27 sentyabr 2022 00:00
441

Birlik varsa, Zəfər də var!

Azərbaycan Ordusu adını dünya hərb tarixinə qızıl hərflərlə yazdı

Tarixi Qələbəmiz bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edir

44 gün davam edən İkinci Qarabağ müharibəsinin yekunu olaraq qalib Azərbaycan Ermənistanı məğlubiyyət aktına imza atmağa məcbur etdi. Beləliklə, dünyanın müharibələr tarixində növbəti təslimçilik hadisəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şərtləri əsasında baş verdi.

İkinci Qarabağ müharibəsi torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması uğrunda xalqımızın milli mübarizəsi, haqq davası idi. Azərbaycan vətəndaşları kimliyindən, sosial statusundan, əqidəsindən asılı olmayaraq bu mübarizədə bir yumruq kimi birləşdilər, bütün dünyaya milli həmrəyliyin ən mükəmməl nümunəsini nümayiş etdirdilər. Müharibədən sonra məğlub Ermənistanla bağlı xeyli həqiqətlər ortaya çıxdı. Məlum oldu ki, bu ölkənin ordusunun döyüş hünəri ilə bağlı deyilənlər mifdən başqa bir şey deyilmiş. Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri keçirdikləri brifinqlərdə erməni əsgərlərinin, erməni cəmiyyətinin “vətənpərvərliyi” ilə bağlı geninə-boluna danışırdılar. Amma müharibə zamanı tam aydın oldu ki, Azərbaycan Ordusunun qarşısıalınmaz hücumları düşmənin zabit və əsgərlərinə qaçmaqdan başqa çıxış yolu qoymayıb. Müharibənin ilk günlərində cəbhə xəttində erməni əsgərlərinin kütləvi şəkildə məhvindən sonra Ermənistanda hərbi mükəlləfiyyətli vətəndaşlar orduya getməkdən imtina edirdilər. Hətta bunun üçün kütləvi şəkildə həkimlərdən saxta koronavirus arayışları alırdılar.

Azərbaycanda isə tamamilə fərqli mənzərə var idi. Artıq sentyabrın 27-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şəhər və rayon şöbələrinin qarşısında könüllü surətdə cəbhəyə getmək üçün yüzlərlə vətəndaş toplaşmışdı. Mərd oğullar gülə-gülə, sevinclə, valideynlərinin xeyir- duasını cəbhəyə yola düşürdülər. Savaşın ilk günündən sonuna kimi bu vəziyyət davam etdi. Bu baxımdan Vətən müharibəsi xalqımızın birliyinin təcəssümü oldu. 44 günlük savaşda xalqımız sübut etdi ki, öz rəhbəri ətrafında sıx birləşib. Bir daha təsdiq olundu ki, Azərbaycanda formalaşmış güclü xalq-iqtidar birliyi sarsılmazdır.

Bu savaşın nəticəsi Prezident İlham Əliyevin dediyi kimi oldu. Ali Baş Komandan bu fikri həmişə bəyan edirdi ki, danışıqlar prosesinin nəticəsiz qalacağı təqdirdə Azərbaycan Ordusu öz sözünü deyəcək. Ordumuzun döyüş imkanlarının artırılması ilə bağlı müharibəyədək həyata keçirilən tədbirlər də məhz bu məqsədə xidmət edirdi. Yüksək dəqiqlikli hərbi texnikaların Silahlı Qüvvələrimizin arsenalına daxil edilməsi, müasir döyüş vərdişlərinin mənimsənilməsi nəticəsində Azərbaycan Ordusunun qüdrətli hərbi gücə çevrildiyi əvvəlcədən məlum idi.

Sentyabrın 27-də Ermənistanın törətdiyi hərbi təxribat Azərbaycana öz torpaqlarının işğaldan azad edilməsi üçün müharibədən başqa yol qoymadı. İlk gündən düşmənin döyüş meydanında məğlubiyyətə uğradılması ilə torpaqlarımızın azad olunması başlanıldı. Ordumuz keçirdiyi əks-hücum əməliyyatlarının ilk günündən olduqca mükəmməl hazırlıqlı böyük gücə malik olduğunu göstərdi. Ermənistanın yaratdığı bir neçə mərhələli, beton konstruksiyalarla bərkidilmiş, bir-biri ilə gizli yollarla, tunellərlə əlaqələndirilmiş müdafiə mövqelərinin yarılması asan deyildi. Digər tərəfdən, həmin mövqelər yüksəklikdə yerləşdiyindən ərazinin relyefi də təbii istehkam rolunu oynayırdı. Lakin Azərbaycan Ordusunun qarşısında düşmənin gücləndirilmiş səngərləri nəinki bir gün, bir neçə saat belə davam gətirə bilmədi. Bir neçə kəndimizin ardınca Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Xocavənd, Laçın, Xocalı və Tərtər rayonlarının kəndləri, Murov dağında strateji yüksəkliklər azad edildi. Şuşanın işğaldan azad edilməsi isə dünya hərb tarixinə düşən hadisə oldu. Öz unikallığı ilə fərqlənən Şuşa əməliyyatı birmənalı şəkildə ordumuzun gücünü və əsgərlərimizin rəşadətini bütün dünyaya daha da yaxından tanıtdı.

Məhz Şuşanın azad edilməsindən sonra Ermənistanın baş naziri N.Paşinyanın Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtlərinə uyğun olaraq kapitulyasiya sənədinə imza atmaqdan başqa yolu qalmadı. Düşmənin məğlubiyyət aktına imza atmasının nəticəsi olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları qansız-qadasız işğaldan azad edildi. Bu gün bu rayonların bütün kəndlərində Azərbaycan Bayrağı ucalır.

Torpaqlarımız işğaldan azad olunduqca rastlaşdığımız mənzərə, şəhər və kəndlərimizin acınacaqlı durumu hər birimizi təsirləndirdi. Məlum oldu ki, 30 ilə yaxın müddətdə Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında saysız-hesabsız vandalizm aktları törədib, bütün yaşayış məntəqələrimizi viran qoyub. Düşmən xalqımızın mədəni-tarixi abidələrini dağıdıb, Qarabağın meşələrini qırıb, təbii sərvətlərimizi talayıb. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi vandallıqdan söz açıb. Bəyan edib ki, işğal olunmuş ərazilərə Ermənistan tərəfindən vurulan ziyan hesablanacaq. Bu məqsədlə beynəlxalq qurumlar, ekspertlər dəvət olunacaq və Ermənistana qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırılacaq.

44 günlük müharibə Azərbaycan üçün şərəf və milli ləyaqət məsələsi idi. Qəhrəmanlıqla döyüşən ordumuz və öz rəhbəri ətrafında sıx birləşən, həmrəylik nümayiş etdirən xalqımız bu müharibədən şərəflə və ləyaqətlə çıxdı. İndi Azərbaycan dünyada həm də o dövlətlərdəndir ki, ərazi bütövlüyünü müharibə apararaq təmin edib. Ona görə də bu tarixi Zəfər həm xalqımızı qürurlandırdı, həm də Azərbaycanı qalib dövlətlər sırasına çıxardı.

Cavid Əkbərov, “İki sahil”