27 sentyabr 2022 08:01
475

TARİXİMİZİN ZƏFƏR ZİRVƏSİ

Şəhidlərimizi dərin ehtiramla yad edirik! 

27 sentyabr...   Artıq ikinci ildir ki, təqvimin bu tarixini  Anım Günü kimi qeyd edir, tarixi Zəfərimiz  uğrunda həyatlarını qurban  vermiş mübariz ruhlu, polad iradəli, dəmir biləkli qəhrəman Vətən oğullarımızın əziz xatirəsini ehtiramla yad edirik. Hər günü zəfər salnaməmizə çevrilən 44 gün davam edən Vətən müharibəsində qazanılan şanlı Qələbə naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızın əziz xatirəsi əbədi yaşayacaq. Biz şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərə Allahdan şəfa diləyir, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqının və dövlətinin heç vaxt işğal faktı ilə barışmayacağını, işğalçı Ermənistanın bütün təxribatlarının qarşısının qətiyyətlə alınacağını, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyini dəfələrlə bəyan etmişdi. 2016-cı ildə baş vermiş Aprel döyüşləri, 2018-ci ildə keçirilmiş uğurlu Günnüt əməliyyatı, 2020-ci ilin iyul ayındakı Tovuz döyüşləri Azərbaycan dövlətinin iradəsini, ordumuzun gücünü və xalqımızın həmrəyliyini bütün dünyaya göstərmişdi. Amma bütün bunlardan nəticə çıxarmayan Ermənistan 2020-ci il 27 sentyabr tarixində növbəti hərbi təxribat törətmiş, Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmuşdu.

Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Preziden­t, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatının həyata keçirilməsi, Vətən sevdalılarımız  torpağa sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində döyüş meydanında işğalçını darmadağın etdi. Azərbaycan həm döyüş meydanında, həm də siyasi masada möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoydu.

Azərbaycan xalqı Vətənin mübariz və qəhrəman övladları ilə fəxr edir

 Azərbaycan Ordusu bu müharibədə qüdrətini nümayiş etdirdi, peşəkarlıq nümunəsi ortaya qoydu. Ermənistanın 30 il ərzində hərbiləşdirdiyi, mürəkkəb müdafiə mövqeləri qurduğu torpaqlarımızın cəmi 44 gün ərzində azad edilməsi dünya hərb tarixinin ən möhtəşəm hadisələrindən birinə  çevrildi. Ordumuz böyük şücaət göstərərək, çətin iqlim və ağır relyefdə hər qarış torpağımız uğrunda qəhrəmancasına mübarizə apardı, bütün növ döyüş qabiliyyətinə hazır olduğunu nümayiş etdirdi.  Bütün dünya Ali Baş Komandan başda olmaqla, Azərbaycan hərbçilərinin qəhrəmanlıqlarından bəhs etdi. Bu müharibədə strateji və taktiki hərbi əməliyyatlarımız dünya hərb tarixində yeni bir səhifə açdı. Təsadüfi deyil ki, Silahlı Qüvvələrimizin həyata keçirdiyi hərbi əməliyyatların strategiyası və taktikası tanınmış ekspertlər tərəfindən araşdırılır, dünyanın aparıcı hərbi məktəblərində təhlil və tədris olunur.

