İndi isə istəyim Müzəffər Ali Baş Komandanımızla doğma Laçında görüşmək və heç vaxt öz ata-baba yurdunu görməyən mənim kimi minlərlə gəncə bu sevinci yaşatdığına görə təşəkkür etməkdir
Avqustun 26-da üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürdü. Artıq Laçın səmalarında kor yapalaqlar deyil, Azərbaycan şahinləri, laçınlar uçuşur. Düz otuz il idi ki, bağrı yanıq, köksündə dağ boyda Vətən həsrəti ilə "Ay Laçın, can Laçın" deyən Azərbaycan xalqı, eləcə də laçınlılar üçün avqustun 26-sı kimi, sentyabrın 21-i də heç zaman unudulmayacaq tarixi gün kimi yadda qalacaq. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün Laçın şəhərinin mərkəzində Azərbaycan Bayrağını ucaltdı və bir daha dünyaya bəyan etdi ki, bu torpaqların əzəli sahibləri qayıdıblar.
Tezliklə Laçın şəhərində həyat yenidən qaynayacaq. Laçından çıxmaları üçün cəmi 10 saat vaxt verilən və bu torpaqları gözüyaşlı, ölümlə, itimlə tərk etmək məcburiyyətində qalan soydaşlarımız indi sevinc göz yaşları ilə geri dönüş gününü səbirsizliklə gözləyirlər.
“İki sahil” qəzetinin müxbiri belə soydaşlarımızdan biri, əslən Laçından olan Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin baş katibi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrı Yusif Cəfərbəyli ilə söhbət edir:
- 30 ildən sonra Laçın şəhərində Azərbaycan Bayrağı dalğalanır. Artıq Azərbaycan Ordusunun Laçın şəhərindəki ayaq səsləri bütün Qarabağda, Şərqi Zəngəzurda eşidilir və düşmənin bağrı yarılır. Maraqlıdır, illərdir Vətən həsrəti ilə gözlədiyiniz bu xəbərləri eşidən zaman hansı hissləri keçirdiniz? Ürək sözlərinizi, sevincinizi bizimlə bölüşməyinizi istərdik...
Dövlətimizin başçısının Laçın şəhərinin mərkəzində ucaltdığı Azərbaycan Bayrağı orada əbədi dalğalanacaq
- Bu hissləri sözlərə, cümlələrə sığdırmaq mümkün deyil. İllərdir ki, elimizdən, obamızdan ayrı düşdük. Bu anları yaşamaq olduqca ağır idi. Bir laçınlı gənc kimi bu günlərə qədər olan ən böyük arzum ana yurdum olan Laçını və digər işğal altındakı torpaqları azad görmək idi. Çox şükürlər olsun ki, bu günləri hamılıqla gördük. Şükürlər olsun ki, tarixi ədalət bərpa olundu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad etdi. Prezident İlham Əliyevin sentyabrın 21-də Laçına səfəri zamanı bəyan etdiyi kimi bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Dövlətimizin başçısının Laçın şəhərinin mərkəzində qaldırdığı Azərbaycan Bayrağı orada əbədi dalğalanacaqdır. Bu tarixi anları yaşamağımıza səbəb olan şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qəhrəman hərbçilərimizə isə can sağlığı arzulayıram.
