14 sentyabr 2022 23:38
1396

Xoşbəxtəm ki, SOCAR-ın təhsil proqramlarının hər birində uğurla iştirak etmişəm

“İki sahil”in müsahibi SOCAR-ın Strateji İdarəetmə və İnnovasiyalar Departamentinin rəis müavini, şirkətin “Xarici Təqaüd” Proqramının məzunu Təbriz Əmmayevdir

- Təbriz müəllimi yaxından tanımaq bizə və “İki sahil”in oxucularına maraqlı olardı...

- 1990-cı ildə anadan olmuşam. Bakalavr təhsilimi Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə almışam. Ali məktəbə qəbul imtahanında 685 bal toplamışam. Bu yüksək bala görə Prezident təqaüdçüsü adına layiq görüldüm. Bakalavr təhsili üzrə 4 il ərzində bu adı qürurla qorudum. Yekunda bakalavr təhsilimi fərqlənmə diplomu ilə bitirdim. Bundan sonra isə SOCAR-ın “Xarici Təqaüd” Proqramı vasitəsilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Briston Universitetində Maliyyə, mühasibatlıq və menecment ixtisası üzrə magistr təhsili almağa yollandım. Oranı da fərqlənmə diplomu ilə başa vurduqdan sonra bir müddət SOCAR-ın idarələrində çalışdım və baş ofisə təyinat aldım. Təqribən 4 il ərzində SOCAR-da hasilatın pay bölgüsü sazişləri üzrə milli kontinentin inkişafı ilə bağlı çalışdım. Daha sonra Strategiya şöbəsinə təyinat aldım. Azərbaycan Respublikasında neft-qaz sahəsi ilə bağlı Strateji Yol Xəritəsinin icrası prosesinə cəlb olundum. SOCAR-ın Korporativ strategiyasının hazırlanması işlərinə cəlb olunduqdan sonra təqribən 2 il Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində rəhbər vəzifədə çalışdım. Daha sonra isə SOCAR-ın Strateji İdarəetmə və İnnovasiyalar Departamentində rəis müavini vəzifəsinə təyin olundum.

- İstərdik ki, çalışdığınız sahə barədə məlumat verəsiniz, onun özəlliklərini diqqətə çatdırasınız.

- Bildiyiniz kimi, ötən il SOCAR-ın 2035-ci ilə kimi Korporativ Strategiyası Müşahidə Şurası tərəfindən təsdiq olunmuşdur. Bu strategiyada bir neçə əsas fəaliyyət istiqamətləri üzrə, eyni zamanda, “Yeni üfüqlər” adlandırılmış istiqamətlərdə müxtəlif strateji təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur. Bu strateji təşəbbüslərdən biri də innovasiyalar və vençür kapitalıdır. Bu, SOCAR daxilində innovasiya mühitinin gücləndirilməsi, innovativ ideyaların təşviqi, eyni zamanda, vençür kapitalı istiqamətində fəaliyyətin qurulması ilə bağlıdır. Məlumdur ki, bunlar hazırda dünya biznes sferasında əsas strateji istiqamətlərdən biridir. Hazırda işimizi bu istiqamətdə qururuq. Eyni zamanda, bir az öncə qeyd etdiyim kimi, korporativ strategiyanın icrası mərhələsinə başlamışıq. Artıq strateji idarəetmə prosesinin, o cümlədən müəssisələrlə baş ofis arasında strateji idarəetmə və strateji kommunikasiya prosesinin düzgün qurulması istiqamətində də bir layihəyə başlamışıq. Bundan əlavə, departament mütəmadi olaraq bu istiqamətdə trendlərin təhlili və bu trendlərin SOCAR-a təsiri istiqamətində müxtəlif analitik işlər aparır. Fəaliyyətimiz, eyni zamanda, bazarın tədqiqi istiqamətini də əhatə edir. Hazırda bu trendlərin Azərbaycana və SOCAR-a, xüsusən neft-qaz sənayesinə təsiri istiqamətində araşdırmalar aparırıq.

- SOCAR-ın təhsil istiqamətində həyata keçirdiyi proqramlar haqqında fikirlərinizi bilmək istərdik...