Şəhidlərimizin dəfn mərasimləri də ümumxalq izdihamına çevrilirdi. Şəhid  valideynləri və yaxınları nə qədər ağır olsa da, başlarını uca tuturdular.  Onlar və düşmənin raket atəşləri nəticəsində doğmalarını itirən, evi, əmlakı dağıdılan mülki vətəndaşlarımız Ali Baş Komandandan dayanmamağı, qələbəyə doğru irəliləməyi, şəhidlərimizin qisasını döyüş meydanında almağı xahiş edirdilər. Vətən müharibəsində Azərbaycan xalqının həmrəyliyi, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti və ordumuzun gücü sayəsində qazanılmış parlaq Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün deyil, eyni zamanda, tarixi ədalətin və milli ləyaqətin bərpası oldu.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mənəvi diqqəti və qayğısı, xəstəxanalarda, reabilitasiya mərkəzlərində müharibədə xəsarət almış şəxsləri şəxsən ziyarət etmələri Vətən müharibəsi iştirakçılarına olan ali diqqətin təcəssümüdür. Ölkə Prezidentinin sərəncamları ilə müharibə iştirakçıları medallarla təltif edildilər, layiq olduqları statusu qazandılar. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin onlara diqqətinin göstəricisidir. Qazilərə və şəhid ailələrinə xüsusi qayğının göstərilməsi bu gün də dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Ümumilikdə indiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmiş, müharibə əlillərinə 7 mindən çox minik avtomaşını verilmiş və digər sosial yardımlar göstərilmişdir. Bundan sonra da Azərbaycan bir çox istiqamətlərdə olduğu kimi, şəhid ailələrinə və müharibə veteranlarına dövlətin diqqət və qayğısı sahəsində də dünya miqyasında öz modelini ortaya qoyaraq nümunəvi olmağa davam edəcək. Dövlətimizin diqqət və qayğısı bununla məhdudlaşmır, şəhid ailələri və veteranlar işlə təmin olunur, özünüməşğulluq proqramına, ictimai işlərə cəlb edilir, onlara reabilitasiya xidmətləri göstərilir, həmçinin yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir, yeni nəsil protezlərlə təmin edilir. Dünyanın heç bir yerində Azərbaycanda olduğu kimi bu cür sosial layihələrin icrasına diqqət yetirilmir. Bu, dövlətimizin humanist xarakterli siyasi fəaliyyətinin tərkib hissəsidir.  Azərbaycan dövləti üçün İkinci Qarabağ müharibəsinə qədər olduğu kimi, indi də əsas prioritet müharibə iştirakçılarına, ələlxüsus şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq  Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli  “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən, respublikamızda Vətən müharibəsi qəhrəmanları minnətdarlıq hissi ilə anılır, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstərilir. Şəhid ailələrinə, qazilərimizə dövlətin xüsusi diqqət və qayğısı isə cəmiyyətdə olduqca yüksək qiymətləndirilir, Azərbaycan xalqı Vətənin mübariz və qəhrəman övladları ilə fəxr edir. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.

Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti,
xalqımızın mübariz ruhu, sarsılmaz birliyi Azərbaycanı yeni zəfərlərə aparacaq

44 günlük Vətən müharibəsi geridə qalsa da, 8 Noyabr Zəfərindən başlanan yeni qürur tariximiz davam edir.  Azərbaycan müharibə başa çatandan dərhal sonra işğaldan azad olunmuş ərazilərdə abadlıq və quruculuq işlərinə başlayıb. Yeni avtomobil yolları çəkilir, hava limanları tikilir, müasir kənd və qəsəbələr salınır. Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə şəxsən özü nəzarət edir. Mütəmadi olaraq həmin ərazilərə səfərlər edir, görülən işlərin gedişi ilə maraqlanır, yeni infrastruktur layihələrinin təməlini qoyur. Bu, Azərbaycan Prezidentinin işğaldan azad olunan ərazilərimizə nə qədər önəm verdiyinin təzahürüdür. Dövlət başçısının hər dəfə işğaldan azad olunan ərazilərimizə səfərləri xalqımız üçün yeni müjdələrdən xəbər verir. Bu səfərlər zamanı açılışı olan və təməli qoyulan layihələr Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin kompleks miqyasından xəbər verir.

Əminliklə deyə bilərik ki, dövlətimizin gücü, qüdrəti, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti, xalqımızın mübariz ruhu, sarsılmaz birliyi Azərbaycanı yeni zəfərlərə aparacaq. Xalqımız bundan sonra da müzəffər və qurucu xalq kimi öz adını tarixin yaddaşına silinməz izlərlə həkk edəcək, üçrəngli bayrağımız daim ən yüksək zirvələrdə dalğalanacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”