28 avqust 2022 17:06
1544

“Azneft” İB: “Neft Daşları”nda istismar quyusunda açıq fontan ləğv edilib - YENİLƏNİB

SOCAR-ın Böhran vəziyyətləri və fövqəladə hallar üzrə komissiyasının məlumatına əsasən, “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda qeydə alınan açıq fontan tam lokallaşdırılıb və quyu bağlanılaraq nəzarətə götürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə “Azneft” İB məlumat yayıb.

Fontanın ram edilməsi prosesində "Neft Daşları" NQÇİ-nin, SOCAR-ın Sənaye Təhlükəsizliyi İdarəsinin tullanışa qarşı operativ qrupu və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən  bütün texniki və təşkilati tədbirlər vaxtında və keyfiyyətlə  həyata keçirilib.

Hadisə nəticəsində yanğın baş verməyib, xəsarət alan olmayıb.

***

28.08.2022-ci il tarixində səhər saatlarında “Azneft” İB-nın “Neft Daşları” NQÇİ-nin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda aparılan təmir işləri zamanı quyu açıq fontana keçmişdir.

“İki sahil” xəbər verir ki, bu barədə “Azneft” İB məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmamış və yanğın qeydə alınmamışdır.

Meydançada işlək quyuların fəaliyyəti dayandırılmış, orada işləyən  əməkdaşlar təhlükəsiz əraziyə uzaqlaşdırılmış və bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilmişdir.

Fontanın ram edilməsi istiqamətində, SOCAR-ın, Sənaye Təhlükəsizliyi İdarəsinin tullanışa qarşı operativ qrupunun və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən texniki və təşkilati tədbirlər davam etdirilir.

Hadisə ilə əlaqədar, SOCAR-ın Böhran vəziyyətləri və fövqəladə hallar üzrə komissiyası prosesi Baş ofisin Böhran Mərkəzində qaydalara uyğun olaraq idarə edir.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.