05 sentyabr 2022 15:18
1000

Şimşək kimi ömür FOTO

Cəsur kəşfiyyatçı, şəhid Teymur İbrahimovun xatirəsi silahdaşları, yaxınları tərəfindən yad edildi 

Qızmar avqust günəşinin yandırıb-yaxdığı bu günlərdə “N” hərbi hissəsinin veteran döyüşçüləri cəsur kəşfiyyatçı, kapitan Teymur İbrahimovun xatirəsini yad etmək üçün yenə İkinci Şəhidlər xiyabanına üz tutmuşdular. Gənc zabit elə bu günlərdə, daha doğrusu, 1998-ci il avqustun 26-da döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdu.

Müharibə vaxtı kəşfiyyatçıları ordunun görən gözü, eşidən qulağı hesab edirlər. Teymur İbrahimov da belə cəsur, fədakar, günün istənilən vaxtında etibarlı, qorxmaz silahdaşları ilə düşmənin arxasına sızmağı və qiymətli məlumatlarla qayıtmağı bacaran kəşfiyyatçı idi. O, dəfələrlə Ermənistan ordusunun arxasına keçərək qiymətli məlumatlarla qayıtmışdı. Sonuncu tapşırıqdan qayıtmayanda çoxları kapitan İbrahimovun həlak olmasına, bu sarsıdıcı xəbərə inanmamışdı. Cəsur kəşfiyyatçının şəhid olması silahdaşlarının, onu tanıyanların hər birini yetərincə üzmüş, bu ağır itki hamını yandırmışdı.

Aradan 24 il keçməsinə baxmayaraq,  kapitan İbrahimov da 24 yaşında şəhid olmuşdu, onun əziz xatirəsi silahdaşları tərəfindən uca tutulur, hər il ehtiramla yad olunur.  Hərbi hissənin veteranları İkinci Şəhidlər xiyabanında Teymurun məzarı önünə əklil qoydular, ruhunu yad etdilər.

Vaxtilə hərbi hissənin kəşfiyyat rəisi olmuş, mənalı döyüş yolu keçmiş Dağbəyi Məhyəddinov Teymur İbrahimovun məzarı başında çıxış edərək, bir daha qəhrəmanın qısa və şərəfli döyüş yolunu xatirələrdə təzələdi.

Teymur Xaçmaz rayonunun Qusarçay kəndində 2 yanvar 1974-cü ildə dünyaya gəlmişdi. Azərbaycanın o ağır dövrlərində müxtəlif bölgələrdə toplanışlar keçirilir, əsgəri bölmələr komplektləşdirilib tələsik cəbhəyə göndərilirdi. Belə taborlardan biri də Qusar rayonunda yaradılmışdı. Əslən Xaçmaz rayonunun Qusarçay kəndindən olan 18 yaşlı Teymur İbrahimov çağırışla şəxsi heyətin sırasına daxil edilmişdi. Üç ay hazırlıq keçdikdən sonra tabor göndərilmişdi ağır döyüşlərin getdiyi Qubadlı - Laçın bölgəsinə. İlk döyüşlərdə Teymurgilin taboru xeyli itki vermişdi.

Adamlar var ki, çətinlikdən çəkinir, dara düşəndə qorxur, sınır. Amma bığ yeri təzəcə tərləməyə başlamış Teymur isə iradəli, ürəkli gənc olduğunu döyüşlər vaxtı biruzə vermişdi. Onu çətin döyüşlər qorxutmamış, əksinə daha da mətinləşdirmişdi. Fədakarlığını, bacarığını nəzərə alıb döyüş bölgəsində taqım komandiri vəzifəsini ona tapşırmışdılar. Beləcə, gənc Teymur özündən yaşca böyük əsgərləri döyüşə aparırdı.

“Atəşkəsdən sonra kəşfiyyata marağı olan, bütün cəhətləri uyğun gələn zabit tapıb vakant vəzifəyə bölük komandiri təyin etmək çox çətin idi.- Dağbəyi Məhyəddinov dedi. - Ancaq briqada kəşfiyyatı qarşısına ciddi tapşırıqlar qoyurdular. Teymur İbrahimovun kəşfiyyata dərin maraq göstərdiyini eşidib ətraflı söhbət etdik və tezliklə o, çətin və şərəfli vəzifəyə başladı.” 