- Ötən müddət ərzində Vətən həsrəti ilə yaşamaq heç də asan olmadı. Qayğılı günlər yaşadıq. Laçını görmək arzusu ilə böyüdünüz illərə nəzər salanda daha çox nələri xatırlayırsınız
- Mən Azərbaycanımızın dilbər guşəsi olan Laçın rayonunun Hüsülü (Sultanlar) kəndindənəm. Amma öz ata-babalarımın doğulub boya-başa çatdığı doğma yurdumuzu heç zaman görməmişəm. Mən Laçını görməyən, oranın havasını udmayıb, suyunu içməyən, yalçın qayalarına ayağı dəyməyən laçınlıyam. Mən dünyaya göz açanda artıq 8 il idi ki, atamın, anamın doğulub boya başa çatdığı Laçın rayonu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi 1992-ci il mayın 18-də işğal edilmişdi və mənim də doğmalarım öz yurdlarından didərgin salınmışdılar. Duyğularımın məskənindən, ata-babamın, anamın doğulduğu, ulularımın uyuduğu obadan, xəyallarımda səyahət etdiyim yurddan, o viranəyə çevirdikləri eldən nə səs var idi, nə də soraq…
Mən Laçına xəyallarımda, baba-nənəmin, ata-anamın danışdıqları xatirələrlə səyahət etmişəm və bu səyahətimdə nələr görməmişəm, nələr... Uşaqlıqdan həmişə valideynlərimin yurd acısının, Vətən həsrətinin şahidi olmuşam və bu acını mən də duymuşam, hiss etmişəm. Artıq illərin acısı və həsrəti Qələbə, Zəfər ruhlu sevinclə əvəz olunub.
- Maraqlıdır, həmin vaxtlarda Laçınla bağlı hansı arzularla yaşayır, özünüzə təskinlik verirdiniz?
- Kəndimizdə bəy babalarımın tarixi mülkü olan XVIII əsrə aid Həmzə Sultan sarayı və erməni vandalları tərəfindən dağıdılan kənd qəbiristanlığında adını daşıdığım II Dünya müharibəsi veteranı olan babam Yusif bəyin məzarını ziyarət etmək ən böyük arzum olub. Uşaqlıqdan hər zaman bir ümidim, bir inamım olub ki, nə vaxtsa bu doğma torpaqları görəcəyəm, o yerlərdə yenidən yurd salacağıq. Bu ümidi, bu inamı bir gənc kimi mənə və mənim kimi o torpaqlardan olan minlərlə gəncə verən Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu dövlət siyasətinin, müasir tələblərə uyğun ordu quruculuğunun və düzgün diplomatik səylərinin nəticəsi idi. Hər zaman Laçınıma qovuşacağımız günün həvəsi ilə yaşamışam.
- Şanlı Vətən savaşımız bitdikdən dərhal sonra Azərbaycan dövləti tərəfindən vandal düşmənin vəhşicəsinə dağıtdığı yurdlarımız sürətlə dirçəldilir, onlara yeni nəfəs verilir. Prezident İlham Əliyevin bugünədək işğaldan azad edilmiş ərazilərimizə səfərlərinə diqqət yetirsək görərik ki, onların hər biri böyük Qayıdışın daha da tezləşdirilməsinə xidmət edən addımlarla zəngindir. Eyni ab-hava dövlət başçısının sentyabrın 21-də Laçın rayonuna səfəri zamanı da yaşandı. Azad Laçın tezliklə həm də abad Laçın olacaq...
- Laçın qəhrəmanlar yurdu, gözəlliklər məskənidir. Bura qədim tarixi-mədəni abidələrlə zəngin olan bir diyardır. Laçın Azərbaycanımızın ən səfalı bölgələrindən biridir. Laçın tarixi bir diyardır. Laçının hər daşında, hər qayasında bir tarix yaşayır. Laçının işğaldan azad olunması ilə, həmçinin bu yerlərdə tarixən yadellilərin xalqımıza qarşı törətdikləri bir çox hadisələrin canlı şahidi olan qədim tarixi abidələrimiz də düşmən əsarətindən qurtuldu. Çünki otuz ilə yaxın bir tarixdə erməni vandalları xalqımıza məxsus minilliklərin tarixi yaddaşı olan abidələrimizi saxtakarlıqla özününküləşdirdilər, bir çoxlarını isə tarixi keçmişimizi silmək məqsədilə məhv etdilər. Bu torpağın insanları bulaqları qədər saf, havası kimi təmiz, uca şiş qayaları qədər əzəmətli, mərd, mübarizdirlər. Belə gözəl diyarımızın uzun illər mənfur düşmənin əsarətində olması, tarixi və dini abidələrin vandallığa məruz qalması digər işğal altında olan rayonlarımızın sakinləri kimi, biz laçınlıları da hər zaman narahat edib. Mənim bəy babalarımın uyuduğu Sultanlar kəndindəki məzarlığın dağıdılması, adını daşıdığım babam-1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçı olmuş Yusif Əsəd bəy oğlunun məzarının güllələnməsi, babalarımın tarixi mülkü olan Həmzə Sultan sarayı (XVIII əsr) xalqımıza məxsus tarixi abidə olmasına baxmayaraq, erməni vandalları tərəfindən başqa məqsədlər üçün istifadə olunması məni və bütövlükdə ailəmizi çox sarsıdıb. Bu gün isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində və müqəddəs şəhidlərimizin qanı, qazilərimizin canı bahasına düşmən üzərində qazandığımız tarixi Qələbəmiz bizlərə bütün narahatlıqları, sarsıntıları unutdurub.
