26 sentyabr 2022 17:10
1557

Kamran Bayramov: Müxtəlif təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı

«Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur»

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində həm  işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəsləmiş, məsələnin həllinə yox, dondurulmasına çalışmışdır. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi uzun illər kağız üzərində qalmış və icra olunmamışdır. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur.

Milli Məclisin deputatı vurğulayıb ki,  uzun illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir. Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar vermişlər.  2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəvrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Sentyabrın 27-si Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalq müraciətində bu barədə deyib: «Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq».

Birinci vitse-prezident Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. Mehriban xanım Əliyeva şəhidlərimizə hörmət və ehtiramını belə ifadə edib: «Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir... Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq”.»
K.Bayramov diqqətə çatdırıb ki, ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. İndiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcəkdir. Müharibə əlillərinə 7 mindən artıq minik avtomaşını verilmişdir. «YAŞAT» Fondu tərəfindən indiyədək 75 milyona yaxın vəsait toplanmış və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər.