01 sentyabr 2022 23:15
984

Düzgün qidalanma sağlamlığın açarıdır

Qida təhlükəsizliyi bütün insanların sağlam və aktiv həyat tərzi keçirmələri üçün istənilən vaxt kifayət qədər keyfiyyətli qida əldə edə bilmələri deməkdir. Çünki düzgün qidalanma sağlamlığın təməl prinsipidir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyanın hər bir ölkəsi qeyri-səmərəli qidalanmanın bu və ya digər formasından əziyyət çəkir. Qeyri-səmərəli qidalanma dedikdə yalnız zəif qidalanma deyil, həm də artıq çəki və piylənməyə səbəb olan qidalanma nəzərdə tutulur. Qeyri-sağlam qida və içkilərdən tez-tez istifadə etmək ürək xəstəlikləri, insult, şəkər və xərçəng riskini artırır. Araşdırmalar göstərir ki, hər il qeyri-sağlam qidalanmadan təxminən 11 milyon insan ölür. ÜST-ün hesablamalarına görə, çirklənmiş qida məhsullarından hər gün mindən çox insan dünyasını dəyişir və yüz milyonlarla insanın səhhətinə ziyan dəyir.

Sağlam qidalanmanın təməl qaydalarından biri də təmizlik və gigiyena qaydalarına riayət edilməsidir. Nəyə görə? Çünki çirklənmiş qida məhsullarında və suda olan təhlükəli mikroorqanizmlər orqanizminizə düşə və xəstəliklərə səbəb ola bilər. Sağlamlıq üzrə mütəxəssislər tövsiyə edirlər ki, yemək bişirməzdən əvvəl əllərinizi sabun və su ilə yumalısınız. Əllərinizi ən azı 20 saniyə ərzində bir-birinə sürtün. Əllərinizin üstünü, barmaqlarınızın arasını və dırnaqlarınızın altını yaxşı-yaxşı yuyun. Sonra əllərinizi yaxalayıb yaxşıca qurulayın.

Mütəxəssislər qeyd edirlər ki, çiy və hazır ərzaqların ayrı saxlanılmasını tövsiyə edirlər. Ət və onun suyu kimi çiy ərzaqlardakı mikroorqanizmlər digər ərzaqları çirkləndirə bilər. Qida məhsulları yaxşıca bişirilməlidir. Çünki zərərli mikroorqanizmlər yalnız müəyyən yüksək temperaturda məhv olur. Yemək qaynayanadək hazırlanmalı, ərzaqlar, o cümlədən ətin ən dərin qatları ən azı 30 saniyə ərzində 70 dərəcədə bişməlidir. Şorba və digər sulu yeməklər də qaynama dərəcəsinə çatdırmalıdır.

Hazır yeməklər yeyilməzdən əvvəl buxar çıxana kimi yaxşıca qızdırılmalıdır. Ərzaqlar düzgün temperaturda saxlanılmaldır. Səbəb isə ərzaq 20 dəqiqə ərzində müsbət 5—60 dərəcə selsiumda saxlanıldıqda tərkibindəki bakteriyaların sayının iki dəfəyədək çoxalmasıdır. Hətta, çiy ət düzgün temperaturda saxlanılmadıqda bəzi bakteriyalar zəhərli maddələr ifraz edir və bu maddələr ət bişəndən sonra da məhv olmur.

Mikroorqanizmlərin çoxalmasının qarşısını almaq və ya bu prosesi ləngitmək üçün yeməyi ilıq yox, soyuq və ya isti saxlamaq vacibdir.

Yeməyi otaq temperaturunda iki saatdan çox saxlamaq olmaz. Otağın temperaturu 32 dərəcədən çoxdursa, onda onu bir saatdan çox saxlamaq ziyandır.

Sağlam qidalanmanın üç əsas qaydası var. Bunlardan birincisi, hər gün müxtəlif meyvə-tərəvəz istehlakına üstünlük verilməsidir. Çünki meyvə-tərəvəz sağlamlıq üçün vacib olan vitaminlərin, mineralların və digər maddələrin mənbəyidir. ÜST-ün verdiyi məlumata görə, insan orqanizminə gündə ən azı 400 qram meyvə-tərəvəz lazımdır. Bura kartof kimi nişastalı meyvəköklülər daxil deyil.

İkinci əsas qayda piy və yağın qədərində qəbul edilməsidir. ÜST qızardılmış yeməklərdən, mağazalarda satılan dondurulmuş və hazır yeməklərdən, yarımfabrikatlardan və fastfuddan daha az istifadə etməyi tövsiyə edir, çünki onların tərkibində çox vaxt zərərli yağlar olur. Əgər mümkünsə, yeməkləri bitki yağında hazırlayın. Duru bitki yağları ev temperaturunda bərk qalan yağlardan daha faydalıdır.

Üçüncü qayda isə duz və şəkərdən bacardığımız qədər az istifadə etməli olmağımızla bağlıdır. ÜST-ün tövsiyəsinə görə, böyüklərin gün ərzində qəbul etməli olduğu duzun miqdarı bir çay qaşığından az olmalı, sərbəst şəkərin miqdarı isə 60 millilitrdən (başı dolu olmayan təxminən 12 çay qaşığı) çox olmamalıdır. Şəkər bir çox emal edilmiş qida məhsullarının və içkilərin əsas inqrediyentidir. Misal üçün, 355 millilitr sərinləşdirici içkinin tərkibində 50 millilitrə (10 çay qaşığı) qədər şəkər ola bilər. Sərinləşdirici içkilər çox kalorili olduğu bir halda, onların qida dəyəri az və ya ümumiyyətlə yoxdur.

Tədqiqatçılar müəyyən ediblər ki, əgər indidən sağlam qidalanmaya keçsəniz, bu, vaxtsız ölüm riskini azaldacaq və bu cür qidalanmağa davam etsəniz, gələcəkdə daha çox faydasını görəcəksiniz.

Röya Rasimqızı, “İki sahil”