatlar, keyseriyə əməliyyatları və s.) müşahidəçi qismində, bir sıra əməliyyatlarda isə yuxarı kurs tələbələri asistent kimi iştirak etmişlər. Təcrübələrə universitetin Tibb fakültəsinin dekanı, kafedra müdirləri və universitet xəstəxanasının baş həkimi rəhbərlik etmişdir.
Yay istehsalat təcrübələri zamanı universitetin Tibb fakültəsinin rəhbərliyi ilə təcrübə keçirilən universitetlərin müvafiq qurumları arasında görüşlər keçirilmiş, əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun gələcək işlər müzakirə edilmişdir.
Keçirilən təcrübələrin ən maraqlı məqamlarından biri də Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin məzunları və hazırda universitetdə rezidentura təhsili alan və xaricdə təcrübədə olan həkim-rezidentlərlə görüşlərin keçirilməsi olmuşdur. Ankara şəhərinə ezam olunan heyətdəki müəllimlərimiz Hacettəpə, Ankara və Qazi universitetlərində təhsilini davam etdirən və uzman həkim kimi çalışan məzunlarla görüş keçirilmişdir. Ankara şəhərində Gazi, Ankara və Hacettəpə universitetlərində təhsilini davam etdirən və uzman kimi çalışan yetirmələrimizdən 2006-cı il “Pediatriya” ixtisası məzunu Sevil Hüseynova (Ekmen), 2008-ci il “Pediatriya” ixtisası məzunu Günel Həsənova, 2015-ci il “Pediatriya” ixtisası məzunu Xurşud Hacıyeva, 2016-cı il “Müalicə işi” məzunu Mahir Fəttahov, 2017-ci il “Müalicə İşi” məzunu Sara Əzizli, 2019-cu il “Stomatologiya” ixtisası məzunları Fatimə Əlizadə, Fəridə Əliyeva və Rəsmiyyə Quliyeva, Qazi universitetində hazırda təcrübədə olan universitetimizin “Urologiya” ixtisası üzrə 3 cü kurs həkim-rezidenti Həsən Feyzullayev, eyni zamanda kollektivimizin Ərzurum Atatürk Universitetində, Trabzon Qaradəniz Texnik Universitetində, Kayseri Erciyes Universitetində uzmanlıq təhsili alan məzunlarımızla da görüşləri olmuşdur. Məzunlarla keçirilən tədbirlər çox mənalı və yaddaqalan olmuş, onların təcrübədə olan tələbələrlə bir neçə dəfə görüşləri keçirilmişdir. Məzunlarımızın təkcə respublikamızda deyil, ölkə hüdudlarından kənarda fəaliyyəti universitetimizin tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, gələcəkdə muxtar respublikamızın ixtisaslı tibbi kadrlara olan tələbatının ödənilməsi baxımından da mühüm əhəmiyyət daşımaqdadır.
Təcrübələr müddətində həftəsonları təşkil olunan sosial proqramlar da həkim-tələbə kollektivi üçün yaddaqalan olmuşdur. Ankara şəhərində yerləşən heyətin Ulu Öndər Mustafa Kamal Paşa Atatürkün məzarının yerləşdiyi “Anıt Qəbir” və Ümummilli Lider H.Əliyevin adına salınmış möhtəşəm “Heydər Əliyev Parkı”ı ziyarətləri, Kayseri şəhərində yerləşən heyətin əfsanəvi “Kapadokya” səyahəti, Trabzon şəhərində olan heyətin “Uzungöl” və Ərzurum şəhərindəki heyətin “Çağlayan şəlaləsi” səyahətləri tələbələrə xoş anlar yaşatmışdır.
Yay istehsalat təcrübələrindən təkcə tələbə və rezidentlərimiz deyil, həkimlərimiz də faydalanmışlar. Xüsusi ilə qeyd etmək istəyirəm ki, tibb fakültəsinin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, dosent Mətləb İbrahimovun uşaqlarda allergik testlərin aparılması üzrə keçdiyi kursların nəticəsi olaraq bu ildən etibarən universitetimizin klinik xəstəxanasında allergik testlər tətbiq edilməyə başlanılacaqdır.
