17 sentyabr 2022 01:38
2073

HƏŞTƏRXAN XANLIĞI

ORTAQ KEÇMİŞDƏN ORTAQ GƏLƏCƏYƏ

ÇARİZMİN İŞĞALÇILIQ SİYASƏTİ ÜMUMTÜRK TARİXİ KONTEKSTİNDƏ-

Qızıl Orda və ondan törəmə tatar xanlıqları

(tarixi-etnoqrafik oçerklər)

Həştərxan xanlığı adını Volqa və Don çaylarının Xəzərə töküldüyü yerdə salınmış qədim Hacıtərxan şəhərindən alır. XIII əsrin birinci yarısında burada olmuş ərəb səyyahı İbn Battutanın yazdığına görə, guya müsəlmanlığın bölgəyə yeni yayıldığı zamanlarda bu əraziyə bir qərib türk gəlib yerləşmiş, Həccə getdiyi üçün vergidən azad edilmiş, şəhər də bununla əlaqədar “Hacı tarxan” adlandırılmışdır (“tarxan” sözünün bir mənası da “vergidən azad olunan”dır). Artıq qeyd etdiyimiz kimi, qədim şəhər Teymurun bölgəyə yürüşləri zamanı dağıdılmış, onun yerində Timur Kutluğ tərəfindən eyni adda yeni bir şəhər salınmışdı. Həştərxan xanlığının Don çayından Noqay Ordasına qədər uzanan geniş əraziləri Xəzərin şimal-qərb sahillərini əhatə edirdi. Mühüm beynəlxalq ticarət yollarının üzərində yerləşdiyinə görə xanlıq tez bir zamanda inkişaf etmiş və daim qonşu dövlətlərin diqqətini çəkmişdir. J.P.Ru yazır: “Həştərxan xanlığı böyük çayların, nəqliyyat yollarının kəsişdiyi torpaqlarda qurulmuşdu. Bu önəmli ərazi Çindən Hindistana, oradan Avropaya gedən beynəlxalq ticarət yolunun Avropa qolunu, yaxud ən azı bu yolun Xəzər dənizinin cənubundan (yəni İrandan) deyil, şimalından keçən hissəsini əhatə edirdi”. 1476-cı ildə burada səfərdə olmuş italyan diplomatı Ambroco Kontarini hər il Həştərxandan Rusiyaya elçilik göndərildiyi haqqında məlumat verir və bu heyətə tatar tacirlərin də daxil edildiyini xüsusi vurğulayır: “Onların karvanları gedəndə ipək və digər məmulatlarla, qayıdanda isə xəz, yəhər, yüyən və başqa təsərrüfat malları ilə yüklənir”. Kontarininin müasiri və həmkarı İosafat Barbaro isə diqqəti duz almaq üçün Moskvadan tez-tez Həştərxana gələn ticarət gəmilərinə yönəldir.

Yuxarıda Krım xanlığının “Ulu yurd”a, yaxud “Taxt eli”nə sahib olmaq uğrunda Həştərxanla çəkişmələrindən ötəri də olsa, söz açdıq. Şübhə yoxdur ki, Həştərxan xanlığının zəif düşüb işğal edilməsində bu uzunmüddətli və üzücü münaqişənin payı az olmayıb. Onu da nəzərdən qaçırmayaq ki, Məngü Girey və xələflərinin qayəsi təkcə Böyük Ordanın bir dövlət kimi ortadan qaldırılması və “Taxt eli”nin Krıma köçürülməsi deyildi, həm də “Ulu yurdu”- bütövlükdə Volqa deltasını, o cümlədən, sözügedən ticarət-nəqliyyat arteriyalarını ələ keçirmək idi. Faktlar isbat edir ki, Böyük Ordanın paytaxtı Həştərxanı tutmaq və “Ulu xan” statusuna sahib olmaq Məngü xandan başlayaraq Gireylər xanədanı üçün Qızıl Ordanın bərpasına xidmət edən başlıca strateji məqsəd kimi dəyişməz qalmışdır. Osmanlı dövlətinin (İslam xəlifəsinin məmləkəti) əvvəldən-axıra bu ixtilafa qarışmaması, Krımın hamisi olduğu halda Həştərxana münasibətdə onun tərəfini tutmaması da maraqlı məsələdir. (Osmanlı, açığı, Qızıl Ordanın bərpa olunması biyyətlərinə xüsusi maraq göstərmirdi, bu haqda ətraflı bax: “Krım xanlığı” oçerkində.) Əlimizdə Osmanlı dövləti ilə Böyük Orda, sonra isə Həştərxan xanlığı arasında münasibətləri təsdiq edən iki sənəd  var. Biri 1466-cı ilin aprelində Böyük Orda xanı Mahmudun Sultan II Məhmədə məktubudur. Tarixçilərin bir çoxuna görə, məktub Osmanlı sultanının dostluq təklifinə cavab olaraq yazılıb. İkinci sənəd isə 1533-cü ildə naməlum Həştərxan xanının (İ.Zaytsevə görə, böyük ehtimalla, həmin dövrdə taxtda olmuş Ak-Kubek bin Mürtəzanın) Qanuni Sultan Süleymana yazdığı məktubdur (hazırda Topqapı sarayı arxivində saxlanılan bu məktub həm də Həştərxan xanlığına aid yeganə diplomatik sənəddir). Qıpçaq dilində yazılmış 15 sətirlik məktubda Osmanlı sultanına “qarındaş” deyə müraciət olunması və “keçmişdə bizim atalarımız arasında xoş münasibətlər və ticarət əlaqələri olub” ifadələri sözügedən kontekstdə diqqəti xüsusilə cəlb edir. Maraq doğuran məsələlərdən biri də 1490-cı ildə Sultan Bayezidin Krımla Böyük Orda arasında sülh yaratmaq istədiyi, lakin bu istəyinə çata bilməməsidir.

Qeyd edildiyi kimi, 1502-ci ildə Böyük Ordaya son zərbəni endirib “Taxt eli”ni Krıma köçürməyə müvəffəq olmasına rəğmən, Məngü Girey xan Həştərxanı ələ keçirmək xəyalını gerçəkləşdirə bilməmişdi. Görünür, elə bu səbəbdən də  Moskva knyazlığı ilə Böyük Ordaya qarşı mübarizə zəminində bağladığı ittifaq anlaşmasını-bu müttəfiqliyin predmeti olan Böyük Orda artıq ortadan qaldırılsa belə!- ləğv etməyə tələsmirdi. İ.Zaytsevin yazdığına görə, Məngü xan bir neçə dəfə basqın edib, şəhəri almış, lakin əldə saxlaya bilməmiş, çalb-çapıb geri qayıtmalı olmuşdu. Məsələ burasında idi ki, Həştərxanda möhkəmlənmək üçün onu bir müddət Volqa çayından gəmilərlə mühasirədə saxlamaq lazım gəlirdi, Krım xanlığı isə Osmanlı dövləti ilə razılaşmaya əsasən, donanma saxlaya bilməzdi. Məngü xan da məhz buna görə rusların yardımına ehtiyac duyurdu. 1508-ci ildə Moskva böyük knyazı Vasiliyə məktubunda o, “mənim dostum- sənin dostun, düşmənim isə düşmənin olmalıdır”,- yazır və “düşmən” deyəndə Həştərxan xanlarını- Əhməd və Mahmudun xələflərini qəsd edirdi. Vasili isə Litva ilə apardığı müharibədə Krımdan dəstək almaq niyyəti güdürdü . Özlərini sadiq müttəfiqlər kimi göstərsələr də hər biri öz oyununu oynayır, qarşı tərəfin hesabına öz problemini həll etmək istəyirdi. Nə Məngü Girey Litvaya qarşı ruslarla, nə də Vasili Həştərxan xanlığına (və ona dəstək verən noqaylara) qarşı krımlılarla birlikdə döyüşmək fikrində deyildi. Vəziyyət dəyişmişdi: Böyük Ordadan fərqli olaraq Həştərxan xanlığı Moskva üçün ciddi təhlükə kəsb etmirdi. Digər tərəfdən, sonrakı hadisələrdən də göründüyü kimi, Moskvanın Həştərxanla bağlı əsl niyyəti başqa idi...

Vasilidən istədiyini ala bilməyəcəyini başa düşən Məngü Girey 1509-cu ildə oğlu və vəliəhdi Məhəmməd Gireyin başçılığı altında 250 minlik qoşununu  Həştərxan üzərinə göndərdi. Elə həmin il də Moskvaya öz qələbə müjdəsini çatdırmağa tələsdi. Həqiqətdə isə şəhər hələ də alınmamışdı. Bu minvalla Məngü xan  1515-ci ildə dünyadan köçənəcən Həştərxanı Krım xanlığına qata  bilmədi. Xələfi Məhəmməd Girey (1519-1523) onun arzusunu tək ata vəsiyyəti kimi yox, həm də dəyişməz missiya, siyasi strategiya kimi qəbul etdi. O dövrdə qayda belə idi: siyasətdə varislik hakimiyyətin ən mühüm şərti kimi toxunulmaz saxlanırdı. Məhəmməd Girey də atasının dostlarını öz dostu, düşmənlərini, rəqiblərini isə öz düşməni və rəqibi bilir və belə qəbul edirdi. Hətta Rusiya ilə müttəfiqlik sazişinə də dəyməmişdi.

Məhəmməd Girey, xan taxtına keçən kimi Həştərxan üzərinə yürüşə çıxdı, şəhəri mühasirəyə aldı. Həştərxan xanı Canıbəy bin Mahmud Noqay Ordasına qaçmağa məcbur oldu. Amma şəhər yenə alınmadı və bu uğursuzluq fonunda Moskvanın “sürüşkən” mövqeyi Məhəmməd xanı bərk qəzəbləndirdi. Doğrudur, bəzi mənbələrdə Krım xanlığı ilə Moskva Rusu arasında soyuqlaşmanın artıq 1517-ci ildən hiss olunduğu bildirilir. Amma 1518-ci ildə Məhəmməd Gireyin oğlu Bahadırla birgə Həştərxana növbəti yürüş üçün Vasilidən yardım istədiyi məlumdur. Görünür, ittifaq hələ rəsmən qüvvəsini itirməsə də, tərəflər arasında  sövdələşmə yenə baş tutmayıb. Çünki Vasili müttəfiqinin hərbi yardım istəyinə bu dəfə də əməl etmir. Beləliklə, Krım xanlığının Moskva siyasətində kəskin dönüş yalnız 20-ci illərə doğru aydın konturlar almağa başlayır. 1521-ci ildə isə artıq Məhəmməd xan oğlu Sahib Gireylə birlikdə Moskva səfərinə çıxır (Zaytsevin fikrincə, bu yürüş də Həştərxan məsələsi ilə bağlı idi).

Bu zaman noqay mirzələrindən Seyidəhməd bin Musa (rus mənbələrində “Şiydiak”) Həştərxanda hakimiyyəti ələ almış və bu xanlıqda “noqay dövrü” başlamışdı.  Həmin ilin sonlarına doğru qarşılıqlı razılıq əsasında taxta keçən Hüseyn bin Mahmud noqaylardan asılılığı qəbul etmişdi. Vur-tut iki il sürən  “noqay dövrü” Həştərxan xanlığı tarixində, xüsusilə onun Krım xanlığı ilə münasibətlərində mühüm hadisələrlə zəngindir. Xoşagəlməz ixtilaflar silsiləsi isə  Məhəmməd Gireyin Moskva yürüşündən başlayır. Belə ki, həm xanın, həm də vəliəhdin eyni vaxtda yoxluğunu fürsət bilən Noqay-Həştərxan alyansı Krıma soxularaq çoxlu əsir alır, mal-qaranı qovub aparır, qarət olunan krımlılar isə canlarını götürüb Kəfəyə qaçırlar (Kəfə Osmanlı valisinin iqamətgahı idi). Yürüşdən qayıdan Məhəmməd Girey xan, əlbəttə ki, bunun əvəzini çıxmalı idi. O, Həştərxanı cəzalandırmaq üçün vaxt itirmədən hazırlığa başlayır və “Nikonov salnaməsi”ndə deyildiyinə görə 1523-cü ildə (bəzi mənbələrdə 1522-ci il göstərilir) oğlanları və qardaşları ilə birlikdə Həştərxana hücum edib şəhəri ələ keçirir. Lakin XIX əsrin tanınmış müəllifləri- kazanlı Rizaəddin Fəxrəddin və Şihabəddin Mərcaninin yazdıqlarına, eləcə də əslən Krımdan olan Osmanlı tarixçisi Halim Gireyin məşhur “Gülbini-xanan, yaxud Krım tarixi” əsərində göstərildiyinə görə, bu yürüş Krım üçün əsl fəlakətlə başa çatır.