Teymuru mən də yaxşı tanıyırdım, nəinki briqadada, eləcə də birlikdə hörmət, nüfuz qazanmış zabit idi. O, ortaboylu, idmançı cüssəli, çevik davranışlı gənc idi. Gülərkən nazik bığı sanki tarıma çəkilər,  sifətinə məğrurluq, yaraşıq verərdi.

Kapitan İbrahimov bölükdə fiziki hazırlığa, kəşfiyyatçı vərdişlərinin aşılanmasına çox böyük əhəmiyyət verirdi. Əsgərlər ekstremal hallarda ağır fiziki yükə tab gətirmək üçün baldırlarına dəmir parçaları bağlayıb gündə bir neçə dəfə qaçır, Şərq əlbəyaxa döyüş növlərilə məşğul olurdular.

“Teymur İbrahimov ən bacarıqlı, qorxmaz komandirlərimizdən idi, - keçmiş hərbi hissə komandiri, ehtiyatda olan polkovnik İlham Əliyev xatırlayır. – Çətin döyüş yolu keçmişdi. Hər zaman özünü fədakarcasına qabağa verər, ən böyük çətinliyi öz üzərinə götürərdi. Baxmayaraq ki, hərbi məktəbi bitirməmişdi, əsl kəşfiyyatçı zabit kimi yetişmişdi. Onun bölməsi bütün yoxlamalardan üzüağ çıxar, əla qiymət alardı. Məndən soruşsaydılar ki, vətənpərvər insan necə olmalıdır, düşünmədən deyərdim ki, Teymur İbrahimov kimi”.

Torpaqlarımızın müdafiəsində göstərdiyi igidlik və fədakarlığa, hərbi hissə qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə kapitan İbrahimov məlum döyüş tapşırığından öncə - 1998-ci il iyunun 24-də “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdi.

Tapşırığı uğurla yerinə yetirib gecə qayıdarkən düşmən duyuq düşür və kəşfiyyatçılarımızı nizamsız atəşə tutur. Döyüşə girməkdən başqa onların çarəsi qalmır. Döyüşə girməyə məcbur olmuş kapitan İbrahimovun dəstəsi gecənin qaranlığında bir neçə erməni əsgərini məhv edir. Ancaq kəşfiyyatçılarımızdan  üçü zinvorların güllələrinə tuş gəlirlər. Qəfil güllə kapitan İbrahimovu da yaxalayır, atışma zamanı o, ağır yaralanır. Yaralı bölük komandiri üzünü döyüşçülərinə tutub: “Mən qalıram, siz qayıdın geriyə. Çalışıb əclafların diqqətini sizdən yayındıracam. Siz uzaqlaşın!” – deyib üstündəki əl qumbarasının üzüyünü dişlərilə çıxardır... Cəsur kəşfiyyatçı özü ilə birlikdə yaxınlaşmış erməniləri də qumbara ilə məhv edir.

Anım mərasiminə toplaşmış ehtiyatda olan zabitlər Malik Mehdiyev, Saleh Məmmədli, Elşad Fətəliyev və başqaları kapitan İbrahimov barədə xatirələrini danışdılar, onun bir insan, zabit kimi üstünlüklərindən söhbət açdılar.

Mərasimin sonunda qorxmaz kəşfiyyatçının qardaşı Kamran İbrahimov Teymuru tez-tez yad etdikləri üçün mərasim iştirakçılarına öz minnətdarlığını bildirdi.

İkinci Şəhidlər xiyabanını ziyarətə gələnlər burada əbədiyyətə qovuşmuş Vətən övladlarının cərgəsində cəsur kəşfiyyatçının qaynar baxışları ilə qarşılaşır, bir anlıq da olsa, ayaq saxlayaraq başdaşına yazılmış qısa kəlmələri oxuyub keçirlər.Teymur İbrahimov qısa ömür sürdü, ancaq şimşək kimi işıqlı və unudulmaz bir ömür.

Əbülfət QASIMOV,
ehtiyatda olan zabit