İki həftəlik yay istehsalat təcrübəsinin sonunda müvafiq universitet rəhbərlikləri tərəfindən həkim və tələbələrə iştirak sertifikatları təqdim olunmuşdur. 2022-ci ilin yay istehsalat təcrübələrinin tələbələrin inkişafında mühüm əhəmiyyət daşıdığı təcrübədə olan tələbələrin, rezidentlərin və həkimlərimizin yekun qənaətidir.
Çətin bir dövrdə yüksək səviyyəli istehsalat təcrübələrinin keçirilməsinə şərait yaratdıqları, bütün lazımı qayğı göstərdikləri üçün muxtar respublika rəhbərliyinə kollektivimiz adından minnətdarlığımızı bildirir və bizə göstərilən etimadı doğruldacağımıza söz veririk.
Tələbələrin nəzəri bilikləri ilə yanaşı bacarıqlarının artırılmasında növbəti hədəfimiz 2022-ci ildə əməkdaşlıq müqaviləsi bağladığımız İ.M.Seçenov adına I Moskva Dövlət Universitetinin Bakı Fikialının “Simulyasiya Mərkəzi”ndə təlimlərə başlamaları və akreditasiya olunmalarıdır. Bu prosesin də 2022-2023-cü tədris ilindən etibarən həyata keçirməyi planlaşdırırıq.
İsa Abdullayev,
Naxçıvan Dövlət Universitetinin “Ümumi təbabət və klinik fənlər” kafedrasının professoru (Kayseri Erciyes Universiteti)
Azərbaycan Pespublikası Təhsil Nazirliyinin tədris proqramına və universitetlərarası əməkdaşlıq müqavilələrinə uyğun olaraq Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin bir qrup həkim və tələbə heyəti Türkiyə Respublikasının Kayseri şəhərində yerləşən Erciyes Universitetində istehsalat təcrübəsində iştirak etdik. Qrup rəhbərimiz Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı dosent Bəhruz Məmmədov olmaqla, mən, həkim yoldaşlarımız Qadir Əliyev və Fatma Məmmədli, həkim-rezident Bənövşə Qasımova və Tibb fakültəsinin müxtəlif kurslarında təhsil alan 25 tələbə ilə birlikdə iyul ayının 18-də Kayseri Erciyes Universitetinin Tibb fakültəsinin dekanlığında təntənəli surətdə qarşılandıq. Bu universitet ilə çoxillik dostluq əlaqələrimiz oduğundan bizim gəlişimizə qədər, artıq, tələbələrin bir neçə qrupa bölünməsi qrafiki hazırlanmış və hansı bölmələrdə fəaliyyət göstərəcəyimiz planlaşdırılmışdır.
Elə ilk gündən tələbələr təcrübə keçəcəkləri bölmələrə yollandılar. Uzun illərdən bəri səmimi münasibətimiz olan Erciyes universitetinin əməkdaşları, prof.dr. Erdoğan Sözüer, prof.dr. Hızır Akyıldız, prof.dr. Recep Aksu, prof.dr. Suat Ötkem, prof.dr. Yusuf Özkul, prof.dr. Hakan Boyraz, dos.dr. Tutkun Talih və digərəri ilə görüşüb səmimi söhbətlər etdik. Tələbələr “Ümumi cərrahiyyə”, “Travmatologiya və ortopediya”, “Ginekologiya”, “Neyrocərrahiyyə”, “Uşaq cərrahiyyəsi”, ”Burun-qulaq-boğaz xəstəlikləri”, “Anesteziologiya”, “Terapiya”, “Təcili və təxirəsalınmaz yardım”, “Dəri-zöhrəvi xəstəliklər”, “Nevrologiya” və “Laboratoriya” şöbələrində yüksək ixtisaslı peşəkar həkimlərin rəhbərliyi ilə öz nəzəri biliklərini təcrübi vərdişlərlə möhkəmləndirməyə başladılar.
Tələbələrlə aparılan gündəlik söhbətlər onların bu istehsalat təcrübəsindən olduqca razı qaldıqları, beynəlxalq standartlara uyğun müasir tibbi xidmət nümunələrindən, yüksək səviyyəli həkimlik etikası normativlərinin əyani nümayişindən razı qaldıqları məlum olurdu.
İyulun 19-da Türkiyə Respublikası Prezidentinin baş müşaviri Mücahit Küçükyılmazın Sultan Süleymana həsr edilmiş “Yavuz adaletin kılıcı” tarixi romanının təqdimat mərasiminə dəvət edildik və orada Kayseri şəhərinin Valisi, Bələdiyyə Başqanı və Kayseri Erciyes Universitetinin rektoru ilə səmimi söhbət etdik. Bizim qrupun üzvlərinin hamısına “Yavuz adaletin kılıcı” kitabı müəllifin imzası ilə təqdim edildi.