Məhəmməd xan geri dönərkən noqaylar tərəfindən öldürülür (Həştərxanda dəfn edilib), şahzadələrin dördü isə əsir alınır. “Postnikov salnaməsi”ndə bildirildiyi kimi, yürüş zamanı Krım ordusu həm də böyük itkilər (bəzi mənbələrdə 130 min nəfər) verir. Üstəlik Həştərxan və noqay döyüşçüləri krımlıları Baxçasaraya qədər qovaraq, şəhərin 10 verstliyində düşərgə salır, iki həftə soyğunçuluq edib, xeyli qənimət ələ keçirirlər. Diqqət yetirilməli daha bir xüsus Krım xanlığının sərhəddində gedən döyüşlər zamanı Kəfədəki yeniçəri qüvvələrinin məsələyə müdaxilə etməməsidir ki, bu da Osmanlı dövlətinin türk-tatar xanlıqları arasında ziddiyyətlərə qarışmadığı fikrini bir daha təsdiqləyir.

1523-cü il fəlakətindən sonra xanlıqlar arasında nifaq bir müddət səngiyir, daha doğrusu, Krım müdafiə mövqeyinə keçir. Bir çox tarixçilərə rəğmən, ehtimal edə bilərik ki, bu, Krım və Həştərxan xanlıqlarının münasibətində bir dönüş nöqtəsidir. Doğrudur, münaqişə və toqquşmalar sonralar da baş verir, amma artıq lokal basqın mahiyyəti daşıyır, xüsusilə Krım tərəfindən əvvəlki təşəbbüskarlıq, aqressivlik, məqsədyönlülük və sabitqədəmlik müşahidə olunmur (Həştərxan ruslar tərəfindən işğal ediləndən sonra Krım xanlarının onun azadlığı uğrunda mabarizəsinə gəlincə, aşağıda görəcəyimiz kimi, bu, artıq tamam başqa siyasi gündəmin məsələsidir). Mübarizənin ideoloji əsası (Qızıl Ordanın reinkarnasiyası, yenidən dirçəldilməsi), demək olar, aradan götürülür, ixtilafların katalizatoru rolunu isə artıq Həştərxan-Noqay koalisiyası, əksər hallarda da qarışıq soyğunçu dəstələr oynamağa başlayır. Misal üçün, Sahib Gireyin 1546-cı il Həştərxana hücum etdiyi tarixdən məlumdur. Tarixçi Rəmmal  Xoca bu insident səbəb kimi Həştərxan xanı Yağmurcunun (rus salnamələrində onun adı gah “Yamqurçi”, gah “Jambırşı”, bəzi Azərbaycan qaynaqlarında isə “Yomğurçay” kimi verilir) Kazandan Krıma gedən ticarət karvanını ələ keçirməsini və tacirlərin Sahib xana şikayət etmələrini göstərir. Bu hücum Əli Mirzənin başçılıq etdiyi noqay ordusuna cavab yürüşü üçün əsas vermiş, lakin krımlılar onları mühasirəyə salıb məğlub etmişdilər. Analoji toqquşmalar sonralar da olmuşdu. Ümumiyyətlə, bütün qarışıq vaxtrlarda olduğu kimi, o dövrdə də Volqa axarları quldur dəstələrinin məskəninə çevrilmişdi. Soyğunçular karvanları yağmalayır, tacirlərin mallarını əllərindən alırdılar. Bunların arasında kazaklar da, noqaylar və həştərxanlılar da olurdu. Amma orası da var ki, noqaylılar Krım tacirlərinə qarşı xüsusi aqressivlik göstərir, həştərxanlıların köhnə düşmənçilik duyğularını qızışdırır, onları qisasçılığa sövq edirdilər.