- SOCAR təhsil sahəsində müxtəlif proqramlar həyata keçirir. Həqiqətən xoşbəxtəm ki, bu təqaüd proqramlarının, ümumiyyətlə, təhsil proqramlarının hər birində uğurla iştirak etmişəm. Hər birindən müəyyən qədər faydalanmışam. SOCAR-ın təhsil proqramları ilə ilk tanışlığım 2008-ci ildə şirkətin “Daxili Təqaüd” Proqramı vasitəsilə olub. 4 il ərzində bakalavr dövründə mümkün 7 təqaüd proqramının hər birində qalib gəlmişdim. Çox güclü rəqabət var idi. Bu təqaüd proqramlarında iştirak, məsuliyyətli yanaşaraq onlara hazırlaşmaq və s. biliklərimin artırılmasında çox böyük rol oynayıb. Ölkəmizin ali təhsil qurumlarında yüksək qiymətlərlə oxuyan tələbələri arasında uğurlu bir rəqabət mühiti formalaşıb. Mən “Daxili Təqaüd” Proqramında iştirak etməklə həqiqətən özümü təkmilləşdirirdim. Yalnız qalib olmaq və təqaüd almaq deyil, bunun digər qeyri-kommersiya faydaları daha çox idi ki, bu da özümü təkmilləşdirməkdir. Bundan əlavə, “Daxili Təqaüd” Proqramlarına qatıldım və qazandığım nəticələr sayəsində SOCAR-ın yay təcrübə proqramında 3 dəfə iştirak etdim. Müvafiq olaraq II, III və IV kursun sonlarında SOCAR-da dəyər zəncirinin müxtəlif istiqamətləri üzrə formalaşmış müəssisələrində təcrübə keçdim. SOCAR-ın Geologiya və Geofizika İdarəsində, Qaz İxrac İdarəsində və “Azəriqaz” İstehsalat Birliyində 9-cu dərəcəli mühəndis kimi çalışırdım. Yəni yay tətilində həmin müəssisələrin sırf əməkdaşı idim. Bu da xüsusi bir məqamdır ki, artıq bakalavr təhsili dövründə oxuduğum ixtisasın praktiki nümunəsinin gündəlik həyatda tətbiqini görürdüm. Bu da mənim seçdiyim ixtisasa marağımı artırırdı. Eyni zamanda, həmin dövrdə SOCAR-ın ilk dəfə təşkil olunan “Yay məktəbi” layihəsi var idi. Bu məndən daha öncə SOCAR-ın xətti ilə xaricdə oxuyub gələn tələbələrin təşəbbüsü ilə formalaşmış bir layihə idi. Burada da ölkəmizdə ali təhsil müəssisələrinin əlaçı tələbələri arasında bir rəqabət şəraitində seçilmiş tələbələrə SOCAR-ın “Xarici Təqaüd” Proqramının məzunları tərəfindən müəyyən təlimlər keçirilirdi. SOCAR-ın rəhbərliyi ilə tanışlıqlar və müvafiq görüşlər təşkil olunurdu. Ümumiyyətlə, bu “Yay məktəbi”ni mənim karyeramın formalaşmasında önəmli layihə kimi qeyd edə bilərəm. 10 gün ərzində keçirilməsinə baxmayaraq, çox önəmli idi. Bu mənim istər xaricdə təqaüd proqramına qoşulmağımda, istərsə də bir fərd, gənc bir mütəxəssis kimi formalaşmağımda çox böyük rol oynadı. “Xarici Təqaüd” Proqramının məndən öncəki məzunları ilə tanış oldum, onların tövsiyələrini aldım. Həmin dövrdə onların mənə dəstəyini hiss etdim. Qeyd etdiyim kimi, mümkün 7 “Daxili Təqaüd” Proqramının qalibi olduqdan sonra yekun bir mərhələ var idi ki, bu da “Xarici Təqaüd” Proqramına qoşulmaq idi. Təbii ki, “Daxili Təqaüd” Proqramında qazandığım nəticələr “Xarici Təqaüd” Proqramına qoşulmaq üçün digər tələbələrlə müqayisədə mənə müəyyən qədər rahatlıq versə də, heç də asan deyildi. Mən bu proqrama, həmçinin həmin dövr üçün müsahibəyə də çox məsuliyyətlə yanaşdım ki, seçdiyim ixtisası əsaslandırım. Nəyə görə getmək istəyirəm, bunu qayıdıb SOCAR-da necə tətbiq edəcəyəm? Çünki mən həqiqətən də xaricə oxumağa gedəndən öncə də SOCAR-da işləməyə həvəsim var idi. Xaricə gedərkən qazandığım ixtisasların hər birini SOCAR-da necə tətbiq edəcəyimi düşünərək seçirdim. “Xarici Təqaüd” Proqramında da qeyd etdiyim məsuliyyətdən, etimaddan irəli gələrək orada təhsilimi uğurla - fərqlənmə diplomu ilə başa vuraraq qayıtdım. Hazırda SOCAR-ın “Xarici Təqaüd” Proqramının məzunu olaraq çalışıram. Eyni zamanda, SOCAR-ın təhsil sahəsində həyata keçirdiyi proqramlara təşkilatçı, müsahibə komissiyasının üzvü qismində dəstək verməyə səy göstərirəm.

- Təbriz müəllim, qeyd etdiniz ki, öncədən SOCAR-da çalışmağı istəmisiniz. Ümumiyyətlə, sizdə bu sahəyə maraq hardan yaranıb?