Mənfur düşmən ötən 30 il ərzində yaxşı bilirdi ki, gec-tez bu torpaqların əsl sahibləri gələcək və onlar bu əraziləri tərk edəcək. Amma indi vandal əməllər törətməklə – evləri, meşələri yandırmaqla, infrastrukturu dağıtmaqla bütün dünyaya naqisliklərini, vəhşiliklərini göstərirlər. Lakin, bilməlidirlər ki, onlar bu murdarlıqları ilə heç nəyə nail ola bilməyəcəklər. Viranə qoyduqları bu yerlər də Şuşa, Füzuli, Zəngilan və digər şəhər və rayonlarımız kimi yenidən tikilib-qurulacaq, dünyanın ən abad məkanlarından birinə çevriləcək. Azərbaycan dövləti qısa zaman ərzində digər işğaldan azad edilmiş rayon və şəhərlərdə olduğu kimi, Laçında da genişmiqyaslı quruculuq, abadlıq işləri aparacaq. Laçın şəhəri, Zabux və Sus kəndləri, ilk növbədə, yenidən qurulacaq. Dövlətimizin başçısının əminliklə bəyan etdiyi kimi, biz buna tez bir zamanda nail olacağıq. Çünki Vətən müharibəsindən sonra bu günə qədər keçən dövr ərzində gördüyümüz işlər - genişmiqyaslı quruculuq və bərpa işləri göstərir ki, biz doğma diyarımızı, Vətənimizi öz hesabımıza bərpa edirik və edəcəyik.
- 30 illik həsrətdən sonra dədə-baba yurduna qədəm qoymaq, oranı görmək, havasını ciyərlərinə çəkmək. Laçına ilk səfərinizi xəyalınızda necə canlandırırsınız?
- Mən işğaldan azad olunmuş bir çox torpaqlarımıza səfər etmişəm, Qarabağın incisi, mədəniyyət beşiyimiz, azad Şuşada bir neçə dəfə olmuşam. Həmçinin Ağdama, Füzuliyə, Cəbrayıla da. Ancaq, ən böyük arzum təbii ki, doğma ocağım Laçına getməkdir, hər zaman valideynlərimin həsrət dolu danışığında eşitdiyim və xəyallarımda təsvir etdiyim Laçını görməkdir, bizlərin yollarını gözləyən müqəddəs məzarlarımızı ziyarət etməkdir. Həmzə Soltan sarayını və adını daşıdığım babamın məzarını ziyarət etmək, öz doğma kəndimizin hər bir daşı ilə, qayası ilə tanış olmaqdır. Ən böyük arzularımdan biri də bu böyük Qələbə sevincini xalqımıza yaşadan Müzəffər Ali Baş Komandanımızla doğma Laçında görüşmək və heç vaxt öz ata-baba yurdunu görməyən mənim kimi minlərlə gəncə bu sevinci yaşatdığına görə təşəkkür etməkdir. İnşallah ki, bu arzuma da çataram.
- Çox gözəl arzulardır, Yusif bəy. İnşallah ki, tezliklə bu arzular gerçəkliyə qovuşar. Maraqlı müsahibəyə görə təşəkkür edirik.
Yaqut Ağaşahqızı, “İki sahil”