Ümumiyyətlə, həştərxanlılarla noqayların Krım xanlığına qarşı uzunmüddətli müttəfiqlik münasibətləri tarixşünaslıqda gah vassal asılılığı, gah da qohumluq, qonşuluq və iqtisadi maraqlar zəminində şərh olunur (ən azı, XVI əsrin ortalarına qədər). Bizə görə, bunun “noqay fenomeni” ilə izah edilməsi daha doğrudur və aşağıda Noqay uruqları haqqında oçerkdə bu fenomen üzərində ətraflı dayanacağıq. Burada isə bəzi ənənəvi qənaətləri yada salmaq, zənn edirik, yersiz olmaz (əslində bu fikirlər “noqay fenomeni”ni  təkzib də etmir). Yekdil rəylərdən biri budur ki, Qızıl Ordadan törəmə dövlətlərin hamısında əhali bu və ya başqa dərəcədə eyni qəbilə və tayfalara mənsub idi. L.Ş.Arslanova XV əsr mənbələrinin araşdırılması nəticəsində haqlı olaraq yazır ki: “biz müxtəlif siyasi və dövlət təşəkküllərinə daxil olan bir neçə qıpçaq mənşəli qohum və köçəri türk etnosu ilə qarşılaşırıq”. Döyüşkənliyi və düşmənə xüsusi amasızlığı ilə səciyyələndirilən noqaylar da Kazan, Krım, Sibir, Qazax, eləcə də Həştərxan uluslarında yaşayan həmin köklü tayfa birliklərindən biri idi. Tarixçilərin fikrincə, Həştərxanda noqayların sayı xüsusilə çox olub. Krımda isə Məhəmməd Gireyin dövründə bir hissəsi Kubana köçürüldükdən sonra belə onlar əhalinin böyük əksəriyyətini təşkil edirdilər. Bütün türklərdə olduğu kimi, qıpçaq obalarında da etnik qohumluğun, nəsil-tirə və sülalə eyniliyinin, nigah və şəxsi yaxınlıq əlaqələrinin yüksək qiymətləndirildiyi öz-özlüyündə aydındır. Kazan xanlığından danışarkən bunun bariz nümunələri xatırladıldı. Əlavə edək ki, Kazanın noqaylarla müttəfiqliyində Məhəmməd Əmin xanın Musa Mirzənin qızı ilə evlənməsi az rol oynamamışdı (sonradan noqay əmirlərindən Yusuf Mirzənin və oğlanlarının Kazan xanlığının müstəqillik mübarizəsində yaxından iştirak etmələri də əsasən, onun qızı Suyumbikənin Kazan məlikəsi olması ilə bağlı idi). “Xolmoqor salnaməsi”ndə 1505-ci ildə Kazanda əsir götürülən ruslardan böyük bir qisminin Məhəmməd Əmin xan tərəfindən qənimət kimi Həştərxana və Noqay uruğuna göndərilməsi haqqında məlumat da, yəqin ki, dolayısı ilə bu qohumluq münasibətlərinə işarə edir. Habelə  mütəxəssislərin Kazanin azad edilməsi məqsədi ilə yaradılan antirus koalisiyasında Həştərxanın iştirakına böyük ehtimal vermələri eyni motivlə bağlı olmalıdır. Sovet şərqşünası Məhəmmədcan Safarqaliyevin misal gətirdi bir fakt da həmin qənaətin təsbit edilməsi üçün maraq doğruru. M.Safarqaliyevin yazdığına görə, hələ 1530-cu illərdə Həştərxanda hakimiyyət çevrilişi edən Dərviş Əli bin Şeyx Heydər tezliklə taxtdan salınmış və ana qohumu olan noqaylı İsmayıl Mirzəyə pənah aparmış, oradan da Moskvaya qaçmışdır (İ.Zaytsev bu hadisəni 1537-ci ilə aid edir). Ümumiyyətlə, köçəri noqayların bu və digər səbəblər üzündən müharibələr aparan, məğlubiyyətə uğradıqda isə düşmənlərindən gizlənmək məcburiyyətində qalan qohum tayfaların təmsilçilərinə yardım göstərmələri az qala bir tarixi qanunauyğunluq halını almışdır.

Tarixçilərin başqa bir qismi Həştərxan xanlığı-Noqay Ordası müttəfiqliyinin əsası kimi ərazi yaxınlığına istinad edir. düşünürük ki, bu da təbii sayılmalıdır. İ.Zaytsevin təbirincə desək, “İsmayılın (noqay kalqayı, daha sonra əmiri-N.M.) Həştərxandakı siyasi vəziyyətə maraq göstərməsində təəccüblü bir şey yoxdur. 1551-ci ildə onun qışlaq yerləri bu şəhərin cəmi 10 verstliyində idi”. Bəzi mənbələr hətta Həştərxan xanlığının yaranmasını belə Yedigeyin başçılıq etdiyi manqıt konfederasiyası ilə (tarixçilər arasında manqıtları noqaylarla eyniləşdirənlər də, noqay oymağının ana qəbiləsi hesab edənlər çoxdur) əlaqələndirir. Gördüyümüz kimi, Noqay Ordası ilə Həştərxan xanlığı arasında müttəfiqlik münasibətləri klassik süzeren-vassal tipologiyası hüdudlarına sığmır, bu hüdudları aşır, daha geniş və daha dərin tarixi (etnik, coğrafi, siyasi və s.) köklərə dayanır. Digər tərəfdən onu da əlavə etmədən keçə bilmərik ki, Rusiya amilinin güclənməsi bölgədə ənənəvi münasibətlər sisteminə bütövlükdə təsir göstərdiyi kimi Noqay-Həştərxan siyasi ittifaqına və bu koalisiya ilə Krım xanlığı arasında əlaqələrə də yeni çalarlar verirdi.

Mövzumuzla bağlı XVI əsrin birinci yarısında Həştərxan xanlığının Rusiya ilə münasibətləri üzərində xüsusi  dayanmalıyıq. Moskva knyazlığı ilə Həştərxan arasında çoxdan yaranmış ticari səfarət əlaqələri bu dövrdə də davam edirdi. 20-ci illərdə xanlığın elçiləri Moskva ilə dostluq müqaviləsi imzaladılar. 1533-cü ildə Həştərxan taxtına keçən Əbdürrəhman bin Əbdülkərim Krım xanlığına qarşı moskvalılarla yaxınlaşmaq barədə düşünür, götür-qoy edirdi. Bu məqsədlə Moskvaya elçi də göndərilmişdi (İ.Zaytsev). 1536-cı ilin sentyabrında böyük knyaz Vasiliyə yaxın boyarlardan Fyodor Bıkovun başçılıq etdiyi səfarət heyəti Həştərxana gəldi və bir il burda qalandan sonra cavab elçiliyinin üzvləri ilə birlikdə Moskvaya qayıtdı. Xan elçilərinin vəzifəsi onun xoş məramını Vasiliyə çatdırmaqdan və onu qarşılıqlı faydalı qonşuluq münasibətlərinin hər iki tərəf üçün sərfəli olmasına inandırmaqdan ibarət idi. 1541-ci ildə rus diplomatı F.Nevejinin də Həştərxana gəlib, burada bir il yaşadığı bəllidir. Səfarətlərin uzun çəkməsi, çox güman ki, həm də Kazan kampaniyasına hazırlıq üçün informasiya təminatı məqsədi güdürdü. Belə ehtimallar var və  ağlabatandır. (Daimi səfirliklərin yaradılmasından  əvvəl dünya diplomatiyasında mövcud olmuş etiket qaydaları da buna imkan verirdi: elçilik heyətləri getdikləri ölkədə bir müddət- bəzən illərlə- qonaq qalır, ticarət agentliyindən tutmuş casusluğa qədər müxtəlif funksiyalar yerinə yetirir və əksər hallarda cavab missiyasının üzvləri ilə birlikdə vətənlərinə yola salınırdılar.)

Ümumiyyətlə, 1540-cı illər tarixşünaslıqda Həştərxan tarixinin ən qaranlıq dövrü sayılır. Xanlığın nüfuzlu tədqiqatçısı İ.Zaytsevin qeyd etdiyi kimi, bu zaman dilimi ilə bağlı sənədli məlumatlar qıtdır: “Hətta Həştərxan taxtında kimin oturduğu da bilinmir”. Alim 1550-ci illərin əvvəllərində Moskva kazaklarının Həştərxanı ələ keçirməsi haqqında mülahizələr olduğunu bildirsə də, bu məlumatlara bir qədər ehtiyatla yanaşır. Mənbələrdəki boşluq sonrakı hadisələrin məntiqini anlamaqda da çətinlik yaradır. Misal üçün, məlumdur ki, Yılmaz Öztunanın “qazi” adlandırdığı Yağmurçu xan 1551-ci ilin payızında Moskvaya elçilər göndərib, çar IV İvandan onu vassal qismində Həştərxan taxtına oturtmasını xahiş edib. Hadisələrin sonrakı gedişatından gördüyümüz kimi onun bu addımı yalnız rusların Kazan yürüşü ərəfəsində Həştərxanı işğal təhlükəsindən qorumaq cəhdi kimi izah oluna bilər. Çünki Yağmurçunun, qaynaqlarda da qeyd olunduğu kimi, 1552-ci ildə IV İvanın səfirini şəhərdən sürgün etməsini başqa heç cür anlamaq mümkün deyil. Dövrün protokol qaydalarına əsasən, Yağmurçu bir vassal kimi öz süzereninin səlahiyyətli nümayəndəsinə sözsüz tabeçilik göstərməli idi. O isə səfir Sevastyan Avraamovu ağlasığmaz bir tərzdə Xəzər dənizindəki adalardan birinə, faktiki, sürgünə göndərmişdi (rus elçisinin həbs olunduğunu yazanlar da var). Rəsmi mənbələrdə Avraamovun rus çarı tərəfindən Həştərxana vassallıq məsələsini rəsmiləşdirmək üçün göndərildiyi deyilir. Hadisə də Yağmurçu xanın onun gətirdiyi müvafiq “şərt”i imzalamasından bir neçə gün əvvəl baş vermişdi. V. Trepavlovun yazdığına görə, “şərt” XV-XVIII əsrlərdə hökmdarlar arasında fərdi razılaşma sənədi olub, rəsmən dövlətlərarası müqavilə sayılmasa da rus çarının xanlıqlarla münasibətləri, əksər hallarda məhz “şərt”lərlə nizamlanmışdır. Çünki başqa hüquqi aktlarla müqayisədə “şərt” daha çevik sənəd növü idi; tərəflərdən birinin ölməsi, devrilməsi, yaxud razılığı pozması ilə qüvvəsini avtomatik şəkildə itirir, həm də asanlıqla dəyişdirilə bilirdi. Yağmurçu xan səfir Avramovu təhqir etməklə Moskva ilə “şərt”i necə deyərlər, mürəkkəbi qurumamış pozmuşdu. Təbii ki, səfir də insident barədə Moskvanı dərhal məlumatlandırmış, müvafiq tədbir görülməsini tələb etmişdi. Bunlar öz yerində. Lakin Sevastyan Avraamovun hesabatında yer almış bir qeyd diqqəti xüsusi cəlb edir. Səfir həmin ərəfədə Həştərxandakı ictimai vəziyyətin təsvirini verərkən xanlıq əhalisinin Moskva istiqamətindən hücum gözlədiyini və bundan möhkəm qorxduğunu vurğulayır. Belə isə Yağmurçu xanın laübali davranışının səbəbini öz süzereni tərəfindən “xəyanət”ə məruz qalması ilə izah etmək daha məntiqli olmazmı? Ehtimal ki, rus çarına “biət etməkdən” başlıca məqsədi Həştərxanı işğal təhlükəsindən qorumaq olan Yağmurçu xan bu həssas dönəmdə Avramovun fəaliyyətindən şübhələnmiş və buna görə də onu şəhərdən uzaqlaşdırmışdı.  

