25 sentyabr 2022 16:16
1707

Paşinyan BMT tribunasından da iftiralar məqsədilə istifadə edir

Ermənistanın baş naziri Nikol Paşinyanın BMT tribunasından da iftiralar məqsədilə istifadə edir. Onun Baş Assambleyanın 77-ci sessiyasında 21 dəqiqəlik çıxışı zamanı bunun bir daha şahidi olduq. Onun sərhəd təxribatını Azərbaycanın guya Ermənistanın suverenliyinə müdaxiləsi kimi qələmə verməsinin heç bir hüquqi əsası yoxdur. Qazaxın 7, Naxçıvan MR-ın 1 kəndini hələ də işğal altında saxlayan Ermənistanın Azərbaycanı onun ərazisinə daxil olmaqda ittiham etməsi həyasızlıqdır. Çünki Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayıb və bu fakt BMT tərəfindən də tanınıb. Maraqlıdır ki, Paşinyan Azərbaycan Prezidentinə müraciət edərək “Hansı coğrafiyada Ermənistan ərazisini tanıyırsız” sualını ünvanlayıb. Bu, Paşinyanın siyasi baxımdan nə qədər diletant və səriştəsiz olduğunu, eyni zamanda çıxış etdiyi tribunanın ciddiliyindən xəbərsiz olduğunu bir daha təsdiqləyir. “Azərbaycan Ermənistan ərazisini 29,8 min kvadratkilometrdə tanımalıdır” tələbini irəli sürən Paşinyan faktiki olaraq Qarabağı Azərbaycan ərazisi kimi tanımaqdan yayınır. İlk növbədə bu ölkə Azərbaycan ərazisini 86.6 min kvadratkilometrdə tanımalıdır.

Digər tərəfdən, Paşinyan siyasi sərtiştəsizlik nümayiş etdirərək, Azərbaycanı mülki əhalini hədəfə almaqda ittiham edib. Bu cəfəng ittihamları səsləndirən erməni nazir 30 ilə yaxın işğal dövründə, xüsusilə Vətən müharibəsi zamanı hərbi əməliyyatlardan çox uzaq məsafədə yerləşən Gəncə, Bərdə, Tərtər və s. Azərbaycan şəhərlərini qadağan olunmuş raketlərlə atəşə tutub mülki əhalini qətlə yetirdiyini xatırlamaq istəmir.
Çıxışında bir neçə dəfə 10 noyabr üçtərəfli bəyanata istinad edən Paşinyan, nədənsə sənədin 4-cü bəndini də unutdu. Suverenliyinin pozulduğunu iddia edən ölkə üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən qanunsuz hərbi qulluqçularını Qarabağdan çıxarmaq öhdəliyinə əməl etmir. Bu vəziyyət Azərbaycanın suverenliyinə açıq şəkildə təhdiddir. Prezident İlham Əliyevin Laçında söylədiyi kimi, sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz.

Könül Nurullayeva,

Milli Məclisin deputatı