Son illər Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi-ticari və sosial-humanitar sahələri əhatə edən münasibətlər yüksələn xətlə inkişaf edir. Ən önəmlisi odur ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman ordumuzun Qarabağı Ermənistanın işğalından azad etmək məqsədilə keçirdiyi uğurlu hərbi əməliyyatlar zamanı İtaliya Azərbaycana əsl dost mövqeyini bir daha nümayiş etdirdi. Respublikamızın ərazi bütövlüyünün bərpası ilə nəticələnən qırx dörd günlük müharibədən sonra İtaliya Respublikasının yüksək səviyyəli rəsmilərinin ölkəmizə səfərləri çərçivəsində səsləndirdikləri fikirlər də bunun bariz nümunəsidir.
Dövlətimizin başçısı Vətən müharibəsindən sonra müxtəlif tədbirlərdə dəfələrlə bəyan edib ki, işğaldan azad olunmuş ərazilərdə görüləcək bütün işlərdə dost ölkələrin şirkətləri də çalışacaq. Belə ölkələrdən biri də İtaliyadır. 2020-ci il dekabrın 19-da İtaliya ilə Azərbaycan arasında Qarabağda quruculuq işlərinə dair müqavilə imzalanıb. Həmçinin işğaldan azad olunmuş əraziləri bərpası və inkişafı sahəsində İtaliya iş adamları ilə əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə 22 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin birgə təşkilatçılığı ilə videoformatda görüş təşkil edilib.
İşğaldan azad edilmiş ərazilərdə İtaliya şirkətləri ilə energetika infrastrukturunun bərpası, şəhərsalma, ərazilərin minalardan təmizləməsi, tarixi abidələrin bərpası, turizm, kənd təsərrüfatı sahələrində mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bu əməkdaşlıq barədə bildirib ki, Azərbaycan Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edib: “Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir”.
Bu gün iki dost ölkə arasında təhsil sahəsində əlaqələr də uğurla inkişaf edir. Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafı İtaliyanın aparıcı ali təhsil ocaqlarını ölkəmizin müvafiq qurumları ilə əməkdaşlıq etməyə, birgə tədris proqramlarının tətbiqinə həvəsləndirir. Cari ilin aprel ayının 2-də Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlinin qoyulması bunun əyani təsdiqidir. Bu universitet Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu barədə razılaşma ölkə başçısının 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub. Sözügedən universitetdə təsis olunacaq akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək. Universitet kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, elektrik və elektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq, şəhərsalma və landşaft memarlığı, dizayn, interyer dizaynı və digər istiqamətlər üzrə təcrübə, nou-hau, texnologiya və innovasiyaların tətbiq olunacağı elm və bilik ocağı olacaq. İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı-Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universiteti cəlb olunub. Bu xüsusda, ADA Universiteti ilə İtaliyanın adı çəkilən universitetləri arasında İtaliya-Azərbaycan Universitetinin yaradılması və bu istiqamətdə akademik əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
2022-ci il sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi-Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimində iştirak edən Prezident İlham Əliyev bildirib ki, bu mərasim onu göstərir ki, biz gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyik: “Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq. Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur. Eyni zamanda, əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq. Bir sözlə, mən hesab edirəm ki, bu gün biz tarixi hadisənin şahidiyik. Bu gün mənim İtaliyaya işgüzar səfərimin birinci günüdür və birinci tədbiridir. Əminəm ki, İtaliya rəhbərləri ilə keçiriləcək görüşlər bizim dostluğumuzu, tərəfdaşlığımızı daha da möhkəmləndirəcək”.
Zahid Rza, “İki sahil”