Göründüyü kimi, Kazan yürüşü ərəfəsində çar hökuməti ilə Həştərxan xanlığı arasında  münasibətlər, yumşaq desək, qarışıq və müəmmalıdır. İmzalanan “şərt” rus salnamələrində Yağmurçunun Moskvadan asılılığını təsbit edən bir sənəd kimi qələmə verilsə də xanın səfir Sevastyana münasibəti bu fikri güclü şübhə altına salır. (1554-cü ildə çar İvan Qroznı özü də Həştərxan üzərinə yürüşün rəsmi motivi kimi Yağmurçunun razılaşmaları pozmasını və “səfiri incitməsini” göstərmişdi.) Yaddan çıxarmayaq ki, elə həmin ərəfədə Osmanlı imperiyasının  və Krım xanlığının səfirləri (Əhməd ağa və Xozyaş) də Həştərxanda olmuşdular. Xəlil İnalcığın yazdığına görə isə, Krım xanı Sahib Girey 1549-cu ildə türk artilleriyasının dəstəyi ilə qısa müddətə də olsa, Həştərxanı tutmuşdu. Bütün bu hadisələrin Kazan kampaniyası ilə birbaşa bağlılığı şübhə doğurmur. Rus tarixçisi Q.D.Burdeyin aşağıdakı məlumatı da məhz bu kontekstdə nəzərdən keçirilməlidir: Noqay əmiri Yusuf öz “nurəddin”i (taxtın varisi, vəliəhd) və qardaşı İsmayıl bəyə Volqanın o biri tayına keçib, Həştərxan kalqayı Takbildi ilə birlikdə ruslara qarşı döyüşməyi təklif etmişdi. Takbildi, məlumdur ki, Yağmurçu xanın taxtına göz dikmişdi və ona qarşı noqaylarla birləşmək niyyətində idi. Yağmurçu xan özü isə Krım xanlığına meyl göstərirdi. Maraqlıdır ki, Yağmurçu və Takbildinin mövqelərindəki haçalanma səfir Avraamovun da gözündən qaçmamışdı. Beləliklə, deyilənləri bir cümlə ilə belə ümumiləşdirə bilərik: rusların Kazan yürüşü yaxınlaşdıqca, bölgədəki bütün real siyasi qüvvələr fəallaşır və belə demək mümkünsə, yenidən qruplaşırdılar. 

Qeyd etdiyimiz kimi, 1553-cü ildə ruslara yaxınlığı ilə tanınan nurəddin İsmayıl Mirzə başda olmaqla bir qrup Noqay əmiri Həştərxan taxtına Dərviş Əli bin Şeyx Heydərin gətirilməsi xahişi ilə Moskvaya elçi göndərdi. Plana əsasən, Dərviş, xan olduqdan sonra bəylərbəyi (nurəddin, kalqay, vəliəhd) vəzifəsini İsmayılın oğluna, yaxud yaxın adamlarından birinə verməli idi. Ruslar, ana tərəfdən İsmayıl bəylə qohum olan Dərviş Əlini yaxşı tanıyırdılar. O, bir müddət Moskvada yaşamışdı. Bəzi ehtimallara görə, hələ 1537-ci ildə Həştərxan xanı olmuş Dərviş çərkəz və krımlıların təzyiqi altında taxtını buraxıb əvvəl İsmayılın yanına, sonra isə Moskvaya qaçmışdı. İ.Zaytsevin üstünlük verdiyi başqa bir versiya isə bundan ibarətdir ki, o, Noqay Ordasında etinasızlıqla üzləşdiyi üçün Moskvaya üz tutmalı olub; guya Noqay uruqlarında üç il yaşamasına və Çingiz soyundan gəlməsinə rəğmən, əmir Yusuf ona yurdluq verməyib (ənənəyə görə, çingizi sultanlarının keçmiş Cuci ulusu hüdudlarında istədikləri yerdə yurdluq almaq hüququ vardı). Hər bir halda 1551-ci ilin sentyabrında Dərvişin Qasım şəhərindən Moskvaya keçdiyi məlumdur. Orada IV İvanın xidmətinə girmiş və üç il ona qulluq etmiş, müqabilində rus çarından Zveniqorodu (başqa bir mənbədə Temnikov şəhərini) mülk almışdı. Yəni onun ruslara və İsmayıl Mirzəyə xəyanət edəcəyi heç kimin ağlına gəlməzdi. Lakin Kazanın işğalı və yerli xalqlara divan tutulması bütün Darül-İslam diyarlarında  görünməmiş bir hadisə kimi gözlənilməz reaksiyalar doğura bilirdi ki, mövcud hakimiyyət fəlsəfəsindəki təzadlar fonunda bu da tamamilə başa düşüləndir.

Noqay əmiri Yusufun Kazan xanlığını sona qədər dəstəklədiyini, rusların yürüşü zamanı Noqay Ordasından üç minlik qoşun toplayıb Yadigar xanın köməyinə göndərdiyini (sonradan onun oğlu Əliəkrəm də Çalımdakı müqavimət hərəkatına  başçılıq etmiş, özü ilə oraya noqay hərbi dəstələri gətirmişdi) artıq bilirik. 1553-cü ildə Yusuf Mirzə Həştərxan xanlığı ilə ittifaqa girərək, Rusiyaya qarşı müharibəyə hazırlaşırdı, amma qardaşı və vəliəhdi İsmayıl Mirzə onun planlarını poza bilmişdi. (Hərçənd V.V.Poxlyobkin Yusufun həmin ilin oktyabrında 120 minlik qoşunla Volqadan Dona qədər, oradan da Krım yolu ilə Oka çayınadək irəlilədiyini, lakin Moskva yaxınlığında, Serpuxov-Kaşir rayonunda ruslar tərəfindən dayandırıldığını yazır.) Bir il sonra ruslar İsmayıl Mirzənin favoriti Dərviş Əlinı Həştərxan üzərinə  göndərəndə (o, Yağmurçu xanı taxtından endirib, yerinə keçməli idi) isə qardaşlar arasındakı gərginlik bütün Noqay Ordasında ikitirəlik yaratmış, vəziyyət vətəndaş müharibəsi  həddinə çatmışdı. Elə buna görə də Dərviş Əlini Həştərxana səfərdə müşaiyət edən rus qoşunları şərtləşdikləri yerdə İsmayılın dəstəsi ilə birləşə bilməmişdilər. Amma hücumun qələbə ilə nəticələnməsinə bunun elə bir təsiri olmamışdı. Əvvəla, rus voyevodası knyaz Yuri Pronski-Şemyakinin 30 minlik ordusu Yağmurçunun sərəncamındakı hərbi qüvvədən on dəfə artıq idi. İkincisi isə iyulun 2-də rus qoşunu Həştərxanı döyüşsüz təslim almışdı; şəhərdə, demək olar, heç kim qalmamışdı. Voyevodalar gəmilərdən çıxıb şəhərə girəndə olan-qalan əhalinin də qaçdığını görmüşdülər. (Sonradan qaçanların 20 min nəfəri geri qayıtmışdı.) Y.Pronski elə həmin gün Dərviş Əlini taxta oturtmuş, İsmayıl Mirzəyə xəbər göndərib, Həştərxana dəvət etmişdi. Təsdiqlənmiş “şərt”ə əsasən, Dərviş öləcəyi təqdirdə həştərxanlılar Moskva çarına müraciət etməli, onun göndərəcəyi yeni xana itaət göstərməli idilər. Dərviş Əli Moskva çarına ildə min rubl (yaxud yerli pulla 1200 rubl) məbləğində xərac ödəməli, üstəlik də bac olaraq 3 min balıq  göndərməli idi. Eyni zamanda ruslar Volqa çayı boyunca Xəzər sahillərinə qədər istədikləri yerdə balıq ovlama imtiyazı əldə edir və vergidən azad olunurdular. Dərvişin səltənətinin ilk günü təqribən 500 nəfər Həştərxan şahzadəsi (mirzə və oğlanlar) Rusiya çarına sədaqət andı içmişdi. Rəsmiyyət işlərini bitirdikdən sonra Pronski knyaz Baryatınskinin və Pyotr Turgenevin başçılığı ilə streletslərdən, kazaklardan və boyar uşaqlarından ibarət qarnizonu şəhərdə saxlayıb özü Yağmurçunu axtarmağa getmiş, tapa bilməyib Moskvaya qayıtmışdı. Yağmurçu isə bu zaman artıq Şimali Qafqazda idi, qohum olduğu Tümən şamxalına sığınmışdı.

