09 noyabr 2026 12:58
236

Azərbaycançılıq ideologiyasının inkişafında vətəndaş cəmiyyəti institutlarının üzərinə mühüm vəzifələr düşür - Ramil İskəndərli

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən xalqa müraciəti müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsasları, milli birlik və ölkəmizin gələcək inkişaf istiqamətləri baxımından mühüm siyasi əhəmiyyət daşıyır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib.

Onun sözlərinə görə, dövlət başçısının müraciətinin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi özündə dərin tarixi və siyasi simvolizm ehtiva edir: “Prezident İlham Əliyevin vaxtilə səsləndirdiyi ‘Qarabağ Azərbaycandır və nida!’ bəyanatı Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi məsələsində qətiyyətli siyasi iradəsinin ifadəsi idi. 

Ramil İskəndərli qeyd edib ki, Prezidentin müraciətində xüsusi diqqət çəkən istiqamətlərdən biri azərbaycançılıq məfkurəsinin dövlətimizin bu günü və gələcəyi üçün daşıdığı strateji əhəmiyyətdir. Azərbaycan dövləti milli-mənəvi dəyərlər, zəngin dövlətçilik ənənələri, tarixi yaddaş və ümummilli həmrəylik üzərində qurulub. Ölkəmizdə yaşayan müxtəlif etnik qrupların və dini konfessiyaların nümayəndələrini vahid Azərbaycan ailəsində birləşdirən əsas fəlsəfə məhz azərbaycançılıq ideologiyasıdır. Bu məfkurə milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların eyni Vətənə, eyni dövlətə və ortaq gələcəyə bağlılığını ifadə edir.

AMQF sədri vurğulayıb ki, azərbaycançılıq ideologiyasının müasir dövlətçilik konsepsiyası kimi formalaşması və dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: “Azərbaycan müstəqilliyinin ilk illərində ağır siyasi, hərbi, iqtisadi və humanitar sınaqlarla üzləşmişdi. Dövlət institutlarının zəifliyi, daxili siyasi qarşıdurmalar, separatizm təhlükəsi, iqtisadi tənəzzül və xarici təzyiqlər ölkəmizin gələcəyini ciddi sual altına qoymuşdu. Belə bir tarixi şəraitdə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı yalnız dövlət idarəçiliyində sabitliyin bərpası deyil, həm də xalqı vahid milli ideya ətrafında birləşdirən yeni dövlətçilik fəlsəfəsinin möhkəmləndirilməsi demək idi.
Ramil İskəndərlinin fikrincə, Prezident İlham Əliyevin rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsi yeni tarixi mərhələyə yüksəlib. Əgər müstəqilliyin ilk illərində əsas məqsəd dövlətçiliyin qorunması, siyasi sabitliyin təmin edilməsi və milli birliyin möhkəmləndirilməsi idisə, sonrakı mərhələdə bu ideologiya güclü dövlət, müstəqil iqtisadiyyat, qüdrətli ordu və suveren xarici siyasət konsepsiyasının mənəvi-siyasi dayaqlarından birinə çevrilib.

Ramil İskəndərli qeyd edib ki, azərbaycançılığın gələcəyə yönəlmiş ideologiya kimi inkişafında vətəndaş cəmiyyəti institutlarının üzərinə də mühüm vəzifələr düşür. Bu baxımdan 2026-cı il noyabrın 5 və 6-da Gəncə şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” xüsusi əhəmiyyət daşıyır. Forumda Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyevanın təqdim etdiyi altı strateji prioritet arasında milli həmrəylik və vətəndaş məsuliyyətinin ilk istiqamət kimi müəyyənləşdirilməsi təsadüfi deyil: “Bu yanaşma göstərir ki, vətəndaş cəmiyyətinin gələcək inkişafı yalnız sosial layihələrin həyata keçirilməsi və institusional potensialın artırılması ilə məhdudlaşmamalıdır. QHT-lər milli həmrəyliyin möhkəmləndirilməsində, dövlətçilik dəyərlərinin təbliğində, gənclərin vətəndaş məsuliyyəti ruhunda yetişdirilməsində, informasiya təhlükəsizliyinin gücləndirilməsində və ictimai diplomatiyanın inkişafında daha fəal rol oynamalıdırlar. Gəncə Forumunda milli həmrəyliklə yanaşı, informasiya təhlükəsizliyi, ictimai diplomatiya, Böyük Qayıdış, dövlət dəstəyi mexanizmləri və insan kapitalının inkişafının strateji prioritetlər kimi təqdim edilməsi müasir Azərbaycan vətəndaş cəmiyyətinin gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən mühüm yanaşmadır”.