Nurşən Sadıqlı,
Naxçıvan Dövlət Universiteti “Müalicə işi” ixtisası üzrə V kurs tələbəsi (Kayseri Erciyes Universiteti)
Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Kayseri Erciyes Universiteti arasında bağlanan müqaviləyə əsasən, 4 müəllim, 1 rezident və 25 tələbə olmaqla 17- 29 iyul tarixləri arasında Erciyes Universiteti Xəstəxanasında yay istehsalat təcrübəsində olduq. Bu müddətdə biz “Ümumi cərrahiyyə”, “Beyin cərrahiyyəsi”, “Daxili xəstəliklər”, “Qadın xəstəlikləri və doğum”, “Pediatriya”, “Oftalmologiya”, “Təcili yardım”, “Travmatologiya”, “Psixiatriya” və “Kardiologiya” şöbələrində ixtisaslı həkimlərin müayinə və müalicə metodlarını müşahidə etməklə yanaşı, bəzi əməliyyatlarda bilavasitə asistent kimi iştirak etdik.
Mən “Beyin cərrahiyyəsi”nə olan marağıma görə, bu şöbədə daha çox oldum və cərrahi əməliyyatlarda iştirak etdim. Bu əməliyyatlara “Kranioplastika”, “Ventrikuloperitoneal şuntlama əməliyyatı”, “Arteriovenoz malformasiya”, “Mikrodisektomiya” və s. aiddir.
Qardaş ölkənin həkim-cərrahlarının Naxçıvan Dövlət Universitetinin tələbələrinə xüsusi diqqəti burda da göz önündə idi. Uşaq beyin cərrahı Prof.dr. Suat Öktemin mənə cərrahlıq, xüsusən də beyin cərrahiyyəsi haqqında verdikləri məlumat bu sahəyə olan marağımı daha da artırdı. Həmçinin, beyin-sinir cərrahı Dr. Halil Ulutabanca ilə birlikdə iştirak etdiyim əməliyyatlar və məni də dəvət etdiyi Dr. Ulutabancanın “Süni intellekt” mövzusundakı mühazirəsindən sonra gələcəkdə məhz onun kimi bir beyin cərrahı olmağa marağımı daha da artırdı.
Tibb tələbələrinin daha keyfiyyətli təhsil alması və gələcəyin bilikli, savadlı həkim kadrları sırasına daxil olması üçün Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində yaradılan bu şərait və imkanlar üçün bütün tibb tələbələri adından dərin minnətdarlığımı bildirirəm.
Əli Ələkbərli,
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin “Tibb” ixtisası üzrə II kurs tələbəsi (Ankara Universiteti)
18-29 iyul tarixlərində Türkiyə Cümhuriyyətinin Ankara Universitetində təcrübədə olduğumuz müddətdə tibb sahəsində ən yeni texnoloji cihazlarla aparılan müayinə və müalicə metodları ilə tanış olmağımız, xüsusən də dəyərli həkimlər tərəfindən bu cihazların işləmə mexanizmlərini bizə öyrətmələri bilik və bacarıqlarımızın inkişafına ən çox faydalı olan məqamlardan biri oldu. Elm və texnologiyanın çox sürətlə inkişaf etməkdə olduğu inkar edilməzdir. Bu səbəbdən də bu cihazlarla qazandığımız hər bir təcrübənin gələcəyin ən yaxşı kadrları olmağımıza ciddi dəstək olacağını düşünürəm. Bura da tanış olduğumuz endoskopik-laproskopik əməliyyatlar və digər əməliyyatlar üçün istifadə olunan robotik cərrahiyyə cihazının qollarının qoşulmuş olduğu monitor və həssas sensorlardan ibarət cihazın digər hissələri vasitəsilə, müəyyən məsafədən həkim tərəfindən əməliyyat icra edilir. Qurğunun əməliyyatlara gətirdiyi üstünlüklərdən qısa müddətdə sağalma, infeksiya riskinin az olması, millimetrik kəsiklərlə əməliyyatın icra olunması, ağrının az olması, xəstənin gündəlik həyatına daha erkən qayıtması və s. kimi yeniliklər biliyimizi təkmilləşdirməyimizə çox kömək oldu.
Xüsusi qeyd etmək istərdim ki, 5G və daha irəli internet texnologiyaları vasitəsi ilə robotik əməliyyatların çox uzaq məsafələrdən idarə olunması yaxın gələcək üçün əlçatmaz deyil. Buda tibb sahəsində innovasiyalarla dolu bir dövrün başlaması deməkdir.
“Beyin cərrahiyəsi” - bölməsində olan əməliyyatlarda praktikada olduğmuz müddətdə öyrəndiyimiz digər bir qurğu isə neyrocərrahiyyədə istifadə olunan koordinasiya cihazı oldu. Əməliyyatdan əvvəl tomoqrafiya nəticələri cihaz yaddaşına yüklənir. Əməliyyat zamanı qurğu üzərində olan sensor kameralarla cihaz xəstəni tanıyır, məsafədən toxunulan nöqtənin yerini millimetrik məsafələrlə tomoqrafiya nəticəsi üzərində göstərir. Nəticədə əməliyyat riski aşağı salınmış olur. Sözügedən cərrahiyyədə istifadə edilən digər bir qurğu sistemi isə “İntraoperativ neyromonitorinq” sistemi də bizim üçün xeyli maraqlı oldu. Cihazın qısaca işləmə prinsipi, beyinə uyğun bölgələrdən kiçik elektrik siqnallarının ötürülməsi və bu siqnalların müvafiq orqandan (əl və ayaqlarda) düzgün qəbul edilib-edilməməsini ölçməkdir. Cihazın əsas məqsədi əməliyyat zamanı sinirlərin zədələnməsini qorumaqdır.
Praktika müddətində “Endokrinologiya”, “Urologiya”, “Daxili xəstəliklər”, “Təcili Tibbi Yardım” sahələrində də bilik və bacarıqlarımızı artırdıq. Qeyd etdiyim sahələr üzrə xeyli xəstəlik hallarını real görüb, fikirlər yürüdərək təcrübə qazanmış olduq. Uzman və professor həkimlər isə xəstəlik halları haqqında suallarımızı hər tərəfli cavablandırdılar. Praktika müddətində maksimum təcrübə qazanmağımız üçün hərtərəfli dəstək oldular. Həmçinin biz tələbələrin hər birinin ayrılıqda maraq dairələrinə uyğun tibb sahələrində təcrübə keçməyimizə dəstək göstərilməsi, gələcəkdə bu sahədə peşəkar kadr kimi yetişməyimizə yaxından kömək oldu.
Bəhriyyə Mustafayeva,
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin “Tibb” ixtisası üzrə II kurs tələbəsi (Trabzon Qaradəniz Texnik Universiteti)
Təhsil aldığım universitet tərəfindən Tibb fakültəsi tələbələri üçün 17-30 iyul tarixlərində təşkil olunmuş yay təcrübə proqramında mən də yer almışam. Təcrübə proqramı çərçivəsində Türkiyə Cümhuriyyətinin Trabzon şəhərindəki Qaradəniz Texniki Universitetinin “Farabi” xəstəxanasında olmuş, “Təcili Tibbi Yardım”, “Kardiologiya”, ”Ginekologiya”, “Pediatriya”, “Ümumi cərrahiyyə”, “Daxili xəstəliklər” və “Hematologiya” şöbələrində xəstə müayinələri, əməliyyatlar, nəticələrin dəyərləndirilməsi, diaqnozların qoyulmasında peşəkar həkimlərlə birgə iştirak etmişəm. “Kardiologiya” şöbəsində EXO və EKQ laboratoriyası, Efor testləri, Tilt testi, TEE müayinəsində (Trans Özofageal Ekokardiyografi), “Ginekologiya” şöbəsində İntravaginal USM müayinəsində, “Pediatriya” şöbəsində Uşaq allergik reaksiyaların təyin edilməsi, xəstə müayinələri, “Ümumi cərrahiyyə” şöbəsində öd kisəsinin laparoskopik əməliyyatı, kolonostomiya əməliyyatı, qasıq yırtığının laparoskopik əməliyyatı, “Hematologiya” şöbəsində sümük iliyindən biopsiya materialının alınması, “Plastik cərrahiyyə” şöbəsində rinoplastika əməliyyatlarında iştirak etmişəm. Eyni zamanda Qaradəniz Texniki Universitetinin tabeliyində fəaliyyət göstərən “Dərman və əczaçılıq texnologiyalarının tətbiqi və araşdırma mərkəzi” (İlaç ve farmasötik teknoloji uygulama ve araşdırma merkezi (İLAFAR)) ilə tanış olmuş və burada görülən işlər, aparılan araşdırmalarla yaxından tanış olmuşam.
Qeyd etməliyəm ki, yay təcrübə proqramın bizim üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, dərs müddətində nəzəri cəhətdən əldə etdiyimiz bacarıqları praktikada tətbiq etmək baxımından bu təcrübələr bizə yeni biliklər qazandırdı. Bununla yanaşı kollektiv şəkildə fəaliyyət göstərmək, yeni sosial mühitə uyğunlaşmaq, yeni tibbi avandanlıqlar görmək, onlarla işləmək bacarığına yiyələnmək yay təcrübə proqramını bizim üçün daha yaddaqalan hala gətirdi. Həmçinin səfərdə olduğumuz müddətdə “Uzungöl”, “Trabzon Atatürk köşkü”nü, “Ayasofya məscidi”ni həkim və tələbə kollektivimizlə birlikdə ziyarət etmiş, qardaş ölkənin Trabzon bölgəsinin milli-mənəvi dəyərləri ilə tanış olmuşuq. Səfər müddətində istər Qaradəniz Texniki Universitetində, istərsə də “Farabi” xəstəxanasında bizə yüksək diqqət və qayğı göstərildi, professorlar və öz sahələrində uzman həkimlər biliklərini bizlərlə böyük məmnuniyyətlə paylaşdılar. Sonda bizim üçün yaratdığı imkanları nəzərə alaraq əminliklə “Yaxşı ki Naxçıvan Dövlət Universitetinin tələbəsiyəm” deyirəm.
Zəhra Seyidli,
Naxçıvan Dövlət Universiteti Tibb fakultəsi “Tibb” ixtisası üzrə II kurs tələbəsi (Trabzon Qaradəniz Texnik Universiteti)
Fakültə dekanımız tərəfindən tədrisdə və intizamda seçilən tələbələrin təcrübə keçmək üçün Türkiyə Respublikasının nüfuzlu ali məktəblərinə göndəriləcəyimizi eşidəndə digər tələbələr kimi mən də çox sevindim. Axı yüksək ixtisaslı həkimlərdən tibb peşəsinin incəliklərini öyrənmək arzumuzun reallığa çevrilməsinin astanasında idik.
Bölgü aparıldıqdan sonra Trabzonda yerləşən Qaradəniz Teknik Universitetinə gedəcəyimi öyrəndim. Qara dəniz sahilində yerləşən bu şəhərdə bir dəfə olduğumdan oranının möhtəşəm təbiətə malik olduğu və ali məktəblərində yüksək səviyyədə kadrlar hazırlandığı haqqında məlumatlı idim.
Naxçıvan Dövlət Universitetindən müəllimlərimizin rəhbərliyi altında avtobuslarla yola düşdük. Sədərək-Dilucu gömrük keçid məntəqəsində bizi xüsusi həssaslıqla yola saldılar. İğdir şəhərində artıq hər qrup təyin olunduğu universitetlərə yola düşdü. Trabzon şəhərinə günün ikinci yarısında çatdıq. Yataqxanalarda yerləşdikdən sonra şəhərdə qısa gəzinti etdik. Səhəri gün qruplara bölünərək Qaradəniz Teknik Universitetinin Tibb fakultəsi xəstəxanasının müxtəlif bölümlərində ixtisas təcrübəsinə başladıq. Onu da deyim ki qardaş ölkədə hər kəs o cümlədən tibb personalı bizi çox istiqanlı qarşıladı. Professorlar və həkimlər bizə qayğı ilə yanaşır, suallarımızı büyük həvəslə dinləyib başa düşəcəyimiz tərzdə izah edirdilər.
Mən ilk 3 gün "Təcili tibbi yardım" bölümündə oldum. Orada gündəlik müxtəlif səbəblərlə xəstəxanaya müraciət edən yüzlərlə xəstənin müayinə olunmasında və ilk tibbi yardım göstərilməsində iştirak etdim. Gördüklərim mənim üçün ilk təcrübə olduğundan böyük həvəslə öyrənməyə çalışırdım. Qeyd edim ki, bu xəstəxanalarda gördüyüm bir neçə xüsusiyyət var idi. Bunlardan biri “Təcili Tibbi Yardım” bölümünə gələn xəstələrin ağırlıq dərəcəsinə və müşahidə müddətinə görə bir neçə bölümə (yaşıl, sarı və qırmızı bölümlərə) ayrılması idi. Bu bölgü müraciət edən xəstələrə həkimlər tərəfindən daha düzgün və rahat müayinə-müalicə imkanı yaradırdı.
Daha sonra iki gün "Uşaq kardioloji bölümü”ndə təcrübə keçdim. Pediatriya bölümünə böyük marağım olduğu üçün bu iki gün mənim üçün çox öyrədici və maraqlı keçdi. Müayinə üçün gələn balaca xəstələrdə indiyə qədər yalnızca kitablardan oxuyaraq məlumat əldə edə bildiyim xəstəlik simptomlarını müşahidə etmək mükəmməl bir təcrübə idi. Hələ körpə yaşalarından ürək xəstəliklərinə düçar olan xəstələri müalicə edən həkimlərə qibtə ilə baxır, mümkün qədər daha çox öyrənməyə çalışırdım ki, gələcəkdə mən də doğma elimdə insanlara faydalı bir kadr olum.
Yerdə qalan digər təcrübə günlərində də “Daxili xəstəliklər”, “Qadın-doğum”, “Cərrahiyyə” kimi bölümlərdə oldum və maraqlı təcrübələr, cavab almağa can atdığım və xəstəxananın mehriban həkimləri tərəfindən böyük həvəslə cavablandırılan suallarım, bunlar sayəsində qazandığım yeni və fərqli tibbi məlumatlarım oldu.
İstər xəstəxanada, istər yataqxanada universitetimizin tələbələrinə yaxşı şərait yaradılmışdı. Həm də bizə rəhbərlik edən müəllimlərimiz və həkimlərimiz yüksək məsuliyyətlə hər tələbə ilə yaxından maraqlanır, qayğı göstərirdilər.
“Uzungöl” ve “Ayder” yaylalarına turlarımız təşkil olundu. Qısası Trabzon şəhərində olduğumuz on dörd gün ərzində həm ixtisas təcrübəmiz, həm də istirahətimiz yüksək səviyyədə təşkil olunmuşdu.
Aysel İsayeva,
Naxçıvan Dövlət Universiteti Tibb fakultəsi “Müalicə işi” ixtisası üzrə IV kurs tələbəsi (Qazi Universiteti)
İllər öncə mənaca zəngin, düşündükcə dərin bir yazı ilə rastlaşmışdım: "Ardınca gedə biləcək cəsarətiniz varsa, bütün arzularınız həyata keçəcək". Bəli həqiqətdə də bu belədir. Hələ kiçik yaşlardan ən böyük arzu və xəyalım olan həkimlik sənəti, məni 3 il qabağa bu gözəl diyara, dilbər məkana, Naxçıvana gətirib çıxardı.
Burada, bu gözəl qəhrəman yurdda, elmin hər cür incəliklərini öyrənərək 4-cü kursa çatdım. Çıxdığım bu yolda biliklərindən, təcrübələrindən faydalandığım həkimlər, müəllimlər, oxuduğum universitetin rektorluğu, fakultəmizin dekanı, daha dərin biliklərə yiyələnməyimiz üçün əzmkarlıqla əllərindən gələni edirlər ki, tam mütəxəssis kimi yetişək. Yenicə qayıtdığımız Ankara səfərimiz də buna böyük bir dəlalətdir. Hörmətli rektorumuzun aylar öncə Türkiyə universitetləri ilə imzaladığı əməkdaşlıq müqavilələri bizi aparıb Ankara Qazi universitetinə çıxardı. Fakültə dekanının rəhbərliyi altında biz Qazi universitetində biliklərə və təcrübələrə sahib olduq. Orda olduğumuz şöbələrdə xəstələrə qulluğu, müayinəni, qayğını, diqqəti, tibbdə yenilikləri təkrar-təkrar tətbiq edərək mənimsəməyə çalışdıq. Bizə qayğı və səmimiyyətlə tibb elmlərinin dərinliklərini öyrətməyə çalışırdılar.
Qazi Universitetinin xəstəxanasında müxtəlif şöbələrində uzman hocaların, həkimlərin necə cəsarətlə, sevərək və tərəddüd etmədən fədakarcasına qatıldıqları əməliyyatlara şahid oldum. Mənim üçün sevgi, istək əsl həkimlik simvoludur. Mənə güvənərək arzularıma, xəyallarıma dəstək olaraq ağır və çox müddətli 2 açıq ürək əməliyyatında gənc asistent olaraq iştirakıma zəmin yaratdılar. Bu əməliyyatlar məndə ürək-damar cərrahiyəsinə olan marağımı daha da artırdı, hansı ixtisası seçəcəyimə dəqiq qərar verdim. Mən bir daha həmin an cənab rektorumuza, dekanımıza heç bir sözlə ifadə olunmayacaq dərəcədə minnətdarlıq hisslərimi necə çatdıracağımı düşündüm. Çünki başqa universitetlərdə bilik və bacarıqlar praktiki şəkildə sonuncu kursda tətbiq olunur. Bizim tələbəsi olduğumuz Naxçıvan Dövlət Universitetinin fərqliliyi də məhz buradadır. Hətta 2-ci kursdan xəstəxanlar üzümüzə açıq olur, sərbəst surətdə müayinə və müalicələrdə, cərrahi əməliyyatlarda iştirak edə bilirik.
Səmra Məmmədli,
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin “Stomatologiya” ixtisası üzrə III kurs tələbəsi (Ərzurum Atatürk Universiteti)
17 iyul 2022-ci il tarixdən 30 iyul 2022-ci il tarixədək Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetində təcrübədə oldum.
Təcrübə müddətində bir çox yeniliklər gördüm. Həmçinin bu vaxta qədər təhsil müddətində qazandığım nəzəri bilikləri təcrübədə tətbiq etməyə imkanım oldu. Universitetin Diş Həkimliyi fakültəsinin tərkibində fəaliyyət göstərən “Restorativ Diş Müalicəsi”, “Endodontiya”, “Ağız, Diş və Çənə Cərrahiyyəsi”, “Protez”, “Periodontologiya” bölmələrində oldum. Hər bir bölmə mənə yeni praktiki biliklər qazandırdı. Hətta pasiyentlərlə sərbəst şəkildə işləməyimə şərait yaratdı. “Periodontologiya” bölməsində həkim nəzarəti altında bir pasiyentin diş daşlarını təmizlədim. “Ağız, Diş və Çənə Cərrahiyyəsi” bölməsində 12-ci dişin çəkilməsi prosesində yaxından iştirak etdim. Belə ki, həkim nəzarəti altında həmin dişi infiltrasyon anesteziya etdim. “Protez” bölməsində də pasiyent üzərində işləmək imkanım oldu. Bir pasiyentdən protez üçün diş ölçüsü götürdüm. Həmçinin bu bölmədə ölçü materialları, sementlər, bir sözlə protez qoyulması prosesində istifadə olunan materialları, onların funksiyalarını daha yaxşı öyrəndim. Ümumi olaraq 13 gün müddətində təcrübədə olduğum bölmələrdən gələcəkdə də faydalanacağım biliklər əldə etdim. Hətta bu təcrübə məndə öz peşəmə qarşı daha da həvəs yaratdı. Səmimi həkim kollektivi, yaradılan şərait mənə çox xoş təsir bağışladı. Təcrübə müddəti biz həmçinin öz kollektivimizlə birlikdə Ərzurumun tarixi, turistik yerləri ilə də tanış olduq. Ərzurum qalasına, Tortum şəlaləsinə getdik, həmçinin Atatürkün ev müzeyi ilə də tanış olduq.
Zahir Axundov,
Naxçıvan Dövlət Universiteti Tibb fakultəsi “Stomatologiya” ixtisası üzrə III kurs tələbəsi (Ərzurum Atatürk Universiteti)
İki həftəyə yaxın bir müddət ərzində biz Ərzurum Atatürk Universitetində təcrübə proqramında iştirak etdik. Təcrübə zamanı stomatologiyanın bir çox sahələrində təlimlərə qoşulduq. Bu sahələrə misal olaraq “Üz-çənə cərrahiyyəsi”, “Peridontologiya”, “Endodontologiya”, “Pedodontologiya”, “Ortodontiya” və.s misal göstərmək olar. Hər bir sahədə çalışan həkimlərdən xüsusi bacarıqlar və məlumatlar öyrənib onları bəzi xəstələr üzərində tətbiq etmək şansımız oldu. Xəstə sayının çox olması səbəbilə istər-istəməz fərqli patoloji hallar ilə rastlaşırdıq. İxtisaslaşmış həkim və uzmanlarla birgə əməliyyatlara daxil olduq və bu da bizim üçün çox faydalı oldu. Bundan sonra da praktikalara qoşulub yeni-yeni məlumatlar öyrənib və onları tətbiq etməyə çalışacam.
Sahilə Yusifova,
Naxçıvan Dövlət Universiteti Tibb fakultəsi “Əczaçılıq” ixtisası üzrə III kurs tələbəsi (Ankara Universiteti)
17-30 iyul tarixlərində təşkil olunmuş təcrübə proqramında iştirak mənim üçün həddindən çox məhsuldar oldu. Biz Ankara Universiteti “İbn Sina” və “Cebeci” xəstəxanalarında təcrübə keçdik. 2 həftə müddət bizim üçün kifayət qədər az bir müddət olsa da, bu 2 həftəni çox yaxşı dəyərləndirməyi bacardıq. Orada həkimlər, tibb işçiləri bizim üçün hər bir məqamı çox diqqətlə, sevə-sevə öyrədirdilər. Bizi öz tələbələri kimi qarşıladılar və qayğı göstərdilər. Demək olar ki, universitetimizdə yaradılan hər bir şərait ordakı şəraitlə eyni idi. Bu müddət ərzində müxtəlif bölmələrdə olduq. Orada bizim öz həkimlərimiz də çalışırdılar. Bu çox qürurverici idi. Biz əməliyyatlarda, pasientlərin həkimlərlə birlikdə müayinə edilməsində, reseptlərin yazılmasında yaxından iştirak etdik. Dərman formalarının təyinatı, istifadə üsulları çox diqqətlə izah olunurdu. İstehsalat təcrübəsi həqiqətən çox maraqlı və yaddaqalan oldu.
Həsən Feyzullayev,
Naxçıvan Dövlət Universitetinin “Urologiya” ixtisası üzrə III kurs həkim-rezidenti
Aprel ayında Naxçıvan Dövlət Universiteti ilə Türkiyə Cümhuriyyətinin nüfuzlu universitetləri arasında əməkdaşlıq müqavilələrinin imzalandığını və bu müqavilələrin biz həkim-rezidentlərin də mobilliyi üçün geniş imkanlar yaratdığını öyrəndim. Universitet rektorluğuna müraciətim əsasında qısa müddətli rəsmi yazışmalardan sonra Ankara şəhərində yerləşən Qazi Universitetində 6 aylıq təcrübəyə göndərildim.
Qazi universiteti Türkiyənin köklü universitetlərindən biridir. Tibbi kadrları, müasir tipli xəstəxanaları bilik və bacarıqlarımızı artırmaq üçün olduqca əlverişli idi. 3-cü kursda olmağıma baxmayaraq bura ilk gəldiyimdə məndən hansı əməliyyatlarda olduğumu soruşdular. Onlara deyəndə ki, mən artıq müstəqil cərrahi əməliyyatlar edirəm, çox təəcübləndilər. Qazi universitetində asistentlə cərrahi əməliyyatlara demək olar ki, məhdud şəkildə qatıla bililər. Burada artıq belə bir qənaətə gəldim ki, həqiqətən biz çox şanslı insanlarıq.
İyun ayının 17-də Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi heyətinin Ankaraya gələcəyini eşidəndə çox şad oldum. Heyət Ankara şəhərinə gəldikdən sonra demək olar ki, hər gün birlikdə olduq. Amma ən maraqlısı Tibb fakültəsi rəhbərliyinin Hacettəpə, Qazi və Ankara universitetlərinə uzmanlıq təhsili alan məzunlarını bir araya yığması oldu.
Bir həkim-rezident olaraq xüsusilə Türkiyənin nüfuzlu universitetlərində olan yay istehsalat təcrübələrinin mühüm əhəmiyyət daşıdığını deyə bilərəm. Daima dövlət qayğısı ilə əhatə olunan Naxçıvan Dövlət Universitetinin şanslı tələbələrini bu uğurlu təcrübələr münasibəti ilə təbrik edirəm.