1554-cü ilin iyulunda, Dərviş xan taxta çıxan kimi IV İvan özünü “Həştərxan çarı” elan etdi. Bu, həmin ilin sentyabrında Polşa-Litva çarı Sigizmund II Avqusta (1544-1572-ci illərdə Polşa kralı, 1569-cu il Lyublyansk seymindən sonra həm də Litva kralı) göndərdiyi seunçda (bir dövlət başçısının başqa birinə üçüncü dövlətə qarşı  hərbi səfəri və ya qələbəsi haqqında göndərdiyi məlumat-xəbərdarlıq məktubu) da əksini tapıb. Vaxtilə Kazan üzərində protektoratlığını bildirmək üçün III İvanın da özünü “bolqar knyazı” kimi təqdim etdiyini xatırladan İ.Zaytsev haqlı olaraq Həştərxanın 1554-cü ildəki siyasi durumu ilə Kazanın 1487-ci ildəki statusu arasında analogiya aparıb, hər ikisini “Moskvadan göndərilmiş canişin tərəfindən idarə olunan asılı xanlıq” kimi (Pronski, bəllidir ki, Dərviş Əlinin yanında saxladığı Pyotr Turgenevin vəzifəsini rəsmən “canişin” kimi müəyyən etmişdi) səciyyələndirir.

Amma Yağmurçu da sakit oturmurdu. 1555-ci ilin mayında P. Turgenev Moskvaya göndərdiyi raportda onun Yusuf Mirzənin oğlanları ilə birləşərək Həştərxana hücuma keçdiyini xəbər verirdi. (Buradaca qeyd edək ki, 1554-1555-ci illərin qışında Noqay əmiri Yusufla qardaşı və rəsmi vəliəhdi İsmayıl arasında vətəndaş müharibəsi ikincinin qələbəsi ilə başa çatmış, Yusuf Mirzə öldürülmüş, amma onun oğlanları- başda Yunus olmaqla- bir müddət əmiləri ilə taxt uğrunda mübarizəni davam etdirmişdilər.) Canişinın yazdığına görə, Dərviş xan Yunusla danışığa girmiş, onu və qardaşlarını öz tərəfinə çəkə bilmişdi. Buna baxmayaraq Yusufun oğulları İsmayıl Mirzə ilə düşmənçiliklərini davam etdirir, onun mallarını daşıyan gəmilərin Volqa axarlarında sərbəst hərəkətinə ciddi maneə törədirdilər. İsmayıl onlarla bacarmır, Dərviş isə, görünür, qardaşlarla münasibətini korlamaq istəmirdi. Həmin il İsmayıl Mirzənin xahişi ilə Qriqori Kaftırev və ataman Fyodr Pavlovun başçılıq etdikləri strelets və kazak birlikləri Həştərxana göndərildi. Onlar çayda ticarət karvanlarının təhlükəsizliyini qoruyacaq, lazım gələndə Dərvişə də kömək edəcəkdilər. Noyabrda rus canişini P.Turgenev Moskvaya qayıtdı və onun yerinə Levonti Mansurov təyin olundu. Tarixçilər Həştərxanda ikihakimiyyətliliyin məhz onun gəlişi ilə başladığını bildirirlər.

Dərviş və Mansurov ayrı-ayrı iqamətgahlarda, hətta bəzi mənbələrə görə, ayrı-ayrı şəhərlərdə oturur, avtonom fəaliyyət göstərir, həm bir-birini həzm etmirdilər. Lakin məsələnin kökü şəxsi qarşıdurmadan, hətta Dərviş xanın suverenlik ambisiyalarından da dərində idi. Turgenev və onunla birlikdə Moskvaya qayıdan Kaftırev Həştərxandan çar sarayına həyəcanlı xəbərlər gətirmişdilər. Onların sözlərinə görə, Dərviş yolunu azmış, üzünü Krıma və Yusufun oğullarına çevirmişdi. 1556-cı ilin martında isə İsmayıl Mirzənin qasidlə Moskvaya göndərdiyi xəbərdə Dərvişin Mansurovu xanlıqdan qovub çıxarğığı bildirilirdi. Bir neçə gün sonra artıq Mansurovun özündən gələn məktubda da bu məlumat (“çevriliş” xəbəri) təsdiqini tapdı: o özü gəmi ilə qaça bilsə də, 500 əskərindən 150-ni itirdiyini yazırdı. Dərviş Əli xanın Yunus Mirzə və Krım xanlığı ilə ittifaqa girərək, dünənki vəlinemətlərinə xəyanət etməsi İsmayıl Mirzəni, əlbəttə, həm acınacaqlı duruma salmış, həm də möhkəm qəzəbləndirmişdi. İsmayıl rus çarına özünün yeganə pənahı kimi baxırdı və Moskvanın nəzərindən düşməsi onun üçün ölməyə bərabər idi. Odur ki, təcili olaraq rus komandanlığına Dərvişi cəzalandırmağa və Həştərxanı geri qaytarmağa hazır olduğu haqda xəbər göndərdi. Amma İsmayıl özünün də vəziyyəti yaxşı deyildi, o, rəqibləri tərəfindən üzük qaşı kimi dövrəyə alınmışdı. Çardan kömək istəyəndə də Həştərxandan çox öz hakimiyyətini xilas etməyi düşünürdü. Lakin bütün səylərinə baxmayaraq, məqsədinə çata bilmədi. Müsəlman xanlıqlarının birləşmiş qoşunları rusların köməyə yetişməsinə fürsət vermədən Saraycığı ələ keçirib İsmayılı taxtdan qovdular və Yunus Mirzəni Noqay əmiri elan etdilər. Bu ərəfədə Krım xanı Həştərxanın müdafiəsi məqsədi ilə Dərviş Əliyə 300 nəfəri tüfənglə silahlanmış yeniçəri olmaqla min nəfərlik qoşun və artilleriya göndərdi.

Deyilənlər Həştərxan məsələsinin o dövrün məntiqi ilə regional miqyas aldığını  sübut edir. İslam torpaqlarının bir-birinin ardınca kafirlər tərəfindən işğal olunması (xatırlayaq ki, bu zaman Kazanda müqavimət hərəkatı hələ davam edirdi) bölgə müsəlmanlarını dini duyğularını təhqir etmiş və alovlandırmış, onları hərəkətə gətirmişdi. Lap əvvəldən qatı dindarlığı ilə bilinən Dərviş Əlinin rusların favoriti ikən birdən-birə onlardan üz döndərməsinin, müsəlman xanlıqlarla ittifaq qurmasının, ümidini Krıma, İslam aləminə və onun xəlifəsi olan Osmanlı sultanına bağlamasının bir həqiqi səbəbi varsa da, məhz budur. Dərvişin “xəyanət”ini onun “çıxılmaz vəziyyəti” ilə izah edən rus alimi Q.Peretyakov heç də haqsız deyil: “Belə bir şəraitdə Moskva ilə məlum münasibətləri olduğu şəkildə saxlamaq, müsəlman siyasi və ictimai birlikləri, eləcə də öz təbəələri arasında rus çarının maraqlarını qorumaq onun gücü çatmayacaq qədər ağır yük idi”. Dərviş Əli, doğrudur, ruslar qarşısında müəyyən öhdəliklər götürmüşdü, amma bunlar Çingiz soyundan gələn bir xanın öz xalqı, təbəələri və İslam ümməti qarşısında daşıdığı məsuliyyətlə müqayisəolunmaz dərəcədə kiçik məsələlər idi. Cuci ulusundan qalma ənənəvi hüquq Çingiz törəmələrinə müstəsna haqq və imtiyazlar verirdi. Bu sülaləyə mənsub hər bir sultan Çingiz imperiyasının ənənələri yaşayan istənilən ölkədə xanlığa iddia edə bilərdi. Çingiz soyundan gələnlərin geneoloji hüquqa əsaslanan siyasi hegemonluğu bütün sosial təbəqələr tərəfindən tamamilə legitim sayılırdı. Kütləvi təsəvvürlərə əsasən, qara camaat heç bir halda çingizi sultanlarının üzünə ağ ola bilməzdi (onlara qeyd-şərtsiz və sonsuz itaətlə bağlı yazılmamış qanunlar “Çingiz yasa”sına müncər edilir və hətta şəriət hökmü səviyyəsində təbliğ olunurdu). İsmayıl Mirzə də bunu yaxşı bildiyi üçün Həştərxan məsələsinin həlli yolunu Dərvişi tatar şahzadələrindən biri ilə əvəzləməkdə görür, Zaytsevin yazdığı kimi, rus çarına xəbərdarlıq edirdi ki,  “xan və tatarlar olmadan Həştərxan yaşaya bilməz”. Amma məsələnin o biri tərəfi də yaddan çıxarılmamalıdır: ənənəvi hüquq eyni zamanda Çingiz soyundan olan xanlar qarşısında icrası mütləq olan tələblər də qoyurdu. Xan olmaq həm də şərəf məsələsi idi; Darül-İslam torpaqlarının kafirlər tərəfindən işğal edilməsinin yolverilməzliyi, dinin və şəriətin toxunulmazlığının təminatı, xalqın can, mal və namusunun nəyin bahasına olursa-olsun qorunması hər bir xanın ən başlıca vəzifələri sayılırdı. Qızıl Ordadan törəmə xanlıqlarda ənənəvi hüquq həm dini ehkamlara, həm Çingiz yasalarına, həm də qədim türk törəsinə əsaslandığı üçün imperativ sakrallıq daşıyırdı. Yəni,  dövlətin (yurdun və elin!) ruslara təslim edilməsi ilə Həştərxan xanı həm bu dünyada, həm də axirətdə qorxunc bir günahın altına girmiş olurdu. Dərviş isə əsl Çingiz övladı kimi bu adın şərəfinə layiq olmaq, babalarının torpaqlarında normal hökmranlıq etmək, təbəələrinin etimadını qazanmaq, ətraf (qohum) xanlıqlarda, müsəlman aləmində sayılıb-seçilmək istəyirdi. Əgər öz xalqı onu kafir sayacaqdısa, din qardaşlarından, ona doğma olan mədəni mühitdən təcrid ediləcəkdisə, ruhanilər tərəfindən lənətlənəcəkdisə, şərəfli əcdadının soyuna ləkə salacaqdısa, xan olmağın nə mənası vardı?

N.MUSTAFA

(ARDI VAR)