Ramil İskəndərli xatırladıb ki, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu da bu istiqamətdə təşəbbüslərini davam etdirir. Belə ki, noyabrın 4-də AMQF-nin təşkilatçılığı ilə “Azərbaycançılıq: milli birlik və həmrəylik düsturu” mövzusunda ictimai müzakirə keçirilib. Milli Məclisin deputatlarının, alimlərin, dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbirdə azərbaycançılıq ideologiyasının tarixi əsasları, müasir dövlətçilikdə rolu və Zəfərdən sonrakı mərhələdə milli həmrəyliyin qorunması məsələləri geniş müzakirə edilib:  “Biz həmin müzakirədə də vurğuladıq ki, azərbaycançılıq ideologiyası milli kimliyimizin, müstəqilliyimizin, dünyəvi dövlətçilik prinsiplərimizin və ictimai həmrəyliyimizin əsas dayaqlarından biridir. Xüsusilə gənc nəslin həm milli-mənəvi dəyərlərə bağlı, həm də dünyaya açıq, müasir bilik və bacarıqlara malik, dünyəvi düşüncəli və peşəkar vətəndaşlar kimi yetişdirilməsi prioritet vəzifələrimizdən olmalıdır. Azərbaycançılıq qapalılıq və dünyadan təcrid olunmaq deyil. Əksinə, öz milli kimliyini qoruyaraq qlobal proseslərdə fəal iştirak etmək, digər xalqların mədəniyyətlərinə hörmətlə yanaşmaq, beynəlxalq əməkdaşlıqdan faydalanmaq və eyni zamanda dövlət müstəqilliyini hər şeydən üstün tutmaq fəlsəfəsidir”.

AMQF sədri sonda bildirib ki, Azərbaycanın tarixi Zəfərdən sonrakı inkişaf mərhələsində milli ideologiya ilə strateji dövlətçilik hədəfləri arasında üzvi bağlılıq daha da güclənməlidir:  “Prezident İlham Əliyevin Xankəndidən verdiyi mesajların mahiyyəti də məhz güclü, müstəqil, milli birliyə əsaslanan və gələcəyinə inamla baxan Azərbaycan dövlətinin daha da qüdrətlənməsi ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsasında dayanan azərbaycançılıq ideologiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi məzmun qazanıb. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. İndi qarşıda duran əsas vəzifə bu tarixi nailiyyətləri davamlı inkişafa, iqtisadi və texnoloji üstünlüyə, güclü insan kapitalına və daha möhkəm milli həmrəyliyə çevirməkdir. Azərbaycançılıq bizi keçmişimizlə birləşdirən, bu günümüzdə həmrəy edən və gələcəyimizə istiqamət verən milli məfkurədir. Güclü Azərbaycan isə bu məfkurənin ən böyük siyasi və tarixi nəticəsidir. Bizim strateji məqsədimiz yalnız güclü Azərbaycanı qorumaq deyil, onu gələcək nəsillərə daha qüdrətli, daha inkişaf etmiş, daha təhlükəsiz və heç bir xarici qüvvənin təzyiq göstərə bilməyəcəyi müstəqil dövlət kimi ötürməkdir”.

Yaqut Ağaşahqızı, “İki sahil”