Bakıda Avropa Dilləri Gününə həsr olunmuş tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirin açılışında Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla çıxış edib.
O, Çexiya və Latviya səfirliklərinin bu tədbirin ADU-da keçirilməsi ilə bağlı müraciətləri üçün təşəkkür edib.
Rektor deyib ki, Azərbaycan Şərq və Qərb arasında körpü rolu oynayaraq mədəniyyətləri birləşdirir.
"Azərbaycan multikulturalizmi bu gün dünyanın danışdığı bir mövzuya çevrilib. Azərbaycanda mədəniyyətlərin müxtəlifliyi Avropa mədəniyyətinə öz töhvəsini verir", ADU-nun rektoru deyib.
O regiona, Azərbaycana çıxışında sülh arzulayıb.
"Biz inanırıq ki, Azərbaycana qarşı ədalətsizlik bitəcək və regionda sülh hakim olacaq. Biz bilirik ki, regiona sülh gətirmək üçün siz diplomatlar çalışırsınız, buna görə sizə təşəkkür edirəm. Azərbaycanın sülh səsinə dəstək verdiyiniz üçün çox sağolun.
Hər bir azərbaycanlı da Avropaya və dünyaya sülh arzu edir", Kamal Abdulla qeyd edib.
Tədbirdə Latviya səfirinin müavini də çıxış edib. O, dillərə, mədəniyyətlərə hörmətin əhəmiyyətini vurğulayıb.
O deyib ki, Avropa İttifaqı və Avropa Şurasına üzv dövlətlərin 16 səfirliyi və mədəniyyət institutları 2022-ci il Avropa Dilləri gününü Azərbaycanlı tərəfdaşları ilə birgə qeyd edir. Onun sözlərinə görə, 2022-ci il Avropa Dilləri Günü və Bakıda ilk Ədəbiyyat Gecəsi EUNİC Azerbaijan (Avropa İttifaqı Milli Mədəniyyətlər İnstitutları) tərəfindən təşkil olunub. EUNİC Azerbaijan Cluster 2020-ci ilin fevral ayında Avropa və Azərbaycan mədəniyyətlərinin bir-birinə daha da yaxınlaşdırmaq məqsədi ilə yaradılıb.
Tədbirdə Çexiya səfirinin müavini Daniel Putik də çıxış edib. O bildirib ki, mədəniyyət gününə həsr olunmuş tədbirdə Aİ-yə üzv ölkələrə aid mədəniyyət nümunəsi - hekayələr və şeirlər təqdim olunacaq ki, onlar arasında Çex hekayəsi də var.
Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko ADU-ya tədbirə ev sahibliyi üçün təşəkkür edib.
Aİ səfiri ana dilinin hər bir şəxs üçün vacibliyinə toxunub. O deyib ki, "dillər böyük mədəniyyətləri insanların üzünə açır. "Nə qədər çox dil biliriksə, o qədər çox dostumuz var deməkdir. Dillər, ədəbiyyatlar xalqları bir-birinə yaxınlaşdırır. Diplomatlar kimi biz xoşbəxtik ki, belə gözəl ölkədə, gözəl insanların əhatəsində işləyirik. Fərqi yoxdur ki, biz hansı dildə danışırıq əsas odur ki, bizim dilimiz sülh dilidir", səfir Mixalko vurğulayıb.
Avropa Şurasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Petr Siç də tədbirdə çıxış edib.
Daha sonra tələbələr Aİ-yə üzv dövlətlərin ədəbiyyatına aid nümunələr səsləndirib.
Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır
Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur