08 avqust 2025 09:00
118

Azad edilmiş ərazilərdə müasir sosial infrastruktur layihələr icra olunur

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma prosesi Azərbaycanın gücünü, iradəsini və gələcəyə hesablanmış strateji baxışını əks etdirir. Qarabağın və Şərqi Zəngəzurun  dirçəldilməsi, infrastrukturun yenidən qurulması, təhsil və səhiyyə ocaqlarının bərpası, nəqliyyat-kommunikasiya xətlərinin çəkilməsi insanlarımızın bu torpaqlara qayıdışını praktik müstəviyə daşıyır. Bu gün işğaldan azad olunmuş Xankəndi, Ağdərə və Xocalı rayonlarında Azərbaycan dövləti tərəfindən həyata keçirilən sistemli bərpa-quruculuq prosesi ərazilərin dirçəlişi və əhalinin qayıdışına hazırlığı baxımından xüsusi önəm daşıyır. Təhsil, səhiyyə, nəqliyyat, sosial infrastruktur və şəhərsalma sahələrində layihələr sürətlə icra olunur. Məktəblər, tibb məntəqələri, universitet binaları, şəhərdaxili yollar, yaşayış binaları və digər obyektlər müasir tələblər əsasında yenidən qurulur. Bu proseslər Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq planlı şəkildə və yüksək keyfiyyətlə aparılır. Dövlətin məqsədi bu əraziləri tezliklə layiqli həyat mühiti olan bölgələrə çevirməkdir. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına mütəmadi səfərləri, burada həyata keçirilən layihələrə şəxsi nəzarəti bu ərazilərin sürətli bərpası və inkişafı üçün strateji əhəmiyyət daşıyır. Ölkə rəhbərinin bu yanaşması təkcə infrastrukturun bərpası deyil, həm də Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı şəkildə ölkə həyatına reinteqrasiyası istiqamətində mühüm addımdır.

“Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli  Xankəndi şəhərində keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsi çərçivəsində təşkil edilən tədbirdə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında görülən bərpa-quruculuq işləri barədə məlumat verərək  bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri Azərbaycan dövlətinin gücünü və idarəetmə qabiliyyətini nümayiş etdirir: “Bu ərazilərdə infrastruktur quruculuğu ilə yanaşı, sosial-iqtisadi və mədəni həyatın tam bərpası üçün ardıcıl və kompleks layihələr həyata keçirilir.  Belə ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən tam orta məktəb və uşaq bağçasının binalarında aparılan təmir-tikinti işləri artıq başa çatdırılıb. Xocalı şəhərində, həmçinin Ballıca, Həsənriz, Talış və Suqovuşan kəndlərində tibb məntəqələri istifadəyə verilib. Hazırda Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin binasında tikinti işləri davam etdirilir. Növbəti tədris ilində Qarabağ Universitetində təhsil alacaq tələbələrin yerləşdirilməsi üçün nəzərdə tutulan 7 beşmərtəbəli binada əsaslı təmir işləri yekunlaşmaq üzrədir və ərazidə abadlıq işlərinə hazırlıq aparılır. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2025-ci il tarixli Sərəncamı ilə Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs yaradılıb. Xankəndi Şəhər Xəstəxanasının əmlakı həmin publik hüquqi şəxsin balansına verilib. Universitetin Tibb Klinikasının tədris korpusunda son tamamlama işləri həyata keçirilir. Eyni zamanda, bölgədə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində də mühüm addımlar atılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması artıq yekunlaşıb. Hal-hazırda Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər, Suqovuşan-Kəlbəcər (9 km), Ağdərə-Ağdam, Əsgəran-Xocalı-Xankəndi-Şuşa və Tərtər-Ağdərə avtomobil yollarının tikintisi davam etdirilir. Xankəndi şəhərində 13 min 600 metr uzunluğunda şəhərdaxili yola müvəqqəti asfalt örtüyü çəkilib. Şəhərdə həmçinin 60 yaşayış və 20 qeyri-yaşayış binasında təmir və yenidənqurma işləri aparılıb.”

Göründüyü kimi, düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası hazırda sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində böyük addımlar atılır. Azad olunmuş şəhərlərə və kəndlərə yaxın  zamanda  140 min insanın köçürülməsi planlaşdırılır. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir manat belə almadan özü görür. Bu baxımdan Qarabağda aparılan dirçəliş işləri həm daxili hüquqi legitimliyi, həm də beynəlxalq hüququn üstünlüyünü nümayiş etdirən nümunəvi modeldir. Beləliklə, Xankəndi və ətraf ərazilərdə aparılan bərpa-quruculuq işləri Azərbaycanın dövlət iradəsini, planlı idarəetmə modelini və qayıdış siyasətinin real nəticələrini əks etdirir. Təhsil, səhiyyə, nəqliyyat və sosial infrastrukturun sürətli şəkildə bərpası bu bölgədə həyatın tam şəkildə canlanmasını təmin edir. Görülən işlər həm də onu göstərir ki, Azərbaycan azad olunmuş əraziləri yalnız təhlükəsizlik baxımından deyil, sosial-iqtisadi baxımdan da ölkənin ayrılmaz hissəsinə çevirir.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması fonunda, eyni zamanda, digər bölgələrin də sosial-iqtisadi inkişafının diqqətdə saxlanılması Azərbaycanın güclü iqtisadi potensialının, maliyyə dayanıqlığının və balanslaşdırılmış inkişaf strategiyasının bariz nümunəsidir. Bu paralel yanaşma dövlətin həm azad olunmuş torpaqların dirçəlişinə, həm də ümumi regional tərəqqiyə verdiyi önəmin göstəricisidir.

Şəmsiyyə Əliqızı, “İk sahil”