- Əvvəlcə onu qeyd edim ki, Azərbaycan iqtisadiyyatının əsas bünövrəsi, təməli neft-qaz sənayesidir. Bu məndə həmin sahəyə bir növ maraq yaradırdı. Eyni zamanda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almağa başlamışdım. Arzuladığım sahə və ixtisas olan iqtisadiyyat üzrə təhsil alırdım. Qeyd etdiyim kimi, bakalavr təhsili dövründə artıq ilk illərdən başlayaraq “Yay təcrübə” proqramı vasitəsilə “SOCAR-ın müəssisələrində çalışdıqca bu sahəyə marağım daha da artdı. Gördüm ki, artıq qazandığım bilikləri tətbiq edə bilərəm. Eyni zamanda, SOCAR-da gənclərə yaradılan şərait məni bu sahəyə cəlb edirdi. Burada gənc mütəxəssislərin karyera inkişafına dəstək kimi məqamlar da mənim SOCAR-da çalışmağımı daha da təşviq etmişdi.

- Bildirdiniz ki, həqiqətən də bu gün ölkəmizdə gənclərə xüsusi diqqət və qayğı göstərilir. Necə hesab edirsiniz, gənc bir kadr olaraq həmyaşıdlarınız bu etimadı yetərincə doğrulda bilirlərmi?

- Ümumiyyətlə, belə düşünürəm ki, etimadı yetərincə doğruldurlar demək bir qədər çətindir. Etimadı doğrulduruqsa, bu o deməkdir ki, daha yüksək bir etimad olmalıdır ki, biz daha da inkişaf edək. Etimadı doğrultmuşuq deyib yerimizdə saymağımız düzgün olmaz. Mən öz şəxsimdə deyirəm ki, mütəmadi olaraq özümü inkişaf etdirməyə çalışıram. Əgər hər hansı bir etimad varsa və onu doğrultmağa çalışıramsa, bu, artıq mənim üçün son hədəf olmamalıdır. Daha da irəli getməliyəm. Bu, daha böyük etimadlara şərait yaratmalıdır. Bu gün gənclərimiz müxtəlif sahələrdə ölkəmizin iqtisadi inkişafına töhfə verirlər. Artıq 2007-ci ildə, hətta bir qədər əvvəldən başlayan SOCAR-ın təqaüd proqramı ilə xaricdə təhsil alaraq ölkəmizə qayıdan məzunlar müxtəlif dövlət qurumlarında uğurla çalışırlar. Ölkəmizin iqtisadi inkişafına öz uğurlu fəaliyyətləri ilə töhfələr verirlər. Düşünürəm ki, bu istiqamətdə dövlətimizin həyata keçirdiyi gənclər siyasəti artıq böyük uğurlar qazanıb. İnanıram ki, gələcəkdə də bu gənclər bir mütəxəssis, peşəkar kadrlar olaraq öz töhfələrini daha da artıracaqlar.

- SOCAR-ın təqaüd proqramlarında iştirak edərkən qarşılaşdığınız xüsusi məqamlar haqqında söhbət açmağınız maraqlı olardı.

- Bəli. Xüsusi maraqlı məqamlar çox olub. İlk növbədə mən bir vaxtlar tələbə olaraq iştirak etdiyim müsahibə otağında artıq komissiya üzvü kimi iştirak edirdim. Bu, çox fərqli bir hiss idi. Yəni tələbələr müsahibəyə keçmək üçün qapının girişində dayanırlar. Mən özüm də vaxtilə o tələbələrdən biri olmuşam. Onların həyəcanını hiss edir, uğurlar arzulayaraq artıq müsahibə otağına keçirdim. Artıq bir növ özümə tələbə qismində baxırdım ki, bu hissləri necə yaşamışam? Bu mənim üçün çox maraqlı hiss idi. SOCAR-ın kadrlar sahəsinin rəhbərliyi mənə bu istiqamətdə etimad göstərdi və artıq müsahibə komissiyasının üzvü oldum. Eyni zamanda, “Yay məktəbi”ndə də belə oldu. Artıq oxuyub qayıtdıqdan sonra “Yay məktəbi”nin də təşkilat komitəsinin üzvü seçildim. Vaxtilə öyrəndiyim xarici təqaüd proqramının təqdimatlarını məzunların üzərinə qoymağa çalışdım ki, artıq mənə veriləndən daha artığını gənclərə çatdırım. Onlar da gələcəkdə bu istiqamətdə işlərini davam etdirsinlər. Özlərindən sonra gələn nəslə töhfə verməyə çalışsınlar. Eyni zamanda, “Yay təcrübəsi” proqramında tələbə, təcrübəçi kimi iştirak edirdim. Daha sonra iş prosesində elə vaxt olurdu ki, təcrübə rəhbərlərim ilə birlikdə ezamiyyətə gedəsi olurduq. Onlar qeyd edirdilər ki, tələbə vaxtı gəlmişdin, sənə bunları öyrədirdik. Artıq səninlə birlikdə SOCAR-ın hər hansı bir istiqamətdə inkişafı üçün çalışırıq. Bu kimi məqamlar çox olub. Hazırda çalışıram ki, “Xaricdə Təqaüd” Proqramına da töhfə verim. Tələbələr var ki, vaxtilə keçirdiyim həyəcanı, yəni dissertasiya işi mövzusunun seçilməsi və s. ilə bağlı mənə də müraciət edirlər. Bildirirlər ki, mövzunu necə seçək ki, ölkəyə qayıdıb bunu tətbiq edək? Ümumiyyətlə, qeyd etdiyim kimi, SOCAR-da iş prosesi olduqca maraqlıdır. İş prosesimiz mütəmadi olaraq bu kimi və ya buna bənzər hadisələrlə daha da maraqlı olur.

