27 sentyabr 2022 01:37
497

Quruculuq işlərini gücləndirən amillər: Xalq-iqtidar birliyi, iradə və əzmkarlıq

2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Ermənistan ordusu darmadağın edildi. Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.  Məhz bundan sonra ağır məğlubiyyətə uğrayan təcavüzkar ölkə Ağdam, Kəlbəcər və Laçını Azərbaycana qaytarmaq məcburiyyətində qaldı. 

Bu gün Laçın azaddır, öz əzəli sahibinə qayıdıb. Avqustun 26-da Laçın şəhəri ilə birlikdə Zabux və Sus kəndləri də işğalçılardan azad edilib. Laçın şəhərini bərpası ilə bağlı hazırlıq işləri görülür. Avqustun 26-dan sonra ölkə başçısının tapşırığı ilə bütün yaşayış fondunun təhlili, uçotu aparılacaq, dəymiş ziyan hesablanacaq. Həmçinin həlli vacib işlərin görülməsi üçün təkliflər hazırlanacaq. Laçın şəhəri, Zabux və Sus kəndləri, yenidən qurulacaq. Prezident İlham Əliyev 2022-ci il sentyabrın 21-də Laçın rayonuna səfər edərkən Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tanış olub. Ölkə başçısının tapışırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 76,3 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur. Hazırda bu yolun və yol üzərində tunellərin inşası davam etdirilir. Məlumat verildi ki, yolboyu tikintisi nəzərdə tutulmuş 12 avtomobil tunelindən 5-nin tikinti işləri uğurla davam etdirilir.

Qeyd edək ki, dolaylardan keçən mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bundan başqa, qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bununla əlaqədar dolayların birbaşa tunellər vasitəsilə keçilməsi qərara alınıb. Tunellər bir istiqamət üzrə bir hərəkət zolaqlı və 11,60 metr enində olacaq. Tunellərin ümumi uzunluğu 7596,5 metr təşkil edəcək.

Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla, birinci, ikinci və üçüncü texniki dərəcələrə uyğun olaraq inşa edilir. Yolun ilk 38 kilometrlik hissəsində suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 3348 metr olan 60 dairəvi boru, həmçinin zəruri yerlərdə ümumi uzunluğu 1038 metr olan 9 avtomobil körpüsünün inşası nəzərdə tutulur. Kəlbəcər-Laçın avtomobil yolu başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçir. Yeni yol bu rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və yenicə inşasına başlanılmış Laçın Beynəlxalq Hava Limanına qədər rahat gediş-gəlişi təmin edəcək.

Prezident İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfəri çərçivəsində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib. Ölkə başçısı “Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoyub. Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində inşa olunacaq rəqəmsal yarımstansiya Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış layihə üzrə tikiləcək. Ümumi gücü 80 meqavatamper olacaq bu yarımstansiya qovşaq funksiyasını daşıyacaq. Belə ki, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından çıxaraq “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyalarına, oradan isə “Güləbird” Su Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq ikidövrəli xətt, “Daşkəsən” yarımstansiyasından “Kəlbəcər” və “Qorçu” yarımstansiyalarına çəkilən 110 kV-luq ikidövrəli xətt, həmçinin “Şükürbəyli” yarımstansiyasından “Füzuli” və “Şuşa” yarımstansiyalarına gətirilən 110 kV-luq ikidövrəli xətt “Laçın” şəhər yarımstansiyası ilə əlaqələndiriləcək. Beləliklə, 44 günlük Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda tikilən yarımstansiyaların və yeni çəkilən 400 kilometrdən çox yüksəkgərginlikli ikidövrəli xətlərin dairəvi elektrik təchizatı yaradılacaq. Bununla da, işğaldan azad olunmuş ərazilərdəki yüksəkgərginlikli xətlərdən birində qəza baş verərsə, dərhal digər istiqamətdən gələn xətt vasitəsilə oraya gərginlik veriləcək. Bununla da Qarabağda və Şərqi Zəngəzurda enerjinin verilişində fasilə yaranmayacaq.

Bundan başqa, strateji əhəmiyyətə malik bu yarımstansiyada müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri, sabit və dəyişən cərəyan qurğuları, 35 kV-luq və 10 kV-luq qapalı paylayıcı qurğular ilə təchiz olunmuş İdarəetmə Mərkəzi, ən müasir avadanlıqlardan ibarət 110 kV-luq açıq paylayıcı qurğu yaradılacaq, həmçinin işçi heyət üçün xüsusi yataqxana korpusu tikiləcək.

Bəli, ölkə başçısının bildirdiyi kimi, üçrəngli Azərbaycan bayrağı  Qarabağda, Laçında əbədi dalğalanacaq: “İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir. Bir daha demək istəyirəm, fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Zahid Rza, “İki sahil”