- Təbriz müəllim, siz uğurlu bir gənc kadrsınız. Sizcə, gənclərimiz uğurlu kadr olmaq üçün hansı xüsusiyyətləri özlərində birləşdirməlidirlər?

- Tövsiyə kimi çıxmasın. Təbii ki, özümə aşıladığım, formalaşdırdığım müəyyən prinsipləri qeyd etmək istərdim. Hər kəsin yanaşması fərqli ola bilər. Düşünürəm ki, bayaq qeyd etdiyim kimi, ilk növbədə etimadı hiss etmək lazımdır. Yəni bir işə təyin olunmuşuqsa, o demək deyil ki, biz layiqik deyə təyin olunmuşuq. Daha çox bizə etimad göstərilir deyə təyin olunmuşuq. Mən hər bir təyinatımda məhz bu faktoru əsas tutmuşam ki, bunu heç də tam layiq olduğumuz kimi anlayıb rahat olmaq lazım deyil. Bunu doğrultmaq lazımdır. Eyni zamanda, məsuliyyət məsələsi də olmalıdır. Düşünürəm ki, məsuliyyətli, intizamlı olmaq çox önəmlidir. Bu, daim inkişaf etmək deməkdir. Təbii ki, biz bu sahəni tam bilə bilmərik. Hər zaman özümüzə tənqidi yanaşmalıyıq və kitablarla paralel işləməliyik. Yəni nəzəriyyəyə qayıtmalıyıq. Çünki düşünürəm ki, hazırda bütün sahələrdə, o cümlədən mənim sahəmdə bazar iqtisadiyyatı daim inkişaf edir. Kitablardan, dərsliklərdən kənarda qalmamalıyıq. Daim özümüzü inkişaf etdirməliyik. Bunun üçün də beynəlxalq imtahanlar var və s. İngilislərin “education” adlı bir sözü var. Yəni müəyyən mənada işimizi özümüzə həsr etməliyik. Bunu sadəcə iş kimi yox, bir hobbi kimi də müəyyən etməliyik ki, ikisinə də paralel baxaq. Belə olduğu təqdirdə, həqiqətən də rəqabətqabiliyyətli üstünlüyümüz, bacarığımız formalaşacaq və bu bizi digərlərindən fərqləndirəcək. Burada məqsəd cəmiyyətdə fərqlənməkdən daha çox uğurlu olmaqdan, bacarıqları daim aktual saxlamaqdan söhbət gedir.

- Sizinlə müsahibəmiz 20 sentyabr - Neftçilər Günü ərəfəsinə təsadüf edir. Bununla bağlı ürək sözlərinizi eşitmək istərdik.

- Təşəkkür edirəm. İlk növbədə qeyd edim ki, bu ərəfədə SOCAR-ın yaradılmasının 30-cu ildönümü tamam oldu. Bu münasibətlə bütün SOCAR əməkdaşlarını, eyni zamanda, neft-qaz sənayesinin inkişafında əziyyəti keçən bütün mütəxəssisləri, neftçiləri səmimi qəlbdən təbrik edir, onlara karyeralarında və şəxsi həyatlarında uğurlar arzulayıram. Düşünürəm ki, bundan sonra da neftçilərimiz, hər birimiz neft-qaz sənayesinin inkişafı üçün daim səylə çalışacağıq və uğurlarımızla ölkəmizin iqtisadi inkişafına yeni töhfələr verəcəyik.

- Maraqlı müsahibəyə görə təşəkkür edir, sizi də əlamətdar gün münasibətilə təbrik edirik. Həmçinin gələcək fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.

- Siz də çox sağ olun, təşəkkür edirəm.

Cavid Əkbərov,
Könül Əliyeva,
“İki sahil”